Məhsəti Gəncəvi - 900
   
      
   Noyabrın 27-də AMEA Humanitar və İctimai Elmlər Bölməsinin təşkilatçılığı ilə Azərbaycan intibahının parlaq nümayəndəsi, görkəmli şairə Məhsəti Gəncəvinin 900 illiyinə həsr olunmuş elmi konfrans keçirildi.
   
   Tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik Mahmud Kərimov Məhsəti Gəncəvinin milli poeziyamızda, ədəbiyyat tariximizdə yeri, zəngin yaradıcılığı barədə danışdı. Qeyd olundu ki, qədim mədəniyyət mərkəzi Gəncədə dünyaya gələn sənətkar öz əsərləri ilə dünya ədəbiyyatı xəzinəsini zənginləşdirib. Onun 200-dən artıq rübaisi klassik ədəbiyyat nümunələridir: “Məhsəti Gəncəvi eşq şairidir, gözəllik şairidir. O, hələ orta əsrlərdə Şərq dünyasının diqqətini cəlb edib. Rübai yazmaq estafetini Ömər Xəyyamdan qəbul edən Məhsəti Gəncəvi öz rübai məktəbini yaradıb. Onun rübailəri həm poetik təsvirlər, həm də məzmun və məna baxımından daha zəngindir. Bu məktəbin qüdrətidir ki, zaman onun rübailərini əsrlər boyu qoruyaraq bu günə çatdırıb”.
   Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev qədim torpağın yetişdirdiyi şəxsiyyətlərdən söz açdı. Qeyd olundu ki, ölkə rəhbərliyi tərəfindən görkəmli ədib və mütəfəkkirlərin adlarının əbədiləşdirilməsi, onların zəngin irsinin təbliği və dünya miqyasında tanıdılması istiqamətində məqsədyönlü işlər görülür. Dahi Nizami Gəncəvinin 870, Məhsəti Gəncəvinin 900 illik və digər görkəmli şəxsiyyətlərin yubileylərinin geniş qeyd olunması buna bariz sübutdur. Məhsəti Gəncəvinin 900 illiyinin UNESCO çərçivəsində qeyd edilməsi isə bu istiqamətdə aparılan siyasətin nəticəsidir. Elmar Vəliyev yubiley tədbirləri çərçivəsində müvafiq təşkilatlarla birgə görüləcək işlərdən danışdı.
   AMEA-nın müxbir üzvü, Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru Rafael Hüseynov Azərbaycan mədəniyyətinin, elminin, ədəbiyyatının inkişafında mühüm xidmətləri olan insanların irsinin dünyada təbliği istiqamətində müxtəlif layihələrin həyata keçirildiyini vurğuladı: “Əlbəttə ki, bütün bunlar təsadüfi deyil. Biz öz irsimizi, tarixi şəxsiyyətlərimizi layiqincə təbliğ etməliyik. Çünki zaman bizdən bunu tələb edir. Məhsəti Gəncəvi dünya səviyyəsində qəbul edilən Azərbaycan şairidir. Rübai janrında şeirlər yazan Ömər Xəyyamı Şərqdə, bütün dünyada daha çox alim, mütəfəkkir kimi tanıyıb. Ancaq Məhsəti Gəncəvi peşəkar şair olub. XII əsrdə onun yaradıcılığı bütün dünyada tanınıb. O, müxtəlif ölkələrə səfər edib, ədəbi məclislərdə fəal iştirak edib. Biz elmi məqamlara söykənsək orta əsrlərdə Şərqdə kişi ədəbi məclislərinin mövcud olduğunu, qadın məclislərinə isə çox az rast gəlindiyini görərik. Qadınların ictimai həyatda fəaliyyətini zəruri hesab edən Məhsəti Gəncəvi qadın ədəbi məclisləri təşkil edərdi. Onun əsərlərində qadın zərifliyi, qadın ruhu açıq-aydın hiss olunur. O, farsdilli şeir üçün də yeniliklər gətirib. Əsrlər keçməsinə baxmayaraq, Məhsəti Gəncəvi şeirləri ilə bu gün də insanlara yüksək zövq aşılayır”.
   Daha sonra plenar iclasda AMEA-nın müxbir üzvü, Ədəbiyyat İnstitutunun direktor əvəzi, professor Teymur Kərimli “Məhsəti Gəncəvi XII əsr Azərbaycan poeziya məktəbinin görkəmli nümayəndəsi kimi”, fəlsəfə üzrə elmlər doktoru Zümrüd Quluzadə “Məhsəti Gəncəvi Azərbaycan intibahının hadisəsi kimi”, AMEA Nizami Gəncəvi Mərkəzinin direktoru, filologiya üzrə elmlər doktoru Xəlil Yusifli “Məhsəti Gəncəvi irsinin xarici ədəbiyyatşünaslıqda öyrənilməsi”, Əlyazmalar İnstitutunun şöbə müdiri, filologiya üzrə elmlər doktoru Möhsün Nağısoylu “Məhsəti Gəncəvinin ədəbi irsi əlyazmalarda” mövzularında məruzələrlə çıxış etdilər. Konfrans işini bölmə iclaslarında davam etdirdi.
   
   C.Zərbəliyev







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar