Dekabrın 22-də Xırdalan Şəhər Mədəniyyət Evində Abşeron Rayon Mədəniyyət və Turizm Şöbəsi və Qobu uşaq incəsənət məktəbinin təşkilatçılığı ilə görkəmli el sənətkarı Qasım Qasımovun 70 illik yubiley tədbiri keçirildi.
   
   Mədəniyyət evinin bədii rəhbəri Çimnaz Qurbanova sənətkarın həyat və əmək fəaliyyətindən söz açdı. Bildirdi ki, Qasım Qasımov 26 yanvar 1942-ci ildə dünyaya göz açıb. Erkən yaşlarında musiqiyə həvəs göstərib. Lökbatan uşaq musiqi məktəbində, sonra Asəf Zeynallı adına Bakı Orta İxtisas Musiqi Məktəbinin tar sinfində oxuyub. Məktəbdə “Təranə” gənclik ansamblında çalışıb. Təhsilini başa vurduqdan sonra 1978-1985-ci illərdə 8 saylı incəsənət təmayüllü gimnaziyada müəllim işləyib.
   Onun sonrakı pedaqoji fəaliyyəti Qobuda uşaq musiqi məktəbinin yaradılması və inkişafı ilə bağlıdır. 1981-ci ildən etibarən müxtəlif səviyyəli sərgi, festival və müsabiqələrin iştirakçısı olub. O, gözəl tarzən olmaqla bərabər, həm də bərpaçı usta kimi tanınıb. Ud musiqi alətinin kiçik formasını hazırlayıb, neykamança, dilruba, sinəud, şeşkaman, yektar, zilsaz kimi musiqi alətlərinin yaradıcısı kimi ad çıxarıb. Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin M.F.Axundzadə guşəsində görkəmli dramaturqun tarı nümayiş olunur. Həmin tarın bərpası vaxtilə (1988) usta Qasıma etibar olunub. Qasım Qasımov eyni zamanda şeirlər yazıb, mahnılar bəstələyib.
   Sonra Q.Qasımovun sənət dostlarından Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzin təhsil bölməsinin müdiri, Əməkdar mədəniyyət işçisi Səid Hacıyev danışdı. Bildirdi ki, sənətkarla ilk tanışlığı 1986-cı ildə Şuşa şəhərində olub: “Həmin il Şuşada Azərbaycan xalq çalğı alətləri istehsalı fabriki açıldı. Mən də bir şuşalı kimi bu fabriklə maraqlanırdım. Fabrikə musiqi alətlərinin istehsalı üçün yerli təcrübəli ustalar cəlb edilmişdi. Qasım Qasımovla da orada tanış oldum. O, Azərbaycan xalq musiqisinin, eləcə də xalq çalğı alətlərinin mükəmməl bilicisi idi. Nadir istedada malik olan Qasım müəllim olduqca sadə və təvazökar bir insan kimi yaddaşlarda əbədi yaşayacaq”.
   Təhsil nazirinin köməkçisi, fəlsəfə doktoru Rasim Süleymanov çıxışında Qasım Qasımovu yaradıcı pedaqoq, musiqi müəllimi, muğam sənətinin gözəl bilicisi və təbliğatçısı kimi xarakterizə etdi.
   Azərbaycan Milli Konservatoriyasının “Milli musiqinin tədqiqi” elmi-tədqiqat laboratoriyasının rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Abbasqulu Nəcəfzadə Qasım Qasımovla bağlı xatirələrini bölüşdü: “O, televiziyada aparıcısı olduğum “Yallı” verilişinin bir neçə dəfə qonağı olub, yaradıcılığından söz açıb. Asudə vaxtlarında istirahət əvəzinə daim çalğı alətlərinin təmiri ilə məşğul olardı”.
   Milli Konservatoriyanın professoru, Xalq artisti, Ə.Bakıxanov adına xalq çalğı alətləri ansamblının bədii rəhbəri Möhlət Müslümov bildirdi ki, Qasım müəllim ilk baxışda çox sakit görünərdi. Ancaq onunla ünsiyyətdə olduqda görürdün ki, bu, belə deyil. O, dağ çayı kimi çağlayır. Onun çoxşaxəli yaradıcılığı vardı.
   Sonra Milli Konservatoriyanın müəllimi, Əməkdar artist Valeh Rəhimov, Asəf Zeynallı adına Musiqi Kollecinin müəllimi Nazim Kazımov yubilyar haqqında ürək sözlərini dedilər. Əməkdar artist Şükufə Qasımova sənətkarın “Zəmanə qocaltdı məni” şeirini söylədi. Əməkdar artist Firuz Səxavət Məmmədov gözəl ifası ilə tədbir iştirakçılarının könlünü oxşadı. Qobu uşaq incəsənət məktəbinin müəllimlərindən ibarət ansamblın müşayiəti ilə gənc ifaçı İslam Əlizadə “Bayatı-Şiraz” muğamını ifa etdi.
   Sonda sənətkarın oğlu Azər Bayramov tədbir iştirakçılarına dərin minnətdarlığını bildirdi. 

   Savalan Fərəcov







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar