Noyabrın 22-də görkəmli teatr və kino xadimi, Prezident təqaüdçüsü, Dövlət mükafatı laureatı, Xalq artisti Yaşar Nuri ilə vida mərasimi keçirildi. Unudulmaz aktyor uzun illər çalışdığı, rəngarəng obrazlar yaratdığı Akademik Milli Dram Teatrının səhnəsində sonuncu dəfə tamaşaçıları qarşısında idi.
   
   Böyük sənətkarı son dəfə alqışlarla səhnədən yola salmaq üçün gələnlərin sayı-hesabı yox idi. Vida mərasimində dövlət və hökumət rəsmiləri, mədəniyyət və incəsənət xadimləri, aktyorun dostları, ailə üzvləri və yaxınları ilə yanaşı, müxtəlif peşə adamları, Yaşar Nuri sənətinin vurğunu olan sadə insanlar iştirak edirdi.
   Sənətkarın cənazəsi önündə Azərbaycan Respublikasının Prezidenti, Mədəniyyət və Turizm Nazirliyi, Teatr Xadimləri İttifaqı, Akademik Milli Dram Teatrı, Opera və Balet Teatrı və s. təşkilatlar, mədəniyyət ocaqları adından düzülmüş əklillər, sadə tamaşaçıların gətirdiyi güllər sevimli aktyora sonsuz sevgi və sayğı payı idi.
   Zalın hüznlü sükutunu aktyorun öz səsi pozdu - 60 illiyinə həsr olunmuş yubiley mərasimində yazılmış lent yazısı səsləndi. Bioqrafiyasından bəzi məqamları tamaşaçılar elə aktyorun öz səsindən eşitdilər: «Səhnə müqəddəs yerdi. Ona barmaqarası baxmaq olmaz. 60 yaşım yaxınlaşanda dedim ki, sənətdən getmək vaxtıdı bəlkə. Amma səhnə gözümün qarşısına gələndə başa düşdüm ki, olmayacaq. Mən düzgün teatrda tərbiyə almışam. Ömrüm boyu paxıllığa yox, həsədə can atmışam. Məni də tanısınlar, mən də sənətdə nələrsə edim deyə...”
   
   “Kimlər gəldi, kimlər getdi bu dünyadan...”
   
   Bu musiqili misralarla tamaşaçılara təsəlli verən də Yaşar Nurinin səsi oldu. «Bura bir daha sizin alqışlarınızı eşitmək üçün gəldim. Heç kim bu dünyadan nəsə aparmır, amma sənətkar aparır. Sənətkar alqış aparır» - bu fikirlər isə onun həm tamaşaçılara, həm də özünə böyük bir təsəllisi kimi səsləndi və alqışlarla qarşılandı.
   Mərasim boyu sevimli aktyorun oynadığı teletamaşalardan səslənən replikalar ümumi hüzn ab-havasında, vida törənində daha da mənalanır, tamaşaçıları kövrəldirdi: «Tufan bizim gözlədiyimizdən də böyük oldu», «Mən səni heç vaxt unutmayacağam», «Mən səni hər vaxt xatırlayacağam» kəlmələri «Sənsiz» tamaşasının çoxumuzun əzbər bildiyi fraqmentlərini göz önündə canlandırırdı...
   Əslində, tamaşaçı yalnız hər jestini, hər atmacasını, hər zümzüməsini sevdiyi aktyorla vidalaşmağın kədərini yox, həm də ömrünün artıq geridə qalan gülüşlü, sevincli, Yaşarlı məqamlarını - xoşbəxt olduğu uşaqlıq, yeniyetməlik, gənclik çağları ilə vidalaşdığının acısını hiss edir. Bu gülüşlü anlar Yaşar Nuri adlı böyük komediya, dram aktyorunun bağışladığı xoşbəxtlikdir. Bu xoşbəxtliyin bitdiyini bilmək acıdır, kədərlidir. Əlbəttə, yenə də güləcəyik, xoşbəxt olacağıq, amma təəssüf ki, bütün bunlar onsuz olacaq, o gülüşün, o xoşbəxtliyin, o ünsiyyətin yerini verməyəcək. Kino lentləri, teletamaşalar ondan bizə qalan ən qiymətli irsdir...
   
   “Onun adı çəkiləndə üzlərə təbəssüm qonurdu...”
   
   Mərasimdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev mərhumun ailəsinə başsağlığı verdi. Xarici səfərdə olan ölkə Prezidentinin başsağlığını da mərhumun ailəsinə və Azərbaycan xalqına çatdırdı. Sənətkarın həyat və yaradıcılıq yolundan söz açan nazir onun teatr və kino sənətimizdəki əvəzsiz xidmətlərindən danışdı: “Yaşar Nuri Azərbaycan teatr və kino sənətinin əvəzolunmaz sənətkarlarından biri idi. Yüksək istedadı, təkrarsız ifa tərzi, mehriban siması ilə əsl xalq məhəbbətini qazanmışdı. Çünki o, həqiqətən də xalqın sənətkarı idi. Minlərin, milyonların sevimlisi idi. Yaşarı hər yerdə tanıyırdılar. Onun adı çəkiləndə üzlərə təbəssüm qonurdu. Yaşar teatrı sonsuz məhəbbətlə sevirdi. O, əsl sənət fədaisi idi. Bütün ömrünü, bütün həyatını sənətə həsr edən fədai. O, bir gün də özünü sənətdən ayrı hesab etmədi. Lakin amansız ölüm istedadlı aktyoru aramızdan apardı. Buna inanmaq çox çətindir. Yaşar haqqında keçmiş zamanda danışmaq olmur.
   Dünya heç kəs üçün əbədi deyil. Bir gün gələn bir gün də getməlidir. Lakin yaxşı ad və unudulmaz gözəl xatirələr insanı hər zaman yaşadır. Necə ki, Yaşarı yaşadacaqdır. Onu tanıyanların və sevənlərin qəlbində. Allah rəhmət eləsin!”
   Çəkdiyi filmlərlə Yaşar Nurinin yaradıcılıq bioqrafiyasına maraqlı qəhrəmanlar qalereyası əlavə edən kinorejissor Vaqif Mustafayev bu ağır itki ilə bağlı üzüntüsünü, kədərini bölüşdü: “Dost itkisi hər zaman ağırdır. Bunu ifadə etmək çətindir. Bizim üçün ikiqat itkidir. Həm görkəmli sənətkar, həm də böyük şəxsiyyət itkisidir. Yaşar Nuri sənəti video, audio yazılarda, disklərdə, kino lentlərində yaşayır. Ona olan böyük sevginin, xatirələrin ən etibarlı daşıyıcısı isə milyonlarla tamaşaçı qəlbidir».
   Yaşar Nuri ilə ən sevimli tamaşalarda tərəf-müqabil olan, sonralar onlarla parlaq obraz yaratsa da, Gülnar kimi yaddaşlarda qalan Xalq artisti Firəngiz Mütəllimova göz yaşlarına boğulan nitqində bu itkinin ona gətirdiyi böyük kədəri ifadə etdi: “O, mənim həyatda sirdaşım idi. Yaşar tək səhnədə deyil, həyatda da mənə dost, dayaq idi. Bu gün mənə çox ağırdır. İndi mən Yaşarla bu səhnədə vida parçamı oynayıram”.
   Xalq artisti Rafiq Əzimov, Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti Azərpaşa Nemətov aktyorun ailəsinə və yaxınlarına başsağlığı verdilər.
   Sonda aktyorun qızı Ülviyyə xanım çıxış edərək vidaya toplaşan hər kəsə, Yaşar Nurini sevənlərə ailələri adından təşəkkür etdi.
   Mərasim iştirakçıları, Milli Dram Teatrının qarşısında, Füzuli meydanında toplaşmış geniş izdiham sənətkarı son mənzilədək müşayiət etdi. Yaşar Nuri II Fəxri xiyabanda torpağa tapşırıldı.
   
   Aliyə







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar