Mirzə Fətəli Axundzadənin 200 illik yubileyi təntənəli şəkildə qeyd olundu
   
   Noyabrın 27-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında görkəmli maarifçi və ictimai xadim, milli dramaturgiyamızın banisi Mirzə Fətəli Axundzadənin 200 illik yubileyinə həsr olunmuş təntənəli tədbir keçirildi. Teatrın foyesində dramaturqun kitablarından, onun həyat və yaradıcılığına həsr olunmuş nəşrlərdən, müxtəlif vaxtlarda tamaşaya qoyulmuş komediyalarına çəkilmiş fotoşəkillərdən ibarət sərgi təşkil olunmuşdu.
   
   Dövlət və hökumət rəsmilərinin, elm, mədəniyyət və incəsənət xadimlərinin iştirak etdikləri mərasimdə Baş nazirin müavini, Xalq yazıçısı Elçin Əfəndiyev görkəmli ədibin həyat və yaradıcılığı haqqında məruzə ilə çıxış etdi. Qeyd olundu ki, Mirzə Fətəli öz yaradıcılığı ilə Azərbaycan ədəbiyyatı və ictimai fikir tarixində yeni mərhələ açmaqla yanaşı, bütövlükdə Şərq ədəbiyyatının inkişafına böyük təsir göstərib: “Hər bir xalqın tarixində elə nadir şəxsiyyətlər vardır ki, onların bədii estetik, ictimai-fəlsəfi özünüifadələri əslində məxsus olduqları xalqın mənəvi tarixində epoxal səciyyə daşıyan bir yüksəklikdir. Mirzə Fətəli Axundzadə ədəbiyyatımızda, ictimai fikrimizdə, təfəkkürümüzdə yeni bir mərhələ yaradıb. Böyük mənada götürsək, dünya mədəniyyəti tarixində öz dövrü, milliyyəti kontekstində mənsub olduqları xalqların böyük-kiçikliyindən asılı olmayaraq, Dante və Servantes, Sofokl və Evripid, Şekspir və Şiller, Vaqif və Füzuli, Dostoyevski nə iş görübsə, Mirzə Fətəli də o işi görüb. Bu müqayisə deyil. Söhbət onun xalqın mənəvi taleyindəki rolundan gedir”.
   Diqqətə çatdırıldı ki, 1982-ci ildə böyük dramaturqun 170 illik yubileyi ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə geniş qeyd edilib. Prezident İlham Əliyevin 2010-cu il 13 aprel tarixli sərəncamına uyğun olaraq M.F.Axundzadənin 200 illik yubileyi ilə əlaqədar ölkəmizdə silsilə tədbirlər keçirilib. Görkəmli ədibin yubileyi böyük mədəniyyət bayramına çevrilib. 2012-ci il TÜRKSOY tərəfindən “Mirzə Fətəli Axundzadə ili” elan olunub, ədibin xatirəsi bütün türk dünyasında yad edilib.
   Natiq ədibin komediyalarındakı qəhrəmanları təhlil edərək onların ədəbiyyatımızda sonrakı qəhrəmanların sələfləri olduqlarını söylədi. Böyük maarifpərvərin mübarizə apardığı cəmiyyətdə nə qədər çətinliklərlə, əzablarla üzləşdiyindən söz açdı, onun məktublarından sitatlar gətirdi. Vurğulandı ki, mütəfəkkirin yaratdığı mənəvi sərvət Azərbaycan xalqının bədii, estetik, ictimai, fəlsəfi keçmişi ilə gələcəyi arasında bir körpü rolunu oynayıb: “Azərbaycan ədəbi tənqidinin tarixi onun adı ilə bağlıdır. Onun şəxsiyyətini, yaradıcılığını, fəaliyyətini bir sözlə ifadə etməli olsaydım, deyərdim: Vətənpərvərlik! Mirzə Fətəli Axundzadə məktublarında yazırdı ki, bizim bütün səylərimizin faydası xalqa aiddir. Bu sözlər Azərbaycanın ədəbi ictimai fikir tarixində əməli baxımdan öz təsdiqini tapmışdı. Əbdürrəhim bəy Haqverdiyevin Mirzə Fətəli haqqında dediyi sözü xatırlayıram: Mirzə Fətəlinin imtiyazlar, xaç, orden və medallarla bəzənmiş pencəyinin altında xalq üçün alışmaqda olan bir ürək döyünməkdədir”.
   Xalq yazıçısının çıxışından sonra tədbirin bədii hissəsi təqdim olundu. Mirzə Fətəlinin obrazını Xalq artisti Nurəddin Mehdixanlı canlandırdı. Böyük dramaturq səhnədə öz uca zirvəsində əyləşərək yaratdığı komediya personajlarına nəzər yetirirdi. Aşağıda, səhnədəsə müxtəlif teatrların Axundzadənin komediyaları əsasında hazırladıqları tamaşalardan parçalar oynanıldı. Komediyalardan parçalar - «Lənkəran xanının vəziri» (Akademik Milli Dram Teatrı), «Hekayəti-xırs-quldurbasan» (Gənc Tamaşaçılar Teatrı), «Müsyö Jordan və dərviş Məstəli şah» (Rus Dram Teatrı), «Kimyagər» (Musiqili Komediya Teatrı) və s. alqışlarla qarşılandı. Bir-birini əvəzləyən personajlar səhnədən getmədi, hər kəs Hatəmxan ağanın evindəki qonaqlığa yığışdı, beləliklə, Mirzə Fətəlinin bütün qəhrəmanları onun başına cəm oldular və bir illüstrativ görüntü olaraq onun dövrünü, dünyasını, yaradıcılığını göstərdilər.
   Mirzə Fətəli Axundzadə kamillik yolunda insanın vəzifələrini sadaladı - bu yeddi vəzifəni bir cümlə ilə ifadə etdi - «Kamillik yolunda insan xeyir işlər görməklə elmə və savada yiyələnib, qazandığı elmi, irfanı ətrafdakılara yayıb zülmə və haqsızlığa qarşı mübarizə aparmaqla ətrafdakıların da haqqını müdafiə etməlidir».
   Böyük ədib mədəniyyətin bəşəriyyəti səadətə aparan qüvvə olduğunu deyirdi: “Mən mədəniyyəti sevən hər kəsin tərəfdarıyam. Mənim insan düşmənini görən gözüm yoxdur, mən sivilizasiyanın yolunu kəsən, ona mane olan hər kəsə nifrət edirəm”. Bu sözlər dünən olduğu kimi, bu gün də aktualdır.
   
   Aliyə 







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar