Heydər Əliyev Fondunun təşkilatçılığı ilə gerçəkləşən layihə çərçivəsində növbəti tədbir Fransanın Romorantən-Lantenay şəhərində keçirilib
   
   Xəbər verdiyimiz kimi, Heydər Əliyev Fondunun təşkilatçılığı və Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi ilə bu ölkənin regionlarında milli mədəniyyətimizin təbliği ilə bağlı yeni layihə həyata keçirilir. “Qafqazın mirvarisi Azərbaycanın mədəni dəyərləri” adlı layihəyə oktyabrın 19-da start verilib. Layihə çərçivəsində növbəti tədbir noyabrın 10-da Fransanın Romorantən-Lantenay şəhərində keçirilib.
   
   Romorantən-Lantenaydakı “Piramide” zalında təşkil olunan sərgini açan şəhərin meri, senator Jeanny Lorjo Fransanın bu şəhərində Azərbaycanla bağlı belə mötəbər tədbirin keçirilməsindən məmnunluq ifadə edib. Bir qrup senatorla Azərbaycanda olarkən onlara göstərilən qonaqpərvərliyə görə Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya minnətdarlığını bildirən mer ölkəmizlə bağlı xoş təəssüratlarını bölüşüb. Fransızların qədim tarixə malik ölkənizə maraq göstərdiyini deyən mer Azərbaycanla tanışlıq coğrafiyasının genişlənməsində maraqlı olduqlarını diqqətə çatdırıb.
   O, Azərbaycanın modernləşmə və inkişaf yolunda olduğunu vurğulayaraq ölkəmizdəki dini tolerantlığın dünyaya nümunə olduğunu deyib. Sovetlər birliyinin süqutundan sonra Azərbaycanın çətin anlar yaşadığını xatırladan mer ölkəmizin 20 faiz ərazisinin ermənilər tərəfindən işğal edildiyini, bir milyon azərbaycanlının doğma torpaqlarından zorla çıxarılaraq qaçqın və məcburi köçkün vəziyyətində yaşamağa məcbur edildiyini nəzərə çatdırıb. Azərbaycanın mühüm strateji məkanda, böyük İpək Yolunun üzərində yerləşdiyini bildirən mer tədbirin yerli sakinlərdə Azərbaycanın mədəniyyəti və incəsənəti haqqında dolğun təəssürat yaradacağına ümidvar olduğunu, mədəniyyətin xalqlar arasında körpü saldığını qeyd edib.
   Səfir Elçin Əmirbəyov ölkəmiz barədə xoş sözlərinə görə merə təşəkkür edərək Azərbaycanın Fransa ilə əlaqələrin inkişafında maraqlı olduğunu bildirib. Humanitar çərçivədə xalqlar arasında dostluq əlaqələrinin inkişaf etdirilməsinin vacibliyini vurğulayan səfir Azərbaycanla bağlı sərgi və konsertin Parisdən sonra Reimsdə, Şalon en Şampanda, Niortda, Konyakda və nəhayət, Romorantən-Lantenay şəhərində qeyd edildiyini deyib. Səfir Heydər Əliyev Fondunun təşkilatçılığı ilə gerçəkləşən bu tədbirlərin iki xalqın dostluq əlaqələrinin inkişafına töhfə olduğunu vurğulayıb.
   Romorantən-Lantenay prefektinin müavini Alen Geydan da çıxışında belə tədbirlərin mədəni mübadiləyə zəmin yaratdığını, Qafqazın tarixi və yeraltı sərvətlərlə zəngin ölkəsi Azərbaycan haqqında geniş məlumat əldə etməkdə xüsusi əhəmiyyət daşıdığını bildirib.
   Şəhər sakinləri və qonaqlar ölkəmizin zəngin mədəni irsini əks etdirən eksponatlarla tanış olub, xalça sənətinə, misgərlik və dulusçuluq nümunələrinə xüsusi maraq göstəriblər. Azərbaycanın “Xarı bülbül” instrumental ansamblının və Dövlət Rəqs Ansamblının çıxışları alqışlarla qarşılanıb.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar