İstedadlı və yaradıcı gənclərin II Respublika toplantısı
   
   Noyabrın 26-da “JW Marriott Absheron” hotelində Gənclər və İdman Nazirliyinin təşkilatçılığı, Mədəniyyət və Turizm, Təhsil nazirliklərinin və Azərbaycan Milli Elmlər Akademiyasının dəstəyi ilə istedadlı və yaradıcı gənclərin II Respublika toplantısı işə başlayıb.
   
   Prezident İlham Əliyevin 2011-ci il 7 iyul tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı çərçivəsində keçirilən tədbirin açılış mərasimində hökumət rəsmiləri, Milli Məclisin deputatları, mədəniyyət xadimləri, yaradıcılıq ittifaqlarının və ictimai birliklərin nümayəndələri, yaradıcı gənclər iştirak ediblər.
   Mərasimdə bildirilib ki, toplantının məqsədi istedadlı gənclərin yaradıcılıq imkanlarını və nailiyyətlərini nümayiş etdirmək, bu sahədə aktual problemləri və inkişaf istiqamətlərini birgə müzakirə etməkdir. Toplantı çərçivəsində noyabrın 27-dən 30-dək təsviri və dekorativ-tətbiqi sənət, foto, moda, kino, teatr və ədəbiyyat, musiqi və rəqs, intellektual inkişaf, təhsil, elm, eləcə də jurnalistika istiqamətləri üzrə iclaslar nəzərdə tutulub.
   Forum çərçivəsində gənclərimizə ustad dərsləri keçmək üçün sənət dünyasının tanınmış simaları da dəvət olunub. Onların sırasında Türkiyə aktrisası Türkan Şoray, italiyalı müğənni Robertino Loretti, iranlı kinorejissor Abbas Kiorastamı kimi dünya şöhrətli sənətkarlar, eləcə də müasir foto, moda, rəqs və s. sahələrdə İlya Raşap, Andre Tan və Anjela Karasyova kimi tanınmış insanlar var. Bundan əlavə, toplantı günlərində müxtəlif sahələr üzrə Azərbaycanın ədəbiyyat və incəsənət xadimlərinin də ustad dərsləri təşkil ediləcək.
   Qeyd olundu ki, toplantı çərçivəsində müxtəlif yaradıcılıq istiqamətləri üzrə gənclərin iştirakı ilə bir sıra layihə və tədbirlər də keçiriləcək.
   Tədbirdə gəncləri təbrik edən və onlara yaradıcılıq uğurları arzulayan Azərbaycan Respublikası Baş nazirinin müavini Elçin Əfəndiyev toplantını tarixi hadisə kimi qiymətləndirib: “İllər keçəndən sonra sizin tərcümeyi-halınız öyrəniləndə bugünkü toplantının iştirakçısı kimi xatırlanacaqsınız”.
   Sovetlər dövründə, ötən əsrin 60-cı illərində Zuğulbada gənclərin yaradıcılıq evinin fəaliyyət göstərdiyini xatırladan E.Əfəndiyev deyib ki, hazırda tanınmış bir çox ədəbiyyat və sənət adamları orada iştirak ediblər. Baş nazirin müavini vurğulayıb ki, bu gün müstəqil Azərbaycan gənclərinin yaradıcılıq uğurları dövlətimizin uğuru deməkdir.
   Toplantının Azərbaycan cəmiyyəti üçün əhəmiyyətini qeyd edən gənclər və idman naziri Azad Rəhimov yüksək mədəniyyəti olan xalqın həmişə irəli gedəcəyini deyib. Nazir bildirib ki, insan resursları ilə zəngin olan Azərbaycanda 20 il ərzində yaradıcı gənclər üçün dövlət səviyyəsində müxtəlif tədbirlər həyata keçirilib. Son illərdə istedadlı gənclərin mütəmadi olaraq xarici ölkələrə göndərildiyi, onların əsərlərinin çap olunduğu, sərgilərinin açıldığı, xüsusi seçilən gənclərə Prezident təqaüdünün verildiyi diqqətə çatdırılıb.
   Azərbaycanda uğurla aparılan gənclər siyasətindən bəhs edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoş məramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü ilə xarici ölkələrdə Azərbaycan mədəniyyətinin təqdimatında yaradıcı gənclər böyük rol oynayırlar. Nazir qeyd edib ki, ölkəmizdə hazırda mədəniyyətin müxtəlif sahələrində təhsil alan 70 min gənc dövlət qayğısı ilə əhatə olunub. 70-dək yaradıcı gəncin adı Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na daxil edilib. Vurğulanıb ki, istedadlı və yaradıcı gənclərin II Respublika toplantısı Azərbaycan dövlətinin gənclərə qayğısının bariz nümunəsidir.
   Türkiyənin əfsanəvi sənətçisi Türkan Şoray və məşhur italyan musiqiçisi Robertino Loretti öz yaradıcılıqlarından söhbət açaraq sənətə həsr olunmuş belə bir forumun təşkilinə görə Azərbaycan dövlətinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar