Dekabrın 20-də Azərbaycan kitabxanaçılarının ümumrespublika müşavirəsinin iştirakçılarının bir qrupu Azərbaycan Diplomatik Akademiyasında (ADA) kitabxana və informasiya xidmətləri sahəsində müasir təcrübənin tətbiqi, bu sahədə görülən işlərlə tanış oldular.
Gəncə, Şəki, Sumqayıt, Şabran və digər şəhər və rayonların kitabxana rəhbərlərinin iştirak etdiyi görüşdə ADA-nın prorektoru Fariz İsmayılzadə ali təhsil ocağının yeni kampusu (təhsil şəhərciyi), o cümlədən ən müasir informasiya texnologiyaları ilə təchiz olunmuş kitabxanası barədə məlumat verdi. Qeyd olundu ki, 4 mərtəbəli kitabxana binası akademiya kampusunun ən mühüm bölmələrindən biridir: “Bu, Azərbaycanda ən böyük ingilisdilli kitabxanadır. Bizdə dərslər ingilis dilində keçirilir. Hazırda 50 minlik kitab fondumuz var. Məqsədimiz fondu 120 minə çatdırmaqdır. Elektron kitabxanamız da çox zəngindir. Yarım milyona yaxın elektron kitabımız var. Əgər tələbəyə lazım olan kitab rəflərdə yoxdursa, onda o həmin kitabın elektron variantını əldə edib bir həftə ərzində oxuya bilər”.
Prorektor bildirdi ki, gələcək planlardan biri də rəqəmsal (digital) kitabxana yaratmaqdır: “İstəyirik Azərbaycanda olan qədim əlyazmaları skaner vasitəsilə elektron formata çevirək və onları akademiyanın elektron bazasında saxlayaq. Bu çox bahalı bir layihədir. Amma biz bunu edəcəyik. Bir məqamı da diqqətinizə çatdırım ki, gələn ildən biz bütün resurslarımızı Azərbaycanda fəaliyyət göstərən digər ali məktəblərin tələbələri üçün də açıq elan edəcəyik. Onlar gəlib bizim kitabxanamızdan sərbəst istifadə edə biləcəklər”.
ADA-nın kitabxanasının fərqli formaya malik olmasından danışan prorektor qeyd etdi ki, burada çoxlu qrup-məşğələ otaqları var: “Bunu tələbələrin qrup şəklində işləyə bilməsi üçün etmişik. Çünki dünya qloballaşdıqca tədris metodikası da dəyişir. Tələbələr indi daha çox qrup şəklində işləməyə üstünlük verirlər. Biz də onlara qrup şəklində tapşırıqlar veririk ki, onlar sonra real işdə də çalışanda insanlarla qrup şəklində işləməyi bacarsınlar. Kitabxanalar artıq sakit bir yerdən aktiv sosial məkana çevrilir”.
Prorektor ADA kitabxanasının elektron imkanlarından da söz açdı: “Kitabxanamızda çoxlu elektron resurslar var. Kitab axtarmaq üçün artıq kitabxanaçıya yaxınlaşmaq lazım deyil. Oradakı elektron lövhədən istədiyi kitabı axtarıb tapa və tələbə kartı ilə onu sifariş edə bilər. Kitabın istifadə müddəti başa çatdıqda isə ona SMS və elektron poçt vasitəsilə xəbər verilir. Bu avtomatlaşdırılmış sistem bizim kitabxana kontentində öz əksini tapıb. Biz çalışmışıq ADA-nın kitabxanasında bu sahədə yeni dünya təcrübəsini tətbiq edək. Bu gün bu tədbiri burada təşkil etməkdə məqsədimiz kitabxana mütəxəssisləri ilə birlikdə kitabxana və tədris sektorunu birlikdə inkişaf etdirmək və onlarla əməkdaşlıq etməkdir”.
ADA-nın baş kitabxanaçısı Elçin Məmmədov tətbiq etdikləri yeni texnologiyalar, kitabxana strukturu, elektron resurslar və onlardan istifadə qaydaları haqqında məlumat verdi.
Sonra kitabxana rəhbərləri ADA-nın kitabxanası ilə əyani olaraq tanış oldular.
Fəxriyyə Abdullayeva