Mədəniyyət və Turizm Nazirliyində dost ölkənin nümayəndə heyəti ilə görüş keçirildi
   
   Azərbaycan Respublikası ilə Küveyt Dövləti arasında mədəni münasibətlərin inkişafı, hər iki ölkənin mədəniyyət və incəsənət xadimləri arasında əlaqələrin yaradılması, fikir və təcrübə mübadilələrinin aparılması məqsədilə ölkəmizdə Küveyt Mədəniyyəti Günləri keçirilir. Bu münasibətlə Küveyt Dövlətinin Mədəniyyət, İncəsənət və Ədəbiyyat Milli Şurasının baş katibi Əli Hüseyn Əl-Yuhanın rəhbərlik etdiyi nümayəndə heyəti Bakıya gəlib. Noyabrın 29-da Mədəniyyət və Turizm Nazirliyində Küveyt nümayəndə heyəti ilə görüş keçirildi.
   
   Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev Küveytin Mədəniyyət, İncəsənət və Ədəbiyyat Milli Şurasının baş katibi Əli Hüseyn Əl-Yuhanın başçılıq etdiyi nümayəndə heyətini salamlayaraq qarşılıqlı mədəniyyət günlərinin ölkələrarası əlaqələrin inkişafında mühüm rolu olduğunu vurğuladı: “Biz sevinirik ki, əlaqələrimiz və əməkdaşlığımız günü-gündən inkişaf edir. Bundan əvvəl Küveytdə Azərbaycan Mədəniyyəti Həftəsi keçirildi və həmin tədbir xoş xatirələrlə yadda qaldı. Biz də öz növbəmizdə sizi məmnuniyyətlə gözləyirdik. Şadam ki, artıq Bakıda görüşürük”.
   Nazir müavini qeyd etdi ki, iki ölkə arasında mədəni əlaqələrin inkişafına dair saziş hazırlanır. Sənəd yaradıcı təşkilatların fəaliyyəti, kino, teatr və təsviri sənətin inkişafı, qastrollar, kitabxana və muzey işi, poliqrafiya sahələrində təcrübə mübadiləsini tənzimləməyə imkan verəcək.
   Nazir müavini Küveyt nümayəndə heyətinə ölkəmizdə mədəniyyətin inkişafı, Mədəniyyət və Turizm Nazirliyinin fəaliyyəti haqqında məlumat verdi. Bildirdi ki, mədəniyyət və incəsənətin müxtəlif sahələri - teatr, kinematoqrafiya, kitab, poliqrafiya, musiqi və digər sahələr üzrə mühüm işlər görülür: “Mədəniyyət sahəsi Azərbaycan Prezidenti İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın diqqət və qayğısı ilə əhatə olunub. Mədəni irsimizin dünyada təbliği ilə bağlı layihələr həyata keçirilir. Azərbaycan mədəniyyətinə beynəlxalq təşkilatlar da böyük maraq göstərir. İnanırıq ki, Azərbaycan Küveytlə də mədəniyyətin bir çox istiqamətləri üzrə birgə layihələr həyata keçirərək əməkdaşlıq edə bilər. Küveyt Mədəniyyəti Günləri də bu işə öz töhfəsini verəcək”.
   Qonaqların diqqətinə çatdırıldı ki, ölkəmizdə “Mədəniyyət haqqında”, “Teatr haqqında”, “Kinematoqrafiya haqqında” və s. qanunlar qəbul edilib, mədəniyyətin ayrı-ayrı sahələrinin inkişafına dair Dövlət Proqramları hazırlanaraq icra olunur. Tanınmış mədəniyyət xadimlərinin yubileylərinin keçirilməsinə xüsusi diqqət yetirilir. Bu günlər bir neçə yubiley - dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 870, Azərbaycan dramaturgiyasının banisi Mirzə Fətəli Axundzadənin 200, böyük Azərbaycan bəstəkarı Fikrət Əmirovun 90 illiyi geniş qeyd olunur.
   Azərbaycan son vaxtlar ən nüfuzlu beynəlxalq mədəniyyət tədbirlərinə ev sahibliyi edir: “Bu ilin mayında Bakıda “Eurovision-2012” mahnı müsabiqəsi keçirildi. Bakıda beynəlxalq muğam festivalı, Qəbələdə ənənəvi olaraq Beynəlxalq Musiqi Festivalı keçirilir. Bu il ölkəmizdə ikinci dəfə Beynəlxalq Teatr Konfransı keçirildi. Ötən il Bakı Beynəlxalq Kukla Teatrları Festivalına ev sahibliyi edib”.
   Səmimi qəbula görə minnətdarlığını bildirən Küveytin Mədəniyyət, İncəsənət və Ədəbiyyat Milli Şurasının baş katibi Əli Hüseyn Əl-Yuha Azərbaycana səfər proqramı barədə məlumat verdi. Bildirdi ki, nümayəndə heyəti səfər çərçivəsində ölkəmizlə, mədəniyyətimizin ayrı-ayrı sahələri ilə tanış olacaq. Qonaq qeyd etdi ki, mədəniyyət günlərinin sonunda ikitərəfli sazişin imzalanması da mədəni əməkdaşlığın sonrakı inkişafına əlavə stimul yaradacaq.
   Azərbaycanın Küveytdəki səfiri Tural Rzayev iki ölkə arasında mədəni əlaqələrdən söz açaraq bildirdi ki, bu münasibətlər mədəniyyət tədbirləri vasitəsilə daha da genişlənir: «Qarşılıqlı tədbirlər vasitəsilə xalqlar bir-birinin mədəniyyəti ilə daha yaxından tanış olur, təsəvvürlər daha da genişlənir. Əlbəttə, bütün bunlar ölkələrimiz arasında mədəniyyət əlaqələrinin daha da intensiv şəkil almasına yardım edir».
   Sonda Küveyt nümayəndə heyəti Azərbaycan tərəfinə xatirə hədiyyələri təqdim etdi.
   Qeyd edək ki, Azərbaycanda Küveyt Mədəniyyəti Günləri dekabr ayının 2-dək davam edəcək. Noyabrın 29-da Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında fotosərgi, Yazıçılar Birliyində Küveytin hakim Əl-Sabah ailəsinin tanınmış nümayəndəsi, ictimai xadim Şeyxə Suad Məhəmməd əs-Sabahın Bakıda nəşr edilmiş kitabının təqdimatı oldu. Mədəniyyət günləri çərçivəsində iki ölkənin rəssamları, yazıçıları və şairləri, musiqi və kino xadimləri arasında görüşlər nəzərdə tutulub.
   
   Mehparə 






Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar