Noyabrın 11-dən 15-dək Moldovada keçirilən Azərbaycan Mədəniyyəti Günləri zəngin tədbirlər proqramı ilə yadda qaldı.
   
   Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyevin rəhbərliyi ilə 50 nəfərlik nümayəndə heyətinin iştirak etdiyi tədbirlərin açılışı noyabrın 12-də gerçəkləşmişdi. Həmin gün paytaxt Kişineuda rəsmi nümayəndə heyəti ilə Moldova Respublikasının Mədəniyyət Nazirliyində görüş keçirildi. "Odeon" Mədəniyyət Mərkəzində rejissor Şamil Əliyevin “Çölçü” filminin nümayişi ilə Azərbaycan kinosu günlərinə start verildi. Çexov adına Moldova Dövlət Rus Dram Teatrında Azərbaycan Dövlət Rus Dram Teatrının truppası tərəfindən "Müsyö Jordan və dərviş Məstəli şah" tamaşası nümayiş olundu. Teatrın foyesində "Azərbaycan ənənələrin və müasirliyin qovşağında" adlı foto və turizm sərgisi təqdim edildi.
   
   * * *
   Noyabrın 13-də Kişineu şəhərinin mərkəzində dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin adını daşıyan parkda əsaslı yenidənqurma və bərpadan sonra şairin büstünün açılışı oldu.
   Həmin gün daha bir tədbir Moldovanın Komrat şəhərində (Qaqauz Yeri muxtar ərazisinin inzibati mərkəzi) keçirildi. Əfqan Rəsulov, Ruslan Hüseynov və Elvin Bəşirovdan ibarət caz qrupunun çıxışı böyük maraq doğurdu, tamaşaçıların alqışları ilə qarşılandı.
   Kişineunun "Odeon" Mədəniyyət Mərkəzində isə Moldova sakinləri və burada yaşayan həmvətənlərimiz noyabrın 13-də Eldar Quliyevin “Girov” bədii filminə tamaşa etdilər. Nümayişdən öncə çıxış edən Dövlət Film Fondunun direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev Azərbaycan kinosunun tarixi, iki ölkə kinematoqrafçılarının əlaqələri barədə danışdı. 

   Dahi Nizaminin aforizmlərindən ibarət kitabın təqdimatı
   
   Noyabrın 14-də Moldova Milli Kitabxanasında dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin aforizmlərindən ibarət Azərbaycan, rumın, ingilis və rus dillərində nəşr olunmuş miniatür kitabın təqdimat mərasimi keçirildi. Şairin 870 illiyi münasibətilə Moldova Azərbaycanlıları Konqresinin təşəbbüs və dəstəyi ilə işıq üzü görən nəşrin təqdimatında Azərbaycan nümayəndə heyəti ilə yanaşı, Moldovanın tanınmış ziyalıları, incəsənət xadimləri, şair və yazıçılar, deputatlar, dövlət və hökumət nümayəndələri, səfirlər iştirak edirdilər.
   Moldova Milli Kitabxanasının direktoru Aleksey Rau dahi Nizaminin yaradıcılığından bəhs edərək bildirdi ki, təkrarolunmaz yaradıcılığı ilə bəşər mədəniyyətini, ədəbiyyatını zənginləşdirən Nizami Gəncəvinin əsərləri dünya klassiklərinin əsərləri sırasında şərəfli mövqe tutur. Qeyd olundu ki, Nizami Gəncəvi poeziyası əsrlər boyu o qədər uca zirvədə olmuşdur ki, şairin bir çox misraları zərbi-məsələ çevrilərək insanların şüuruna təsir göstərmiş, özünün əsl xalq təfəkkürü və məntiqi ilə psixologiya, pedaqogika və folklora nüfuz etmişdir.
   Moldovanın mədəniyyət naziri Boris Fokşa, Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, ölkəmizin Moldovadakı səfiri Namiq Əliyev, Moldova Azərbaycanlıları Konqresinin prezidenti Vüqar Novruzov, kitabın rumın dilinə tərcüməçisi, tanınmış yazıçı, Moldova parlamentinin deputatı İon Xadırke və başqaları Nizami dühasından, onun böyüklüyündən söz açaraq nəşrin əhəmiyyətini vurğuladılar.
   Tədbirdə yazıçı İon Xadırkeyə Moldova Azərbaycanlıları Konqresinin xüsusi mükafatı və diplomu təqdim olundu.

   "Müsyö Jordan və dərviş Məstəli şah" alqışlarla qarşılandı
   
   Noyabrın 14-də Azərbaycan Dövlət Rus Dram Teatrının kollektivi "Müsyö Jordan və dərviş Məstəli şah" tamaşası ilə Beltsı şəhərinin tamaşaçıları qarşısında çıxış etdi. Böyük mütəfəkkirin yubileyi münasibətilə hazırlanan ikihissəli səhnə əsəri tamaşaçıların böyük marağına, gurultulu alqışlara səbəb oldu. 

   Caz ustalarımızın möhtəşəm konserti
   
   Həmin gün paytaxt Kişineuda, S. Lunkeviç adına Milli Filarmoniyada Əfqan Rəsulov, Ruslan Hüseynov və Elvin Bəşirovdan ibarət caz qrupunun daha bir konserti oldu. Tədbirin əvvəlində Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq artisti Siyavuş Kərimi çıxış edərək Azərbaycanda caz musiqisinin tarixi, inkişafı, bugünkü vəziyyəti barədə geniş məlumat verdi. Son illər ölkəmizdə musiqinin bu növünə marağın daha da artdığını, istedadlı ifaçılar nəslinin yetişdiyini bildirdi. Bakıda ənənəvi olaraq beynəlxalq caz festivalının keçirildiyini xatırladan S.Kərimi moldovalı seyrçilərin də bu konsertdən zövq alacağına əminliyini bildirdi.
   1000 nəfərə yaxın tamaşaçısı olan səhnədə sənətçilərimizin peşəkar ifası tamaşaçıların gurultulu alqışlar, “bravo” sədaları ilə qarşılandı. Hər musiqi nömrəsindən sonra musiqiçilərimizə gül-çiçək dəstələri təqdim edildi. Tamaşaçıların sürəkli alqışları altında konsertin sonunda ifaçılarımız yenidən səhnəyə qayıdaraq onların arzularına uyğun yeni musiqi ifa etdilər.
   Müvəffəqiyyətlə yekunlaşan konsertdə Moldovanın mədəniyyət naziri Boris Fokşa, Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, ölkəmizin Moldovadakı səfiri Namiq Əliyev, Moldova Azərbaycanlıları Konqresinin prezidenti Vüqar Novruzov, Türkiyə, Ukrayna, Belarus və Yaponiyanın Moldovadakı səfirləri iştirak edirdilər.
   
   * * *
   Noyabrın 14-də Kişineudakı "Odeon" Mədəniyyət Mərkəzində Ülviyə Könülün “Vəkil haradadır?" filmi nümayiş olundu. Bununla da Moldovada Azərbaycan Mədəniyyəti Günləri sona çatdı.
   
   İntiqam Hümbətov,
   Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi,
   Kişineu 







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar