Dekabrın 18-də Muzey Mərkəzində “Davamlı inkişaf mədəniyyəti: qlobal və regional aspektlər” mövzusunda II beynəlxalq elmi konfrans işə başladı.
Tədbirin təşkilatçıları Mədəniyyət və Turizm Nazirliyi, Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəz, Azərbaycanın UNESCO üzrə Milli Komissiyası, Rusiyada fəaliyyət göstərən Beynəlxalq Müstəqil Ekoloji-Siyasi Universitetin Qloballaşma və Davamlı İnkişaf İnstitutu, Cənubi Rusiya Ali Məktəblərinin Assosiasiyası və Azərbaycan Turizm İnstitutudur.
Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin direktoru Vilayət İsmayılov iştirakçıları salamlayaraq beynəlxalq konfransın bütün bəşəriyyəti düşündürən aktual mövzuya həsr olunduğunu vurğuladı. Çünki cəmiyyətin hərtərəfli inkişafı üçün davamlı inkişaf mədəniyyəti formalaşmalıdır. Bu xüsusda qlobal və regional aspektlər böyük əhəmiyyət daşıyır.
Mədəniyyət və Turizm Nazirliyinin Aparat rəhbəri Firudin Qurbanov çıxışında qloballaşma şəraitində dünya mədəniyyətinin qarşısında duran vəzifələri xatırlatdı. Vurğulandı ki, davamlı inkişafa nail olmaq üçün Azərbaycan dövləti ardıcıl və məqsədyönlü addımlar atır. Son 10 ildə Azərbaycan Prezidenti tərəfindən mədəniyyətin inkişafı sahəsində çoxsaylı fərman və sərəncamlar imzalanıb, 5 Dövlət Proqramı qəbul edilib. Bakı Avropa Şurası və İslam dövlətləri mədəniyyət nazirlərinin toplantısına ev sahibliyi edib. 2011-ci ildə paytaxtımızda ilk dəfə Dünya Mədəniyyətlərarası Dialoq Forumu gerçəkləşib: “Bütün bunlar təsadüfi deyil. Aparılan siyasət imkan verir ki, Azərbaycan dünyanın mədəniyyət mərkəzlərindən birinə çevrilsin”. Aparat rəhbəri ümidvar olduğunu bildirdi ki, beynəlxalq konfrans səmərəli müzakirələrlə yadda qalacaq.
Azərbaycanın UNESCO üzrə Milli Komissiyasının birinci katibi Günay Əfəndiyeva dünyada qloballaşmanın müsbət keyfiyyətləri ilə yanaşı törətdiyi mənfi cəhətlərdən də söz açdı. UNESCO-nun davamlı inkişafa nail olmaq istiqamətində həyata keçirdiyi layihələrdən danışdı. Qeyd olundu ki, qlobal problemlərin aradan qaldırılması üçün bəşəriyyətə qlobal əməkdaşlıq və qlobal inkişaf strategiyası lazımdır. Biomüxtəliflik təbiət üçün nə qədər zəruridirsə, mədəni müxtəliflik də cəmiyyət üçün o qədər lazımlıdır. Davamlı inkişaf mədəniyyətinin formalaşmasında UNESCO-nun fəaliyyət istiqamətlərindən biri də mədəni müxtəliflik vasitəsilə bu inkişafın təmin olunmasıdır.
Qeyd olundu ki, Ermənistanın işğalçılıq siyasəti regionda davamlı inkişafa nail olmaq yolunda ciddi problemlər yaradır: “Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı 1 milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünü davamlı inkişafın subyekti olmaq imkanından məhrum edir”.
Sonra “Qloballaşma və gələcəyin alternativ modelləri”, “Mədəni qloballaşma və mədəni müxtəlifliyin mühafizəsi problemləri”, “Davamlı inkişaf mədəniyyəti dəyərlərinin formalaşmasında mədəniyyətlərarası dialoqun rolu” və digər mövzular ətrafında müzakirələr aparıldı. Qeyd edək ki, tədbirdə Rusiya, Litva, Ukrayna, Belarus, Latviya, Moldova, Qırğızıstandan alim və mütəxəssislər iştirak edirlər. Konfrans bu gün (19 dekabr) başa çatacaq.
Ceyhun