Azərbaycan Dillər Universitetinin (ADU) Amerika Mərkəzində “Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyinin 2012-ci ildə gerçəkləşdirdiyi mədəniyyət layihələrinin yekunlarına dair təqdimat keçirdi. Tədbirdə qurumun “Qadınlar, ədəbiyyat və cəmiyyət” və “Rənglərin dialoqu: Azərbaycan-Almaniya” layihələri barədə məlumat verildi.
   
   İctimai birliyin sədri, ADU-nun professoru Şəhla Nağıyeva bildirdi ki, “Qadınlar, ədəbiyyat və cəmiyyət” layihəsi Açıq Cəmiyyət İnstitutu - Yardım Fondunun dəstəyi ilə həyata keçirilir. Ötən il bu layihə çərçivəsində Bakıda yaşayan gənc yaradıcı qadınlarla seminarlar, görüşlər keçirilmiş və yekun olaraq “Buta” adlı ədəbiyyat toplusu nəşr edilmişdir. Bu il isə layihənin davamı olaraq regionlarda - Gəncə, Quba, Xaçmaz və Şabran rayonlarında yaşayan gənc yaradıcı qadınların iştirakı ilə seminarlar təşkil edilib. Seminarlara ABŞ-ın Ayova ştatındakı Lüter kollecinin ədəbiyyat müəllimi, şair Əlison Məndəvil rəhbərlik edib. Seminarların nəticəsi olaraq regionlarda yaşayan qadın yazarların və amerikalı şairin əsərlərindən ibarət “Buta - II” toplusu nəşr edilib.
   Professor Şəhla Nağıyeva layihənin önəmini qeyd edərək bildirdi ki, kitabda təcrübəli qadın yazıçılarla yanaşı, gənc xanımların ilk qələm təcrübəsi olan şeir və hekayələri də toplanıb, əsərlər ingilis dilinə tərcümə olunub. Ə.Məndəvil mərasimə Skype vasitəsilə qoşularaq ürək sözlərini dedi, xanım yazarlara təbriklərini çatdırdı. Bildirildi ki, çap olunan kitabların bir hissəsi ABŞ, bir hissəsi isə Azərbaycan kitabxanalarına təqdim olunacaq.
   Birliyin “Rənglərin dialoqu: Azərbaycan-Almaniya” layihəsi çərçivəsində iki ölkənin gənc qadın rəssamlarının əl işlərindən ibarət sərgi təşkil edilib. Noyabrın 23-dən dekabrın 1-dək Berlindəki “Direktorenhaus” qalereyasında gerçəkləşən sərgidə Azərbaycandan gənc rəssamlar Nərminə Vəliyeva və Şəhla Qəhrəmanlı, Almaniyadan Simona Vestfal və Nizaket Sinanovska iştirak edib. Azərbaycanlı rəssamların əsərlərində ümumbəşəri mövzularla yanaşı, Dağlıq Qarabağ mövzusu da spesifik çalarlarla əks olunub.
   Mərasimdə çıxış edən xanım yazar və rəssamlar mədəniyyətlərarası dialoqa töhfə olan hər iki layihə barədə təəssüratlarını bildirdilər, birliyin fəaliyyətinə uğurlar dilədilər.
   
   Reyhan İsayeva







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar