Noyabrın 29-da Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin təşkilatçılığı ilə “Park İnn” hotelində Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, istiqlal carçısı Əhməd Cavadın 120 illik yubileyinə həsr olunmuş dəyirmi masa keçirildi.
   
   “Əhməd Cavad - istiqlal şairi” mövzusunda tədbiri Elmi-Metodiki Mərkəzin direktoru, fəlsəfə elmləri doktoru Vilayət İsmayılov açaraq ədibin yaradıcılığından danışdı. Qeyd olundu ki, şair bütün varlığı ilə xalqına, millətinə, türkçülüyə bağlı olub. Onun əsərləri bu gün də sevilərək oxunur. Əhməd Cavadın yaradıcılığının, ədəbi irsinin təbliğinə həmişə ehtiyac var. O, həmişə vətənin azadlığını düşünüb, bu amalla yazıb-yaradıb. Əqidəsini heç zaman dəyişməyib: “Xalqımızın müstəqillik ideallarına bütün həyatı boyu sadiq qalan Əhməd Cavad Azərbaycan poeziyasında yeni bir səhifə açıb. Onun milli azadlıq və istiqlal uğrunda mübarizə motivləri ilə zəngin yaradıcılığı dövrün ictimai-siyasi mənzərəsini dolğun əks etdirir”.
   Natiq ölkə başçısının 9 fevral 2012-ci il tarixli sərəncamına əsasən, görkəmli ədibin 120 illiyinin geniş şəkildə qeyd olunduğunu, yubileylə bağlı silsilə tədbirlərin keçirildiyini nəzərə çatdırdı.
   “Azərbaycan” qəzetinin əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru Rəhman Salmanlı “Əhməd Cavadın həyatı və yaradıcılığı”, Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru, filologiya elmləri doktoru Təyyar Salamoğlu “Əhməd Cavad yaradıcılığının dövrləşdirilməsi və mərhələ təsnifatı” mövzularında məruzə etdilər.
   Əhməd Cavad (Cavad Məhəmmədəli oğlu Axundzadə) 1892-ci il mayın 5-də Gəncə qəzasının Şəmkir dairəsinin Seyfəli kəndində anadan olub. Yaradıcılığa lirik şeirlə başlayan şairin 1916-cı ildə "Qoşma" adlı ilk kitabı çapdan çıxıb. 1919-cu ildə isə "Dalğa" adlı kitabı nəşr olunub. Şair Azərbaycanın Dövlət himninin (“Azərbaycan marşı”, 1918) sözlərinin müəllifidir. Əhməd Cavad həmçinin ədəbiyyatşünas və dilçi alim kimi tanınıb, "Türk dilinin morfologiyası və sintaksisi" kitabının müəllifidir. V.Şekspirin «Otello», «Romeo və Cülyetta» pyeslərini, Ş.Rustavelinin «Pələng dərisi geymiş pəhləvan» poemasını dilimizə çevirib. Onun məşhur "İstiqlal uğrunda şeirlər" kitabı 1928-ci ildə İstanbulda nəşr olunub. Şair antisovet fəaliyyətində ittiham olunaraq 1937-ci ildə güllələnib.
   
   Ceyhun







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar