Görkəmli bəstəkar, Xalq artisti, Dövlət mükafatı laureatı, professor Tofiq Quliyevin anadan olmasından 95 il ötür. Bu münasibətlə noyabrın 7-də musiqiçinin Fəxri xiyabandakı məzarı önündə anım mərasimi keçirildi. Dövlət rəsmiləri, tanınmış mədəniyyət və incəsənət xadimləri, ictimaiyyətin nümayəndələri, bəstəkarın ailə məzarına gül-çiçək dəstələri qoyaraq xatirəsini yad etdilər.
   
   Mərasimdə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev görkəmli bəstəkarın Azərbaycan mədəniyyətinin, Azərbaycan mənəviyyatının formalaşmasında son dərəcə böyük xidmətləri olan şəxsiyyətlərdən biri olduğunu vurğuladı: “Tofiq Quliyev bütün varlığı ilə Azərbaycana bağlı bir insan olub. Yaşadığı mənalı ömür yolunda musiqimizin inkişafına, təbliğinə, Azərbaycan bəstəkarlıq məktəbinin dünyada tanınmasına çalışıb. Tofiq Quliyev real həyatda çox sadə insan idi. Gənclərin uğurlarına sevinərdi. O, özündən sonra əbədi yaşayacaq yaradıcılıq ensiklopediyası qoyub getdi. Mahnı janrının inkişafında misilsiz xidmətləri olan görkəmli bəstəkarımız musiqinin uzun ömründə, yaddaşlarda, xalqın və onu sevənlərin qəlbində əbədi yaşayacaq”.
   Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadə, Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti Azər Paşa Nemətov çıxış edərək sənətkarın zəngin yaradıcılığından söz açdılar, xatirələrini bölüşdülər. Qeyd olundu ki, bütün yaradıcılığını milli mədəniyyətimizin inkişafına həsr etmiş Tofiq Quliyev Azərbaycan estrada musiqisinin yaradıcılarındandır. Bəstəkar, pianoçu, dirijor kimi fəaliyyət göstərmiş və bir çox simfonik əsərlərin, kantataların, fortepiano əsərlərinin, sadə, lirik, melodik janrda yüzlərlə mahnının müəllifi Tofiq Quliyevin Azərbaycan kino sənətinin inkişafında da müstəsna xidmətləri olub. Ötən əsrin 40-cı illərindən kino sahəsində çalışmağa başlamış sənətkar 100-ə yaxın filmə musiqi bəstələyib. Görkəmli bəstəkarın mahnıları xarici ölkələrdə də şöhrət tapıb, bu gün də sevilərək dinlənilir.
   Vurğulandı ki, Azərbaycan musiqi sənətinə və mədəniyyətinə parlaq nümunələr bəxş etmiş bəstəkarın zəngin irsi gələcək nəsillər üçün də örnəkdir. Onun xatirəsi hər zaman qəlblərdə ehtiramla anılacaq.
   Tədbirin sonunda bəstəkarın ailə üzvləri adından oğlu - görkəmli kinorejissor, Xalq artisti Eldar Quliyev çıxış edərək atasının xatirəsinə göstərilən ehtirama görə minnətdarlığını bildirdi.
   
   * * *
   Həmin gün Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin təşkilatçılığı ilə Tofiq Quliyev adına 12 saylı uşaq musiqi məktəbində bəstəkarın yubileyinə həsr olunmuş daha bir tədbir keçirildi. Tədbirdə çıxış edən mərkəzin direktor müavini Polad Zeynalov, Əməkdar incəsənət xadimi, kinoşünas Aydın Kazımzadə, Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti Azər Paşa Nemətov və başqaları bəstəkarın həyat və yaradıcılığından söz açdılar.
   Qeyd olundu ki, Tofiq Quliyev konservatoriyada eyni zamanda iki fakültədə - professor İ.S.Aysberqin sinfində fortepiano və professor S.Y.Ştrasserin sinfində dirijorluq sənəti üzrə təhsil alıb. Gələcək bəstəkar polifoniya, harmoniya, musiqi forması dərslərini R.M.Rudolfdan, xalq musiqisinin əsaslarını, muğam sənətinin sirlərini dahi Üzeyir bəydən öyrənib. 1934-35-ci illərdə Tofiq Quliyev Bülbülün rəhbərliyi ilə təşkil olunmuş Elmi-Tədqiqat Musiqi Kabinəsində xalq musiqi nümunələrinin toplanılması və notlaşdırılması sahəsində aparılan tədqiqat işlərində fəal iştirak edib. Bildirildi ki, bəstəkarın yaradıcılığı musiqi mədəniyyətimizin silinməz səhifəsini təşkil edir.
   Sonra məktəbin şagirdləri Nəzrin Babayeva, Əli Quliyev, Şamil Məmmədov, Leyla Fərəcovanın ifasında bəstəkarın “Arzular”, “Gəzinti”, “Gəlmədin”, “Popurri” və s. musiqi nümunələri səsləndi.
   
   Ceyhun







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar