Bu il Azərbaycanla UNESCO arasında əməkdaşlığın qurulmasının 20 ili tamam olur. Bünövrəsi ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycan-UNESCO əlaqələri bu gün öz dinamik inkişaf dövrünü yaşayır. Yubiley münasibətilə Mədəniyyət və Turizm Nazirliyinin və UNESCO üzrə Azərbaycan Milli Komissiyasının birgə təşkilatçılığı ilə noyabrın 22-də Beynəlxalq Muğam Mərkəzində “Azərbaycan-UNESCO mədəni əməkdaşlıq: 20 il” mövzusunda mərasim keçirildi.
   Tədbir iştirakçıları, xarici qonaqlar öncə Fəxri xiyabana gələrək, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad etdilər. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üstünə gül dəstələri düzüldü. Sonra mərasim iştirakçıları Şəhidlər xiyabanında qəhrəman Vətən övladlarının məzarlarını ziyarət etdilər, “Əbədi məşəl” abidəsinin önünə gül dəstələri qoydular.
   * * *
   \\\"Azərbaycan-UNESCO mədəni əməkdaşlıq: 20 il\\\" tədbirinin iştirakçıları Beynəlxalq Muğam Mərkəzində ölkəmizin mədəni irsini əks etdirən sərgi ilə tanış oldular.
   Tədbir Azərbaycan-UNESCO əlaqələrinə həsr olunmuş video təqdimatla başlandı. Mərasimdə UNESCO-nun milli komissiyalar və vətəndaş cəmiyyəti şöbəsinin direktoru Genc Seit, təşkilatın Moskva Ofisinin nümayəndəsi Alla Ampar, UNESCO üzrə Gürcüstan, Özbəkistan, Belarus və Moldova milli komissiyalarının nümayəndələri, Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri iştirakı edirdi.
   Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev qonaqları salamlayaraq və tədbiri Azərbaycan-UNESCO əlaqələrinin uğurlu inkişafının göstəricisi kimi qiymətləndirdi: “Son illər Azərbaycanda mədəniyyət, elm, təhsil, incəsənət və digər humanitar sahələrdə görülən işlər həm də UNESCO ilə fəal əməkdaşlığın nəticəsidir. Bu gün 20 illik yolu təhlil edərək bunu qətiyyətlə demək olar ki, Azərbaycan qurumla həqiqətən yüksək səviyyədə əməkdaşlığa nail olub”.
   “Nümayiş olunan video təqdimatda mədəniyyətlə bağlı anları yenidən yaşadıq”,- deyən nazir, bu layihələrin həyata keçirilməsinin əsas təşkilatçısı və təşəbbüskarının Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva olduğunu vurğuladı: “Mən bütün mədəniyyət ictimaiyyəti adından Mehriban xanım Əliyevaya minnətdarlığımızı və təşəkkürümüzü bildirməyi özümüzə borc bilirəm».
   Nazir bildirdi ki, UNESCO və digər beynəlxalq təşkilatlarla əməkdaşlıq zəminində Azərbaycanda çoxsaylı beynəlxalq tədbirlər keçirilməkdədir: «Fəxr edirik ki, Bakıda gələn il keçiriləcək növbəti Dünya Mədəniyyətlərarası Dialoq Forumunun işində bizə beş beynəlxalq qurum dəstək verməkdədir. Onu da qeyd etmək istərdim ki, məhz UNESCO bizə dəstək verən təşkilatların birincisi və ən fəalıdır. Azərbaycan muğamı, xalça sənəti, aşıq sənəti, İçərişəhər, Qız qalası, Şirvanşahlar sarayı, Qobustan UNESCO-nun mədəni irs siyahısına daxil edilib və bu iş davam edəcək. Çünki Azərbaycan xalqının yaratdığı zəngin incəsənət nümunələri həqiqətən bəşəriyyətin inciləri olmağa layiqdir. Biz öz tariximiz, mədəniyyətimiz, təhsilimizlə fəxr edirik. Böyük ədiblərimizin yubileyini UNESCO-nun qərargahında keçiririk. Bir sözlə, Azərbaycan mədəniyyəti UNESCO-da özünə layiqli yer tutmuşdur”.
   Azərbaycanın UNESCO üzrə Milli Komissiyasının birinci katibi Günay Əfəndiyeva çıxışında bildirdi ki, təşkilatın əsas fəaliyyət sütunlarından biri mədəniyyətdir və bu illər ərzində Azərbaycan müxtəlif layihələrə imza atıb. Mötəbər forumlara, müxtəlif festivallara, tədbirlərə ev sahibliyi edib. UNESCO bu tədbirlərin əksəriyyətində əsas tərəfdaş kimi iştirak edib. Bu, əlbəttə ki, ölkəmizə olan münasibətdir: “Azərbaycan-UNESCO əlaqələrindən danışanda Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın müstəsna xidmətlərini qeyd etməliyik. Azərbaycan mədəni irsinin dünyaya çatdırılması bu fəaliyyətin mühüm bir hissəsidir”.
   G.Əfəndiyeva çıxışında işğal altında olan abidələrimizdən də söz açdı: “Ermənistanın işğalı altında olan ərazilərimizdə minlərlə mədəni, tarixi, dini abidələr, əlyazmalar dağıdılıb, yandırılıb. Dünya birliyini bu məsələdə bizə dəstək olmağa çağırıram”.
   UNESCO-nun milli komissiyalar və vətəndaş cəmiyyəti şöbəsinin direktoru Genc Seiti də Azərbaycanın təşkilatla əməkdaşlığını yüksək qiymətləndirdi: «Azərbaycan beynəlxalq səviyyədə UNESCO-ya dəstək nümayiş etdirir, konvensiyalara qoşulur. Azərbaycanın göstərdiyi mədəni dəstək bizim üçün çox önəmlidir. Sevinirik ki, Prezident İlham Əliyev bu əlaqələrə dəstək verir”.
   UNESCO-nun Mərkəzi Asiya Beynəlxalq Tədqiqatlar İnstitutunun direktoru Şahin Mustafayev, Özbəkistan, Belarus və Moldovanın UNESCO üzrə milli komissiyalarının nümayəndələri də çıxışlarında Azərbaycanın qurumla əlaqələrini yüksək qiymətləndirdilər.
   Əzim Əzimzadə adına İncəsənət Kollecinin birinci kurs tələbəsi Ceyhun Əhmədzadə Kaqanavada (Yaponiya) keçirilən Dünya Uşaqlarının VI İncəsənət Sərgisində xüsusi mükafata layiq görüldüyü üçün təltif edildi.
   Sonra tədbir bəşəriyyətin mədəni irs siyahısına daxil edilən Azərbaycan muğamı və aşıq musiqisindən ibarət konsert proqramı ilə davam etdi.
   
   Mehparə 






Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar