Forumun kino, teatr, ədəbiyyat istiqamətləri üzrə plenar iclası maraqlı müzakirələrlə yadda qaldı
   
   Xəbər verdiyimiz kimi, Bakıda Gənclər və İdman Nazirliyinin təşkilatçılığı, Mədəniyyət və Turizm, Təhsil nazirliklərinin və Azərbaycan Milli Elmlər Akademiyasının dəstəyi ilə istedadlı və yaradıcı gənclərin II Respublika toplantısı keçirilir. Noyabrın 28-də “JW Marriott Absheron” hotelində forumun kino, teatr, ədəbiyyat istiqamətləri üzrə plenar iclası oldu.
   
   “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin mətbuat katibi Rahib Azərinin moderatoluğu ilə keçirilən iclasda mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti Azərpaşa Nemətov, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Şəfiqə Məmmədova, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin prorektoru Rafiq Sadıqov, Azərbaycan Yazıçılar Birliyinin gənclərlə iş üzrə katibi Rəşad Məcid, tanınmış aktyor və teleaparıcı Murad Dadaşov mövzu ilə bağlı çıxış edərək iştirakçıları maraqlandıran sualları cavablandırdılar.
   
   Mədəniyyətin təbliğində gənclərə böyük etimad göstərilir
   
   Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev yaradıcı gənclərin respublika toplantısının əhəmiyyətini qeyd etdi. Ölkəmizdə mədəniyyət və incəsənətin bütün sahələrinin inkişafına dövlət qayğısı göstərildiyini vurğulayan nazir müavini bu xüsusda gənclərə də geniş meydan verildiyini dedi: “Biz müstəqilliyimizin 20 ili ərzində təxminən 70-ə qədər ölkədə mədəniyyət günləri, mədəniyyət həftələri və buna bərabər tədbirlər keçirmişik. Bu tədbirlərdə gənclər də fəal iştirak edirlər. Onlara böyük etimad göstərilir”.
   Teatr sənətinin inkişafından danışan Ədalət Vəliyev dövlət tərəfindən bu sahəyə böyük qayğı göstərildiyini bildirdi: “Bu baxımdan Azərbaycan dünyanın bir çox ölkələrinə nümunə ola bilər. Son 5 ildə teatr sənəti ilə bağlı iki mühüm sənəd imzalanıb. Onlardan biri - “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramı teatr sənətinin on illik inkişaf proqramını əhatə edir. İcrası davam edən proqram indiyədək bizə nə verdi? Bu proqrama əsasən teatrların maddi-texniki bazaları gücləndirildi. Beynəlxalq teatr festivalları təşkil olundu. Ali məktəbi təzəcə bitirmiş gənclər dövlət sifarişi ilə tamaşalar hazırlamağa başladılar. Gənclərimiz teatr tariximizdə ilk dəfə olaraq xarici ölkələrə ixtisas kurslarına cəlb olundular. 35-ə qədər gəncimiz işıqçı, dekorator və s. peşələr üzrə xarici ölkələrə, MDB məkanında inkişaf etmiş teatrlarda ixtisaslarını artırdılar”.
   
   Azərbaycan teatrları tamaşaçı problemi yaşamır
   
   Nazir müavini teatra gələnlərin sayı ilə bağlı suallara aydınlıq gətirdi: “Burada müəyyən fikirlər səsləndi ki, teatrlara gediş-gəliş azdır. Amma mən əminliklə deyə bilərəm ki, Azərbaycan teatrları bu gün artıq tamaşaçı problemi yaşamır. Hər kəs istədiyi vaxtda, zamanda evində internet vasitəsilə teatr tamaşası üçün bilet sifariş edə bilir. Bu gün tamaşaçılar teatrlara həvəslə gedir. SSRİ dövründə teatrlarda tamaşaçı zalının dolma planı 60 faiz götürülürdü. Azərbaycan teatrlarında isə bu göstərici, orta statistik rəqəmlərlə ifadə etsək, 70-80 faiz təşkil edir. Bu 500 nəfərlik zalda 400 tamaşaçı deməkdir. Hətta bu gün özünün stasionar binası olmayan Şuşa və İrəvan Dövlət Azərbaycan Teatrları belə qastrollar, səyyar tamaşalar nümayişi ilə nümunəvi fəaliyyət göstərirlər. Gənclərin teatrlara marağı var. Sadəcə, onları daha da həvəsləndirmək, təbliğat işlərini daha da genişləndirmək lazımdır.
   Burada gənclər tərəfindən təkliflər səsləndirildi. Biz bütövlükdə Azərbaycan gəncliyinin layihələrinə dəstək göstərməyə hazırıq”.
   Nazir müavini Mədəniyyət və İncəsənət Universitetinin tələbələrinin sualına cavab olaraq bildirdi ki, təhsil ocağının bütün tələbələri nazirlik sistemində olan bütün teatrlara tələbə bileti ilə pulsuz giriş imkanına malikdirlər.
   Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Xalq artisti Azərpaşa Nemətov ölkədə əhalinin böyük bir hissəsini gənclərin təşkil etdiyini, onların böyük yaradıcı potensialı olduğunu bildirdi: “Gənclərimiz çox yaxşı bir dövrdə yaşayırlar. Bizim vaxtımızda gənclərə bu qədər imkanlar yaradılmırdı. Mən gənclərlə mütəmadi təmasdayam. Bu gün gənc rejissorlara, gənc aktyorlara teatrlarda geniş imkanlar yaradılır. 2000-ci ildən etibarən ildən-ilə tamaşaların da, tamaşaçıların da sayı artır. Düşünürəm ki, bütün sahələrdə gənclikdən yararlanmaq lazımdır”.
   
   Kino sahəsində islahatlar davam edir
   
   Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev kino sahəsində aparılan islahatlardan da danışdı: “Artıq bir neçə aydır ki, Nizami Kino Mərkəzi fəaliyyət göstərir. Onun bir zalında davamlı olaraq Azərbaycan filmləri nümayiş olunur. İkinci bir zal dünya kino ulduzlarının retro filmlərini təqdim edir. Yaxın gələcəkdə bu istiqamətdə də yeniliklər olacaq. Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında yenidənqurma işləri görüləcək. Kino eyni zamanda pul qazandıran biznesdir. İş adamlarımız bu sahəyə maraq göstərməlidirlər. Bu gün 51 rayonda 150-dək mədəniyyət sarayı var. Onların imkanları var ki, filmlərimizi də nümayiş etdirsinlər. Bu istiqamətdə işlər davam etdirilir. Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri Şəfiqə Məmmədova qurumun fəaliyyətində gənclərlə işə böyük önəm verildiyini bildirdi: “İttifaq gənclər arasında kinossenari müsabiqəsi elan edib. Bütün səylərimizi kinonun gəncləşməsi və dünya miqyasına çıxması üçün səfərbər etmişik”.
   
   Gənclər özlərini təsdiq etməlidirlər
   
   Yazıçılar Birliyinin katibi Rəşad Məcid Mədəniyyət və Turizm Nazirliyi ilə birgə həyata keçirilən “Gənc Ədiblər Məktəbi” layihəsindən söz açdı: “Mədəniyyət və Turizm Nazirliyi ilə Yazıçılar Birliyinin bu layihəsi çox uğurlu oldu. İstedadlı gənclər tanınmış ədiblərin iştirakı ilə ustad dərslərində, məşğələlərdə iştirak etdilər. Bu məktəbin 50-ə yaxın məzunu diplom aldı. Yaradıcı adamlar, gənclər üçün potensialını üzə çıxarmaq heç vaxt bugünkü kimi asan olmayıb. Bu şərait, eyni zamanda, geniş rəqabət imkanı yaradır. İstənilən gəncin əsərlərini çap etdirmək üçün çox münbit şərait var. Gəncin özünü təsdiq etməsi isə istedadla, öz üzərində çalışması ilə bağlıdır. Yaradıcı insanlar daima axtarışdadırlar. Belə toplantılar gənclərin bir-birilərini tanımasına kömək edir. Tanışlıq yaranır, əməkdaşlıq qurulur, ortaya gözəl bir mədəni, ədəbi layihə çıxır”.
   
   Mədəniyyətin təbliğində medianın rolu

   
   Toplantıda mədəniyyətin təbliğində kütləvi informasiya vasitələrinin rolundan da ətraflı bəhs edildi. Mədəniyyət və İncəsənət Universitetinin prorektoru Rafiq Sadıqov televiziyaların bu istiqamətdə fəaliyyətinin qənaətbəxş olmadığını vurğuladı: “Vaxtilə Azərbaycan televiziyalarında yeni tamaşaların müzakirəsi keçirilərdi. Onlar teatr sənətinin inkişafında böyük rol oynamaq imkanına malik olsalar da, buna can atmırlar. Daha çox şou proqramlar təqdim edirlər. Amma yaxşı ki, “Mədəniyyət” və “525-ci qəzet” kimi mətbu orqanlarımız var. Mən xüsusi olaraq bu iki qəzetin adını ona görə çəkdim ki, həmin nəşrlərin hər nömrəsində incəsənətin müxtəlif növlərinə aid maraqlı yazılar təqdim olunur ki, biz abunə xətrinə yox, böyük həvəslə bu qəzetləri alırıq”.
   Tanınmış teleaparıcı və prodüser Murad Dadaşov gəncləri mətbu orqanlar, televiziyalar, o cümlədən “Mədəniyyət” telekanalı ilə fəal əməkdaşlığa çağırdı: “Düşünürəm ki, gənclər mədəniyyət sahəsində hər hansı ideya, maraqlı layihə təqdim etsələr, bu maraqla qarşılanar. Çünki hər bir kanal yeni nəfəs, yeni düşüncə axtarışındadır. Kinoteatrlarla bağlı bir məqamı da vurğulamaq istərdim ki, bu gün bu mədəniyyət ocaqları dünyada əsasən ailə-istirahət mərkəzləri kimi fəaliyyət göstərirlər. Azərbaycanlı sahibkarlar da bu işə maraqlı olmalıdırlar. Gənclərlə bağlı isə deyə bilərəm ki, yaradıcı insanların öz istedadını nümayiş etdirmək üçün indi geniş imkanlar var. Düşünürəm ki, bu ictimai müzakirələr də çox faydalı olacaq. Mədəniyyət sahəsində çalışan gənclər daha fəal olmalıdırlar. Biz prodüserlər, özəl şirkətlər istedadlı gənclərin yeni ideyalarını gerçəkləşdirməyə hər zaman dəstək verməyə hazırıq”.
   
   Ceyhun Zərbəliyev







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar