Dekabrın 11-də Akademik Milli Dram Teatrında Azərbaycanda Çin Xalq Respublikasının Mədəniyyət Günlərinin açılış mərasimi keçirildi.
   
   Mədəniyyət günləri Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi və Çin Xalq Respublikasının Mədəniyyət Nazirliyi arasında 2011-2015-ci illər üçün mədəniyyət sahəsində əməkdaşlıq haqqında protokola əsasən təşkil olunub.
   Mərasimdə çıxış edən Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Əlikram Əliyev mədəniyyət günlərinin iki ölkə arasında mədəni əlaqələrə müsbət təsir edəcəyini bildirdi. Zəngin Çin mədəniyyətinin Azərbaycanda hər zaman maraq doğurduğunu vurğulayan Ə.Əliyev tədbirin təşkili ilə bağlı dost ölkənin Mədəniyyət Nazirliyinə, Çin Xalq Respublikasının ölkəmizdəki səfirliyinə təşəkkürünü bildirdi: “Əminəm ki, bu əlaqələr gələcəkdə də davam etdiriləcək və ölkələrimizin mədəni mübadiləsinə töhfə verəcək”.
   Çin Xalq Respublikasının Azərbaycandakı müvəqqəti işlər vəkili Tszyao Xuaysin ölkələrimiz arasında siyasi, iqtisadi, mədəni əlaqələrdən söz açdı. Qeyd etdi ki, ölkəsi bu əlaqələrin daha da genişlənməsinə xüsusi əhəmiyyət verir. Diplomat mədəniyyət günlərinin ölkələr arasında dostluq əlaqələrinin inkişafına xidmət edəcəyini, bu tədbir sayəsində azərbaycanlıların Çin xalqının incəsənəti ilə yaxından tanış olmaq imkanı qazandıqlarını vurğuladı. O, mədəniyyət günlərinin təşkilinə, iki ölkə arasında mədəni əlaqələrin inkişafına göstərdiyi diqqətə görə mədəniyyət və turizm naziri Əbülfəs Qarayevə minnətdarlığını bildirdi.
   Çıxışlardan sonra Çinin məşhur Qansu Teatrının təqdimatında "Dunxuan mağarasının cazibəsi" rəqs-tamaşası göstərildi. Maraqlı rəqs və musiqi elementləri ilə yadda qalan səhnə əsəri alqışlarla qarşılandı.
   Qeyd edək ki, tamaşa dekabrın 13-də bir daha Milli Dram Teatrının səhnəsində nümayiş olunacaq.
   
   Reyhan İsayeva






Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar