Kitabxanaçıların II Ümumrespublika müşavirəsi öncəsi paytaxtın kitabxana sistemindəki vəziyyət, “Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı”nın icrası ilə bağlı görülən işlərlə də maraqlandıq.
Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəis müavini İsmayıl Hüseynov bizimlə söhbətində bildirdi ki, ötən müddətdə kitabxanaların maddi-texniki bazasının möhkəmləndirilməsi, elmi-texniki tərəqqinin nailiyyətləri ilə zənginləşdirilməsi istiqamətində mühüm işlər görülüb. Elektron kataloq və elektron kitabxanaların yaradılması istiqamətində layihələr həyata keçirilməkdədir. Buna misal olaraq Səbail və Xətai rayon MKS-lərin mərkəzi kitabxanalarında elektron kataloqların yaradılmasını göstərmək olar. M.Qorki adına Mərkəzi Səyyar Kitabxana Fondunda (Səbail rayon MKS), M.Ə.Sabir adına Mərkəzi Şəhər Kitabxanasında (Səbail rayon MKS-nin 1 saylı filialı), A.Şaiq adına uşaq kitabxanasında (Yasamal rayon MKS-nin 2 saylı filialı), M.Şəhriyar adına uşaq kitabxanasında (Sabunçu rayon MKS-nin 1 saylı filialı) müəyyən edilmiş nadir kitab nüsxələri informasiya daşıyıcılarına köçürülüb. Azərbaycanşünaslığı inkişaf etdirmək məqsədilə kitabxana fondları ölkəşünaslığa və diyarşünaslığa dair materiallarla zənginləşdirilir. Kitabxana fondlarındakı azərbaycanşünaslıq kartotekaları yaradılıb, saytlarda ölkəmizin bölgələri, o cümlədən Qarabağa dair materiallar yerləşdirilir.
2011-ci ildə Bakı şəhərində mövcud kitabxanaların bazasında 9 Mərkəzləşdirilmiş Kitabxana Sisteminin yaradılması uğurla başa çatdırılıb, MKS-lərin saytları açılıb, kitabxana fondlarının elektron kataloqları yaradılıb. Hər bir MKS-nin saytına daxil olmaqla onun mərkəzi kitabxanası, filialları, fəaliyyəti, keçirdiyi tədbirlər, fondu, gündəlik həyatı, plan və perspektivləri, işçiləri, rəhbərliyi və s. oxucuları düşündürən məsələlər barəsində ətraflı məlumatlar əldə etmək olar. İdarənin tabeliyində olan kitabxanalarda “Kitabxana fondları-regionun inkişafının əsas informasiya resursu kimi” mövzusunda mütəmadi olaraq dəyirmi masalar təşkil olunur. Bu mövzu ilə əlaqədar olaraq kitabxanalar rayon icra hakimiyyətləri, qəsəbə nümayəndəlikləri, bələdiyyələrlə birlikdə əməkdaşlıq planı işləyib hazırlayıb və ilboyu həyata keçiriblər.
İdarə tərəfindən dəstəklənən layihələrdən biri də “Səyyar kitabxana” layihəsidir. Layihənin məqsədi rayon, şəhər və kənd kitabxanalarına yeni oxucular cəlb etməkdir.
Rəis müavini uşaq kitabxanalarının işi haqqında da danışdı: “M.Seyidzadə adına Mərkəzi Şəhər Uşaq Kitabxanasında uşaqların informasiya tələbatı probleminin həlli məqsədilə kitabxana-kitab mağazası açılıb. Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi tərəfindən tabelikdə olan uşaq kitabxanalarında informasiya tələbatı probleminin həlli və balaca oxuculara məlumat xidmətinin göstərilməsi səviyyəsinin yoxlanılması məqsədilə monitorinq aparılıb. Kitabxanalarda şair və yazıçılarla görüşlər, ədəbi-bədii gecələr, kitab icmalları, mütəmadi olaraq təşkil olunan kitab bayramları, yubiley və əlamətdar tarixi günlərin qeyd olunması uşaqlarda kitaba, mütaliəyə həvəsi artırır. MKS-lərin veb saytlarında da müntəzəm olaraq uşaq ədəbiyyatı, onun problemləri, uşaqları maraqlandıran həyat hadisələri, vərdişlərlə bağlı informasiyalar, əyləncəli və düşündürən biliklər, məlumatların yerləşdirilməsi uşaqların dünyagörüşünün zənginləşməsinə xidmət edir. Ənənəvi kitab sərgiləri də maarifləndirmə işində mühüm rol oynayır.
İsmayıl Hüseynovun sözlərinə görə, kitabxana işçilərinin peşə təhsili, müasir kitabxana-biblioqrafiya biliklərinə yiyələnməsi, ixtisasartırma kurslarına göndərilməsi də diqqət mərkəzindədir. Yay aylarında istirahət mərkəzlərinə səyahətlə müşayiət olunan seminarları, Nizami, Səbail və Xətai rayon MKS-lərində təşkil olunan treninqləri bu qəbildən tədbirlər sırasına aid etmək olar. Hər ilin dekabrında kitabxanalar arasında müxtəlif nominasiyalar üzrə müsabiqələr (“İlin nümunəvi Mərkəzləşdirilmiş Kitabxana Sistemi”, “Ən yaxşı kitabxanaçı”, “İlin ən yaxşı kitabxanası”) keçirilir. MKS-lərin yaradılmasından sonra kənd və qəsəbələrdə yerləşən kitabxanaların fəaliyyəti ciddi olaraq nəzarətə götürülüb. Gələcəkdə qəsəbə filiallarının daha geniş ərazilərdə yerləşdirilməsi, inkişafı nəzərdə tutulub.
Lalə Azəri