Dekabrın 24-də Teatr Xadimləri İttifaqında Əməkdar rəssam Arif Əbdürrəhmanovun “Teatrda rəssamın rolu” kitabının təqdimat mərasimi keçirildi.
   
   Tədbiri ittifaqın sərdi, Xalq artisti, professor Azər Paşa Nemətov açaraq kitabın əhəmiyyətindən danışdı: “Teatr rəssamlığı ilə bağlı Azərbaycan dilində kifayət qədər ədəbiyyatın olmadığını nəzərə alaraq görkəmli sənətkar Arif Əbdürrəhmanovun teatr rəssamlığının tarixinə və bu gününə həsr olunmuş bu kitabını kütləvi tirajla çap etmək qərarına gəldik”.
   Qeyd olundu ki, kitab rəssamlıq ixtisası üzrə təhsil alan tələbələr, eləcə də yaradıcılıq fəaliyyətinə teatr səhnəsindən başlayan gənc rəssamlar üçün nəzərdə tutulub. Kitab oxucuları qədim Yunanıstan və Roma teatrlarından başlayaraq bugünkü teatra qədər bu səhnənin tarixi inkişafı, o cümlədən teatr rəssamının əsas fəaliyyət prinsipləri, rejissorla birlikdə yaradıcılıq fəaliyyəti, eləcə də yaradıcılıq sexləri, bədii ifaçılıq, butafor, işıqlandırıcı və səhnə effektlərinin əsasları ilə tanış edəcək. Burada tamaşa üzərində işin ilk layihələrindən başlayaraq səhnə dekorasiya quruluşunun həyata keçirilməsinə qədər bütün mərhələlər təsvir olunub.
   Sənətşünaslıq doktoru, professor Məryəm Əlizadə, xalq rəssamları Arif Hüseynov, Mais Ağabəyov, sənətşünaslıq namizədi Ziyadxan Əliyev çıxış edərək kitabın əhəmiyyətini qeyd edərək Arif Əbdürrəhmanovun zəhmətini yüksək qiymətləndirdilər.
   “Elm və təhsil” nəşriyyatında işıq üzü görən kitabın bədii tərtibatı da Arif Əbdürrəhmanova məxsusdur. Kitabı rus dilindən Çingiz Ələsgərli çevirib, redaktorlar Kəmalə Cəfərzadə və Aidə Qafarovadır.
   Xatırladaq ki, Arif Əbdürrəhmanov 1950-ci ildə Bakıda anadan olub, 1974-cü ildə V.İ.Surikov adına Moskva Dövlət Rəssamlıq Akademiyasını bitirib. “Azərbaycanfilm” kinostudiyasında quruluşçu rəssam kimi yaradıcılıq fəaliyyətinə başlayıb. Akademik Milli Dram, Rus Dram, Musiqili Komediya, Opera və Balet, Gənc Tamaşaçılar teatrlarında, eləcə də İstanbulda Camal Rəşid Rey konsert zalında quruluşçu rəssam kimi çalışıb. Hazırda Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının dosenti kimi rəngkarlıq və səhnə kompozisiyası fənnini tədris edir. 

   Təranə







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar