Tədbirdə kitabxana sahəsində mövcud vəziyyət və qarşıda duran vəzifələr geniş müzakirə edildi
Dekabrın 20-də Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Bakıda Azərbaycan kitabxanaçılarının ümumrespublika müşavirəsi keçirildi. Tədbir iştirakçıları əvvəlcə Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir Azərbaycan dövlətinin memarı Heydər Əliyevin xatirəsini ehtiramla yad etdilər, məzarı önünə gül dəstələri qoydular. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla yad olundu, məzarı üzərinə gül dəstələri düzüldü.
“Park İnn” mehmanxanasında keçirilən müşavirədə hökumət rəsmiləri, Mədəniyyət və Turizm Nazirliyinin strukturuna daxil olan kitabxana-informasiya müəssisələrinin, habelə tabeçiliyində kitabxanalar olan nazirliklərin, komitələrin, idarə və təşkilatların nümayəndələri, elm və mədəniyyət xadimləri iştirak edirdilər.
İştirakçılar öncə Mədəniyyət və Turizm Nazirliyinin 2010-2012-ci illərdə nəşr edilmiş kitablarından ibarət sərgi və müxtəlif kitabxanaların fəaliyyətini əks etdirən fotostendlərlə tanış oldular. Tədbir Azərbaycan kitabxanaları haqqında videoçarxın nümayişi ilə başlandı.
Ölkə ərazisində 11 mindən çox kitabxana fəaliyyət göstərir
Müşavirədə çıxış edən mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev respublikada kitabxanaların fəaliyyəti, son dövrlər kitabxana sahəsində görülmüş işlər haqqında danışdı. Qeyd olundu ki, Azərbaycanda informasiya və biliklər cəmiyyətinin qurulmasında kitabxanaların mühüm rolu var. Hazırda respublikamızda 11 mindən çox kitabxana fəaliyyət göstərir. Kitabxanaların uğurlu fəaliyyəti hər bir kitabxanaçının fərdi qabiliyyəti, təhsil səviyyəsi və fədakar əməyindən asılıdır.
Vurğulandı ki, Azərbaycanda bu sahə ümummilli lider Heydər Əliyevin hakimiyyəti illərində daha da uğurla inkişaf etməyə başlayıb. Son vaxtlar kitabxana sahəsinin inkişafına dövlətimizin diqqət və qayğısı artıb. Prezident İlham Əliyevin 2008-ci il 6 oktyabr tarixli sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı” bu sahənin inkişafına zəmin yaratmışdır.
Respublikanın şəhər və rayonlarında kitabxanaların avtomatlaşdırılmış informasiya sistemləri ilə təchiz olunması istiqamətində mühüm işlər görülüb, kütləvi kitabxanaların bir çoxunda elektron kataloqun yaradılmasına başlanılıb. Mədəniyyət və Turizm Nazirliyi tərəfindən müxtəlif sahələrdə 250 adda kitab nəşr edilib və ölkənin bir sıra kitabxanalarına təqdim olunub. Ölkənin müxtəlif strukturlarında fəaliyyət göstərən kitabxanaların fondlarında 35 milyondan çox kitab, jurnal və s. informasiya daşıyıcıları oxucuların ixtiyarına verilib: “Hazırda qarşımızda duran vacib məsələlər oxucuların kitabxanalara həvəs və marağını artırmaq üçün xidmət səviyyəsini yüksəltmək, latın qrafikasında kitabların nəşrini genişləndirmək, yerlərdə kitabxanaların internetə çıxışını təmin etməkdir”.
Vaqif Əliyev kitabxana şəbəkəsinin informasiyalaşdırılması, elektron kataloq və elektron kitabxanaların yaradılması, veb-saytların təşkili və resursların internetə çıxarılması istiqamətində görülən işlərdən də ətraflı bəhs etdi: “Nazirlik kitabxanaların avtomatlaşdırılması məsələlərinə xüsusi önəm verir. Bu məqsədlə 2009 və 2010-cu illər “Kitabxanaların avtomatlaşdırılması ili” elan edilmişdir. Artıq respublikanın bütün şəhər və rayon mərkəzi kitabxanalarının veb-saytları yaradılıb və internet şəbəkəsinə çıxarılıb. Bir çox şəhər və rayonların Mərkəzləşdirilmiş Kitabxana Sistemində elektron kataloqlar mövcuddur. Kitabxanaların maddi-texniki təminatının yaxşılaşdırılması prioritet məsələ olaraq qalır”.
Qədim və nadir nəşrlərin reyestri hazırlanıb
Nazirin birinci müavini çıxışında bildirdi ki, ölkənin kitabxana tarixində ilk dəfə olaraq qədim və nadir nəşrlərin reyestri hazırlanıb. Dövlət reyestrinə 3483 adda müxtəlif formada olan kitab abidəsi daxil edilib. Mədəniyyət və Turizm Nazirliyinin müəssisələrində 1320 adda, nazirliyin tabeçiliyində olmayan digər kitabxanalarda, arxiv və muzeylərdə 1919 adda, şəxsi kolleksiyalarda isə 244 adda kitab abidəsi qeydə alınıb. Araşdırmalar nəticəsində məlum olub ki, respublikada ən qədim kitab abidələri 1591-ci ildə italyan dilində çap olunan və hazırda Prezident Kitabxanasında saxlanılan “Historia di Parma” (müəlliflər Appresso Erasmo, Viotto Parma) və Milli Kitabxanasının Nadir kitablar fondunda saxlanılan 1595-ci ildə Almaniyanın Yena şəhərində alman dilində çap olunmuş “Türklər haqqında on nəsihət” kitablarıdır: “Sözügedən nadir nəşrlər haqqında məlumatların gələcək nəsillərə, habelə dünya ictimaiyyətinə çatdırılması məqsədilə “Azərbaycanın kitab abidələri” DVD-si buraxılıb. Hazırda bu iş Milli Kitabxana tərəfindən davam etdirilir”.
Struktur islahatlarının nəticələri
Kitabxana sahəsində islahatlardan danışan Vaqif Əliyev müasir tələblərə cavab verməyən kitabxana filiallarının digər aktiv kitabxana filiallarına birləşdirildiyini bildirdi: “İslahatlar aparılana qədər nazirliyin kitabxana-informasiya şəbəkəsində 4300-ə yaxın kitabxana filialı vardısa, islahatlardan sonra bu göstərici 3500-ə enib. Lakin respublikanın bir sıra şəhər və rayonlarında bu proses aparılmayıb. Samux, Sabirabad, Gədəbəy, Daşkəsən, Goranboy, Saatlı, Qax, Zaqatala rayonlarında və Yevlax şəhərində kitabxana filiallarının birləşdirilməsi layihəsi icra olunmayıb. Bu gün Gəncə və Sumqayıt şəhər, Ağstafa, Quba, Masallı, Astara, Ağdaş, Kürdəmir, Bərdə, Qazax, Xaçmaz, Ucar, Şamaxı, Qusar, Füzuli, Ağsu kitabxanaları öz fəaliyyət növləri və metodlarına görə fərqlənirlər. Buna baxmayaraq, bir sıra kitabxanaların işində problemlər mövcuddur. Onların arasında Mingəçevir, Naftalan şəhər, Şuşa, Yardımlı, Gədəbəy, Abşeron, Biləsuvar kitabxanalarını qeyd etmək olar”.
Dövlət Kitab Palatasının bərpasına ehtiyac var
Vaqif Əliyev çıxışının sonunda Azərbaycanda hazırda ən aktual problem olan ölkənin kitab sərvətinin qeydiyyatı məsələləri haqqında da fikirlərini bölüşdü: “Sovet dövründə ölkədə çap olunan bütün nəşrlərin nüsxəsindən məcburi Azərbaycan Kitab Palatasına verilirdi. Azərbaycan Kitab Palatası isə bütün nəşrləri qeydiyyata alır və onlar haqqında biblioqrafik məlumat hazırlayırdı. Sonradan baş vermiş məlum dəyişiklərdən sonra Kitab Palatası fəaliyyətini dayandırdı. Hazırda respublikada nəşr olunan bütün nəşrlərin vahid qeydiyyatını aparan mərkəzin olmaması gələcəkdə Azərbaycanın kitab sərvəti haqqında məlumatların müəyyənləşməsində problemlərin yaranmasına səbəb ola bilər. Hesab edirəm ki, Dövlət Kitab Palatasının bərpası bizim qarşımızda duran əsas prioritetlərdən olmalıdır”.
Kitab oxuma mədəniyyəti uşaqlıqdan formalaşmalıdır
Milli Kitabxananın Məsləhət Şurasının sədri, Xalq yazıçısı Çingiz Abdullayev kitab mağazalarının azlığını mənfi hal kimi dəyərləndirdi: “Vaxtilə Bakıda 114 kitab mağazası olub. İndi 8 kitab mağazası var. Bu, bütün ziyalıları narahat edir. Düşünürəm ki, Kitab Palatasının bərpa olunması da vacib məsələdir”.
XXI əsrin intellekt, informasiya əsri olduğunu vurğulayan yazıçı Azərbaycanın gələcəyinin kitab oxuyan gənclikdən asılı olduğunu bildirdi: “Uşaqların oxumaq istədikləri kitablar çox azdır, macəralar, detektivlər, nağıllar, fantastik nağıllar demək olar ki, tərcümə olunmur. Halbuki kitab oxuma mədəniyyəti uşaqlıqdan formalaşmalıdır. İnsanlar uşaq ikən bu janrda yazılanları oxusalar, gələcəkdə Dostoyevskini də oxuyacaqlar, Nizamini, Füzulini də. Çünki kitab uşaqları tərbiyə edir. Uşaqlıqdan oxumayan insan böyüyəndə heç vaxt oxumayacaq”.
O, Yazıçılar Birliyi tərəfindən kitabxanalarda oxucularla görüşlərin təşkil edildiyini, bu işlərin davamlı olmasının, kitabxanaçıların təşəbbüslərlə çıxış etməsinin zəruriliyini ifadə etdi.
Kitabxana sahəsində qanunvericilik istənilən islahatı həyata keçirməyə imkan verir
Milli Məclisin Mədəniyyət komitəsinin sədri, professor Nizami Cəfərov kitabxana işi sahəsində mövcud qanunvericilik sənədlərindən danışdı. Bildirdi ki, “Mədəniyyət haqqında”, “Kitabxana işi haqqında” qanunlarda kitabxanalar vətəndaşların sərbəst informasiya almaq hüququnu, onların kitablara, dövri nəşrlərə tələbatının təmin edilməsində mühüm fəaliyyət sahəsi kimi qeyd olunur: “Qanunlar kitabxana sahəsində istənilən islahatı həyata keçirməyə imkan verir. Bu günlərdə Milli Məclis “Mədəniyyət haqqında” yeni qanun qəbul edəcək. Sənəddə kitabxana fəaliyyəti ilə bağlı xeyli maraqlı məqamlar var. “Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı” gələn il yekunlaşır. Ötən beş ildə kitabxana-informasiya sahəsində sistemli iş aparılıb. Kitabxanalar, tədricən də olsa, müasirləşir, inkişaf edir. Bölgələrdə yeni kitabxanalar inşa olunur, yeni gənc kitabxanaçılar nəsli gəlir. Hesab edirəm ki, “Kitabxanaçı günü”nün təsis olunması bu sahədə çalışanları öz işlərinə daha həvəslə yanaşmağa sövq edə bilər”.
Kənd kitabxanalarının internet problemi həll olunacaq
Rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə bildirdi ki, kitabxanaçılıq və informasiya anlayışlarının birləşdirilməsi zamanın tələbindən irəli gəlir. Bu gün informasiya mənbələri artıb. İnternet həyatımızda əsas informasiya mənbəyi kimi çıxış edir: “Belə bir vəziyyətdə kitab oxumaq mədəniyyətinin təşviqi vacibdir. Hər şeyin əsasında kitaba münasibət dayanır. Kitabxanalar mövcud texnologiyalardan uğurla istifadə etməkdədirlər.
Bu mədəniyyət müəssisələri yeni imkanları ilə gəncləri cəlb etməlidir. Bu gün artıq kitab mədəniyyətini yaymaq təşəbbüsü ilə gənclərimiz çıxış edirlər”.
E.Vəlizadə kəndlərdə və bir sıra rayon mərkəzlərində kitabxanaların internetə çıxışı ilə bağlı problemlərə də toxundu: “Ölkə başçısının tapşırığı ilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Dövlət Neft Fondu ilə birlikdə kəndlərimizə optik infrastrukturun çatdırılması vasitəsilə internetə çıxışın daha da genişləndirilməsi üzərində layihə hazırlayıb. 2013-cü ildən bu layihənin icrasına başlanılacaq. 3 il ərzində kəndlərimiz internetə çıxışı sərbəst təmin edə biləcəklər.
Rayon mərkəzlərində, kəndlərin 35 faizində müəyyən sürət və keyfiyyət problemləri olsa da, internet xidmətlərindən istifadə edə bilirlər. Bu layihədən sonra bütün kəndlər yüksək sürətli internetlə təmin olunacaq. Düşünürəm ki, bu layihə kitabxanaçıların da işinə töhfə verəcək”.
Orta məktəblərdə mütaliə və kitaba münasibət
Təhsil nazirinin müavini Qulu Novruzov təhsil sahəsinə aid kitabxanalarda həyata keçirilən tədbirlərdən bəhs etdi. Qeyd olundu ki, ən böyük kitabxana şəbəkəsi təhsil sektorundadır. 4000-dən artıq orta, 50 ali təhsil müəssisəsində kitabxana var: “Təəssüf ki, orta məktəblərdə kitab mütaliəsi yalnız yüksək bal toplamağa fokuslanıb. Hədəf məlumatlı ziyalı olmaq deyil, universitetə daxil olmaqdır. Biz müasir gəncliyi müasir texnologiyalardan, sosial şəbəkələrdən, virtual aləmdən ayıra bilmərik. Bu, onların həyat tərzinə çevrilib. Amma bu, eyni zamanda, kitabların təbliği imkanlarını yaradır. Kitabxanalar oxucuların cəlb olunması üçün elə virtual aləmdən, sosial şəbəkələrdən də yararlana bilərlər”.
Kitabla təchizat sistemi təkmilləşdirilməlidir
Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov gənclərin kitaba marağından söz açdı. Onun sözlərinə görə, Milli Kitabxanaya gələn oxucuların 80-85 faizini gənclər təşkil edir. O, kitabxanaların kitabla təchizatı sisteminin təkmilləşdirilməsinin vacibliyini önə çəkdi: “Bölgə kitabxanaları oxucuların sayını artırmağı düşünürsə, kitabxana kollektorlarında virtual sifariş sistemi qurulmalıdır. Oxucu kitabxanalara daxil olan yeni kitablar haqqında mütəmadi məlumat almalıdır. Sorğular göstərir ki, kitabxanalarda dərs vəsaitlərinə, elmi-kütləvi nəşrlərə ehtiyac var. Bu sahədə çalışanlar təbliğat işini düzgün qurmalıdır”.
Vahid elektron kitabxana sistemi layihəsi
Belçikanın “ACMİS Group” şirkətinin Azərbaycandakı rəsmi nümayəndəsi olan “Ultra” şirkətinin rəhbəri Məhəmməd Zülfüqarlı Mədəniyyət və Turizm Nazirliyi ilə birgə həyata keçirilən layihələrdən söz açdı: “Əməkdaşlıq çərçivəsində ilk olaraq Milli Kitabxanada tamamilə avtomatlaşdırılmış robot skaner quraşdırmışdıq. Şirkət qədim nadir kitabların elektron formaya keçirilməsi, kağız sənədlərin bərpası, onların xüsusi saxlanılması üçün qurğularla təminat və texniki dəstək sahəsində fəaliyyət göstərir. “ACMİS Group” zədələnmiş, hətta su altında qalmış kitabları, nadir nəşrləri elektron formaya keçirmək üzrə mühüm təcrübəyə malikdir. Çalışacağıq ki, bu sahədə yerli mütəxəssislər yetişsin. Hazırda vahid elektron kitabxana sistemi üzərində işləyirik. Yanvar ayından yeni layihənin kütləvi tətbiqi nəzərdə tutulur”.
* * *
BDU-nun kitabxanaçılıq-informasiya fakültəsinin dosenti Knyaz Aslan “İnformasiya cəmiyyətində ali kitabxanaçılıq təhsilinin inkişaf etdirilməsi”, fakültənin dosenti Rasim Süleymanov “Heydər Əliyev və Azərbaycanın kitab mədəniyyəti”, Gəncə şəhər MKS-nin direktoru Elmira Əliyeva “Gəncə şəhər MKS-nin innovasiya sahəsində əldə etdiyi nailiyyətlər”, Şəki şəhər MKS-nin direktoru Səid Vahabov “Kitabxanalarda müasir informasiya texnologiyalarının tətbiqi” mövzularında məruzə etdilər.
Müşavirənin sonunda kitabxana-informasiya sahəsində səmərəli fəaliyyətinə görə bir qrup kitabxanaçıya Mədəniyyət və Turizm Nazirliyinin fəxri fərmanları təqdim olundu.
Ceyhun Zərbəliyev