Görkəmli xalçaçı rəssam Lətif Kərimova həsr olunmuş tədbir
   
   Noyabrın 16-da Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyində dünya şöhrətli xalçaçı rəssam, sənətşünas, Xalq rəssamı, SSRİ Dövlət mükafatı laureatı Lətif Kərimovun anadan olmasının 106-cı ildönümü münasibətilə “Silinməz iz” adlı dəyirmi masa keçirildi.
   
   Tədbirdə çıxış edən muzeyin direktoru Röya Tağıyeva görkəmli sənətkarın həyat və fəaliyyətindən, yaradıcılığından söz açdı. Qeyd olundu ki, ustad rəssam yaratdığı əsərlər, sənətə gətirdiyi yeniliklərlə xalça mədəniyyəti tariximizdə dərin iz qoymuşdur.
   Tədbirdə həmçinin bildirildi ki, bu il Lətif Kərimovun adını daşıyan Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin yaranmasının 45 illik yubileyidir. Dünyada ilk xalça muzeyinin Azərbaycanda açılması məhz onun adı ilə bağlıdır. 1967-ci ildə sənətkarın böyük səyi, gərgin zəhməti nəticəsində yaranan və 1972-ci ildən fəaliyyət göstərən muzey bu illər ərzində çoxsaylı uğurlara imza atıb.
   Lətif Kərimovun tələbəsi olmuş Xalq rəssamı Eldar Mikayılzadə müəllimi ilə bağlı xatirələrini tədbir iştirakçıları ilə bölüşdü, onun həyat yolundan söz açdı. Böyük ustad 1906-cı il noyabrın 17-də Şuşada sənətkar ailəsində anadan olub. Anası Telli xanım öz nəfis xalçaları ilə bütün Qarabağda məşhur idi. Beş yaşında ikən xanada qalmış yarımçıq xalıya gizli bir ilmə vuran Lətif bu ilmə ilə də gələcək həyatının bünövrəsini qoyur. Taleyin hökmü ilə bir müddət İranın Məşhəd şəhərində yaşayan Lətif mədrəsə təhsili alır və xalça emalatxanasında işə düzəlir. Burada o, xalçaçılıq sənətinə daha da mükəmməl yiyələnir. Vətənə kamil sənətkar kimi qayıdan Lətif Kərimov burada xalçaçılığın inkişafına müstəsna töhfələr verir.
   Onun ustad əllərinin izləri görünən xalçaları Azərbaycandan uzaqlarda da böyük rəğbət və maraqla qarşılanıb. Rəssamın Firdovsinin 1000 illiyinə həsr etdiyi xalçası 1934-cü ildə Parisdə dünya sərgisində uğurla nümayiş etdirilib.
   Azərbaycan xalçalarının təbliğində əvəzsiz xidmətləri olan Lətif Kərimov Quba, Şirvan, Bakı, Qazax, Gəncə, Qarabağ, Təbriz və Borçalı xalça qruplarına daxil olan 150-dən artıq xovlu və xovsuz xalça məmulatı çeşidlərini yığaraq, onların rəngli reproduksiyasını hazırlayıb. O, təkcə xalçaçılıq sahəsində deyil, dekorativ-tətbiqi sənətin başqa sahələrində də fəaliyyət göstərib.
   Tədbir çərçivəsində təşkil olunan sərgidə sənətkara məxsus şəxsi əşyalar, ikicildlik “Lətif Kərimov fenomeni” adlı kitab, “Şəbi-hicran”, “Ləçək-turunc” xalçaları və sənətkarın əksi təsvir olunmuş portret-xalça nümayiş olundu.
   Qeyd edək ki, Lətif Kərimovun doğum günü münasibətilə muzeydə “Açıq qapı” günü elan olunub. Muzeyə gələn qonaqlar sənətkar haqqında sənədli filmə baxıblar.
   
   Lalə Azəri







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar