İclasda 2012-ci ilin yekunları və qarşıda duran vəzifələrdən ətraflı söz açıldı
Dekabrın 27-də Nizami Kino Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin 2012-ci ilin yekunlarına həsr olunmuş kollegiya iclası keçirildi. Nazirlik əməkdaşlarının, nazirliyə tabe müəssisələrin, şəhər-rayon mədəniyyət və turizm idarə və şöbələri rəhbərlərinin, media mənsublarının iştirak etdiyi iclasda bu il ərzində mədəniyyət, incəsənət və turizm sahəsində əldə olunan uğurlardan, növbəti ildə qarşıda duran vəzifələrin icrası ilə bağlı məsələlərdən ətraflı söz açıldı. Kollegiyada növbəti 2013-cü ilin birinci yarısı üçün iş planı da təsdiq edildi.
İl uğurlarla yadda qaldı
Kollegiya iclasında geniş nitq söyləyən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev 2012-ci ilin yekunlarını ətraflı təhlil etdi. Vurğulandı ki, yola salmağa hazırlaşdığımız il ölkəmizin mədəni həyatı üçün uğurlu olub: “İlk növbədə onu qeyd etməliyəm ki, il maraqlı, bəzən gərgin, lakin səmərəli keçib. Mədəniyyət, incəsənət və turizm sahələri üzərlərinə düşən böyük və məsuliyyətli vəzifələrin öhdəsindən gələrək Azərbaycan xalqının əsrlərlə yaratdığı zəngin irsin qorunması, təbliği, inkişafı üçün çalışıblar. Azərbaycanın dünya miqyasında tanıdılması istiqamətində görülən işlər ötən illərdə əldə olunan təcrübənin nəticəsi idi. Bu il də Azərbaycanın adı bir sıra beynəlxalq qurumlarda, beynəlxalq mədəni tədbirlərdə hörmətlə çəkildi”.
Mədəni irsimizə böyük qiymət və ehtiram
Nazir bildirdi ki, il mədəniyyətimiz üçün mühüm nailiyyətlərlə yadda qalıb: “Son qələbənin sorağı bu ilin axırında gəldi. Azərbaycanın tar ifaçılıq sənəti UNESCO tərəfindən “Bəşəriyyətin qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısı”na daxil edildi. Bundan öncə Azərbaycan muğamı, aşıq sənəti, milli xalça sənəti bu siyahıya salınmışdı. Bu, çox böyük hadisədir. Çünki bu qərarla Azərbaycan xalqının yaradıcılığının daha bir növü bəşəriyyətin mədəni xəzinəsinə daxil edildi, onun məhz bizim xalqa məxsusluğu sübut olundu. Milli tar ifaçılıq sənətimizin UNESCO-nun siyahısına daxil edilməsi Prezident İlham Əliyevin xalqımızın mədəniyyətinə göstərdiyi yüksək qayğı, həmçinin Azərbaycanın qeyri-maddi mədəni irs nümunələrinin qorunması və beynəlxalq səviyyədə təşviqi məqsədilə Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsləri və dəstəyi ilə həyata keçirilən silsilə tədbirlərin məntiqi nəticəsidir. Heydər Əliyev Fondu ilə birgə gördüyümüz işlərdə, həyata keçirilən hər bir layihədə qədim mədəniyyətimiz, sənət irsimiz təbliğ olunur. Biz fəxr edirik ki, bu il Azərbaycan tarı bəşəriyyət tərəfindən qorunan bir incəsənət və yaradıcılıq növünə çevrildi. Bu, bəşəriyyətin milli mədəniyyətimizə verdiyi böyük qiymətdir”.
Nazir bildirdi ki, Azərbaycanın tar ifaçılıq sənəti UNESCO-nun qeyri-maddi mədəni irs üzrə siyahısına daxil edilməsi ilə bağlı müəyyən fikirlər ola bilər: “Amma artıq beynəlxalq təşkilat bunu qəbul edib. Səslənən fikirlərə qarşı müəyyən izahatlar verildi. Azərbaycanın tar ifaçılıq sənətini o siyahıdan heç kim çıxarmaq fikrində deyil. Bu, mümkün də deyil. Əgər hansısa ölkə o ifa sənətində verdiyi töhfələrin daha çox olduğunu deyirsə, buyursunlar, Azərbaycan kimi onlar da müraciət etsinlər”.
Ölkəmizin beynəlxalq səviyyədə tərəfdaşlarının sayı artıb
Çıxışda vurğulandı ki, bu il nazirliyin bütün əməkdaşları, qurumları, muzeylər, teatr-konsert müəssisələri, turizm şirkətləri Azərbaycanın rifahı, dünyada daha geniş tanınması naminə var qüvvələri ilə çalışıblar: “Bilirsiniz ki, biz həmişə öz işimizə tənqidi yanaşmışıq. Bütün görülən işlərin daha da səmərəli olması arzusundayam. Beynəlxalq səviyyədə əldə etdiyimiz qələbələrin siyahısında bir neçəsini də xüsusilə vurğulamaq istəyirəm. Azərbaycanın “Eurovision” beynəlxalq mahnı müsabiqəsindəki möhtəşəm qələbəsi ölkəmizin musiqi mədəniyyətini bir daha tanıtdı, təbliğ etdi. Bu gün Azərbaycan Dünya Turizm Təşkilatının ən qabaqcıl tərəfdaşları siyahısındadır. Qarşılıqlı səfərlər, birgə layihələr həyata keçirilir. Bu da Azərbaycanın turizm potensialının təbliğinə yeni imkanlar yaradır. Bu günlərdə UNESCO-nun silahlı münaqişələr zamanı mədəni obyektlərin qorunması üzrə Hökumətlərarası Komitəsinin iclası keçirildi. Azərbaycan bu qurumun vitse-prezidenti seçildi. Bu nədən xəbər verir? Bu bizə işğal altında olan torpaqlarımızda dağıdılan mədəni irsin qorunmasına imkan verir. Bu, işin başlanılması üçün qətiyyətli addımdır.
Ölkəmizin təmsil olunduğu beynəlxalq təşkilatlarda uğurlarımızın sayı ildən-ilə artır. Bunların hamısı səsvermə nəticəsində olur. Deməli, bizi müdafiə edən ölkələrin, tərəfdaşların sayı çoxdur. Bütün bunlar onu göstərir ki, Azərbaycan Prezidentinin apardığı siyasət nəinki ölkə vətəndaşları tərəfindən dəstəklənir, bu siyasət dünya miqyasında təhlil olunur, bəyənilir”.
Yeddi ölkədə mədəniyyət günləri keçirilib
Nazir bu il yeddi ölkədə Azərbaycanın mədəniyyət günlərinin uğurla keçirildiyini xatırlatdı: “Mədəniyyət günləri bir-iki tədbirlə məhdudlaşmadı, konfranslarla, görüşlərlə, sərgilərlə, əməkdaşlıqların yaranması ilə və s. yadda qaldı. 2012-ci il silsilə mədəniyyət tədbirləri ilə zəngin oldu. Ölkə başçısının sərəncamlarına uyğun olaraq ədiblərimizin yubileyləri geniş qeyd olundu. Nizami Gəncəvinin, Mirzə Fətəli Axundzadənin, Mirzə Ələkbər Sabirin, Hüseyn Cavidin - ümumilikdə 12 görkəmli ədəbiyyat xadiminin yubileyləri ilə bağlı ölkə daxilində və xarici ölkələrdə tədbirlər keçirildi. TÜRKSOY-un xətti ilə türkdilli ölkələrdə, habelə İtaliya, İran, Çin və digər ölkələrdə maraqlı mədəni tədbirlər gerçəkləşdi. Azərbaycanın ədəbiyyatı, zəngin mədəniyyəti təbliğ olundu. Axundzadənin 200 illiyinə dair sərəncamla bağlı əksər teatrlarımızda yeni tamaşalar səhnələşdirildi, hətta xaricdə də nümayiş olundu.
İtaliyanın Roma şəhərində dahi Azərbaycan şairi Nizami Gəncəvinin abidəsi ucaldıldı. XII əsrdə yaşayan şairin XXI əsrdə başqa bir mədəniyyətin paytaxtı sayılan Romada heykəli qoyuldu. Bu, dünyanın xalqımızın mədəniyyətinə verdiyi qiymətdir”.
Azərbaycan regionun mədəniyyət paytaxtına çevrilib
“Ölkəmizdə hər il silsilə olaraq beynəlxalq musiqi festivalları keçirilir. İlboyu Heydər Əliyev Fondunun və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə IV Qəbələ Beynəlxalq Musiqi Festivalı, VI Beynəlxalq Rostropoviç Festivalı, Üzeyir Hacıbəyli adına Beynəlxalq Musiqi Festivalı, Vokalçıların Bülbül adına VI Beynəlxalq Müsabiqəsi keçirildi. Növbəti il Qara Qarayev adına Musiqi Festivalı, muğam festivalı keçiriləcək. Bütün bunlar Azərbaycanı regionun mədəniyyət paytaxtına çevirib. Mədəniyyət paytaxtı o deməkdir ki, bu ölkənin inkişafda olan qaynar mədəni mühiti var. Onun daimiliyini yaşatmaq lazımdır. Bunun üçün yeni əsərlər, ideyalar, sərgilər, tamaşalar, binalar, layihələr lazımdır. Bütün bunlar var ki, ölkəmizi haqlı olaraq regionun mədəniyyət mərkəzi hesab edirlər”.
Müasir dövrlə uzlaşmayan düşüncələrə hələ də rast gəlinir
Nazir vurğuladı ki, bu il də Azərbaycanın turizm potensialını, mədəni irsini dünyada tanıtmaq, beynəlxalq ictimaiyyətə çatdırmaq istiqamətində böyük işlər görülüb: “Bizim xüsusi proqramımız var, müxtəlif dövlət qurumları ilə, nüfuzlu kütləvi informasiya vasitələri ilə əməkdaşlıq edirik. Azərbaycanda keçirilən bütün festivallar haqqında həm CNN, Euronews, həm də ərəb ölkələrinin, Rusiya və Türkiyənin telekanallarında məlumatlar verilir. Bəzən bu məlumatlar nəinki xəbər kimi verilir, həm də proseslər, mədəni layihələr təhlil olunur.
Dünyada bizi qabaqcıl ölkə kimi tanıyırlar. Ona görə də mən bəzən Azərbaycanın daxilində bizim gündəlik işlərimizdə müasir dövrlə uzlaşmayan düşüncə ilə yanaşmanı görəndə təəssüflənirəm. Dünya bizə baxır və nümunə götürməyə çalışır.
Biz irəliyə baxmalıyıq, üzərimizə düşən məsuliyyəti dərk etməliyik, dünyada gedən proseslərlə ayaqlaşmalıyıq, təhlil etməliyik. Hansı əsaslarla, hansı metodlarla işləməyin daha səmərəli olacağını düşünməliyik ki, nailiyyətləri qoruyub saxlaya bilək”.
Kino və teatr sahəsində mövzulara diqqətlə yanaşılmalıdır
Nazir çıxışında teatr və kino sahəsində görülən işlərin də qısa təhlilini apardı: “Bu il teatr sahəsində böyük işlər görüldü. \"Azərbaycan teatrı 2009-2019-cu illərdə\" Dövlət Proqramı çərçivəsində \"Dünya teatr prosesi XXI əsrdə: problemlər, perspektivlər və alternativlər\" adlı II Bakı Beynəlxalq Teatr Konfransının keçirilməsi də mühüm hadisə kimi dəyərləndirilməlidir. Konfransda dünyanın 35 ölkəsindən 80-dən çox teatr tənqidçisi, teatrın tarix və nəzəriyyəsini araşdıran tədqiqatçılar, rejissorlar, aktyorlar, rəssamlar və menecerlər iştirak etdilər. Azərbaycanın müxtəlif teatr institutları ilə əməkdaşlığı genişləndi. Bütün bunlar bizə imkan verir ki, qabaqcıl təcrübələrdən səmərəli istifadə edək. Biz bu istiqamətdə işlərimizi davam etdirəcəyik. Növbəti il üçün Gənc Tamaşaçılar, Kukla teatrları festivallarının keçirilməsi nəzərdə tutulur. Biz onların beynəlxalq səviyyədə təşkilini planlaşdırırıq”.
Kino sahəsində də müxtəlif konfransların, təqdimatların, festivalların keçirildiyini diqqətə çatdıran nazir C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının yenidən qurulması ilə bağlı müqavilənin imzalandığını, Türkiyə, İran, Rusiya, İngiltərə və Gürcüstanla birgə layihələrin həyata keçirildiyini bildirdi: “Yeni filmlər çəkilir, əməkdaşlıqlar davam etdirilir. Ancaq mən düşünürəm ki, kino sahəsində mövzuların, ssenarilərin seçilməsində müasir Azərbaycanın tələblərini nəzərə almalıyıq. Bu teatr sahəsinə də aid edilə bilər. Gələcəyimiz haqqında düşüncələrə cavab verən ssenarilər olmalıdır. Əgər yeni fikir varsa, onun əsasında vətənə sevgi və məhəbbət durmalıdır. Ona görə də tarixi, ölkənin gələcəyi, uşaqlara həsr olunmuş mövzular həm tamaşalarda, həm də çəkilən filmlərdə öz əksini tapmalıdır. Mən demirəm ki, klassik əsərləri səhnələşdirməkdən, ekranlaşdırmaqdan uzaqlaşmalıyıq. H.Cavidin, V.Şekspirin əsərlərində müasir dövrlə səsləşən fikirlər, məqamlar var. Əslində əsərin qiyməti ondan ibarət olmalıdır ki, hər ölkədə, bütün dövrlərdə aktual olsun. Daima axtarış, təşəbbüs olmalıdır. Hesab edirəm ki, görülən işlər imkan verir ki, biz gələcəyə nikbinliklə baxaq. Bu yaxınlarda Azərbaycanda “Mədəniyyət haqqında” qanun Milli Məclisdə qəbul edilib və dövlət başçısına təqdim olunub. Eyni zamanda “Kinematoqrafiya haqqında” qanunun üzərində işləyirik”.
Mədəni irs sahəsində müsbət tendensiya
“2012-ci ilin müsbət cəhətlərindən biri mədəni irsin qorunması, təbliği ilə bağlıdır. Bu il bir neçə beynəlxalq konfrans keçirildi. Naxçıvan, Şəki, Şəmkir, Ağsu, Gəncədə alimlər, mütəxəssislər bir araya gəldilər. Beynəlxalq aləmdə cərəyan edən proseslər müzakirə olundu. Mədəniyyət və Turizm Nazirliyinin UNESCO-nun Ümumdünya İrs Mərkəzinin məşvərətçi orqanları olan Mədəni mülkiyyətin mühafizəsinin və bərpasının öyrənilməsi üzrə Beynəlxalq Mərkəzin (İCCROM) və Abidələr və tarixi yerlər üzrə Beynəlxalq Şuranın (İCOMOS), eləcə də Azərbaycan Memarlıq və İnşaat Universiteti ilə İtaliyanın Romualdo del Bianko Fondunun birgə tərəfdaşlığı ilə \"Təzyiq altında irs - şəhərlərin tarixi landşaftlarının perspektivləri” adlı beynəlxalq Bakı konfransı keçirildi. Bu gün dünyada ən böyük problem ondadır ki, tarixi abidələrin əksəriyyəti təzyiq altındadır. Bu problem təkcə münaqişələrlə bağlı deyil. Bütün bunlar bəşəriyyəti düşündürən məsələlərdir. Geniş auditoriya kütləsi üçün nəzərdə tutulmuş tədbirdə dünyanın 30-dan artıq ölkəsindən 50-dən çox nüfuzlu elm adamı və ekspert iştirak etdi. Azərbaycanda tarixi və mədəni irsin qorunması istiqamətində işlər davam etdirilir. Abidələrin təmir-bərpası davam edir. Biz bu gün gələcəyə baxaraq keçmişi, tarixi irsi unutmamalıyıq”.
Regionların mədəniyyət ocaqları elektron məkana çıxmağı bacarmalıdır
Əbülfəs Qarayev çıxışında vurğuladı ki, nazirlik və yerlərdəki müvafiq dövlət qurumları regionlarda mədəniyyət siyasətinə daha çox önəm verməlidirlər: “Azərbaycanın Xalq Yaradıcılığı Paytaxtları” layihəsi regionlarda böyük əks-səda doğurdu. Artıq bununla bağlı regionlar arasında rəqabət hiss olunur. Layihə tədricən beynəlxalq səviyyəyə çıxır. Qonşu ölkələr də bu layihəyə maraq göstərirlər. Bu gün bərpa işləri gedir, muzeylər inşa edilir, amma eyni zamanda onların fəaliyyəti də yeniləşməli, müasirləşməlidir. Yeni texnologiyalar tətbiq olunmalıdır. Mən düşünürəm ki, Azərbaycan mədəniyyəti dünya elektron məkanına nəinki paytaxtın mərkəzi mədəniyyət müəssisələri çərçivəsində, həmçinin kənd klubu, kitabxanası vasitəsilə də çıxmağı bacarmalıdır. Bütün mədəniyyət və turizm obyektləri bu prosesə fəal şəkildə qoşulmalıdır.
Müxtəlif dövlət qurumları hər hansı bir ölkədə təqdimatlar keçirirsə, bizim nazirliyin əməkdaşları onlara dəstək verirlər. Bu il muzey işçilərimizin fəaliyyətində məsuliyyət artıb. Yerlərdə muzeylər yenidən qurulur, mədəniyyət evləri tikilir, parklar salınır. Ancaq bəzən onların daxilində olan təqdimatlar, əfsuslar olsun ki, yaxşı keçirilmir. Ona görə nazirliyin Mədəniyyət siyasəti şöbəsi, Muzey işi sektoru bölgələrdə olan muzeylərin fəaliyyətinin yenidən qurulmasına və onların fəaliyyətinin təkmilləşdirilməsinə diqqəti artırmalıdırlar.
Siz bilirsiniz ki, Qobustan Milli Tarix-Bədii Qoruğunun muzeyi Avropa Şurası tərəfindən müəyyən olunmuş “İlin ən yaxşı muzeyi” nominasiyasına daxil olub. Qobustan həm qoruq, həm də muzeydir. Hər iki baxımdan cəlbedicidir. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamının icrası ilə bağlı “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğunda da genişmiqyaslı bərpa-konservasiya, yenidənqurma və abadlaşdırma işlərinin aparılmasına başlanılıb.
Orada da hazırda yeni bir muzey təşkil olunur və qoruq-muzey vəhdətini biz orada da görə biləcəyik. Sözsüz, biz istənilən sahədə uğur qazanmaq üçün var gücümüzlə çalışmalıyıq. Bu gün bir çox mədəniyyət ocaqları əsaslı təmir olunur, hər bir məkan gözəlləşir, amma o məkanların ziyarətçilərə təqdimatını da yüksək səviyyədə keçirməliyik”.
Muzey və kitabxanalar haqqında internetdə dolğun məlumatlar olmalıdır
“Dünya internet məkanında hər bir muzey, kitabxana haqqında dolğun məlumat tapılmalıdır. Bizim məqsədimiz odur ki, Azərbaycan mədəniyyəti bütünlüklə internet şəbəkəsinə daxil olsun. Biz bu gün ciddi hücuma keçməliyik. Bütün məlumatlar internet şəbəkəsində olmalı və bu istiqamətdə iş getməlidir”, - deyə nazir sözlərinə davam etdi: “Yerlərdə təqdimatlar rəqəmsal daşıyıcılarda verilməlidir. Ötən dövr ərzində kitabxanalarda əməkdaşlar üçün komyuter kursları təşkil edilib. Növbəti ildə muzeylərdə də bu iş təşkil olunmalıdır. Əgər muzey əməkdaşı müasir texnologiyanı mənimsəyə bilməyəcəksə, həmin muzeyin gələcəyi yoxdur. Muzeylər təkcə keçmişi əks etdirmir. Bu mədəniyyət müəssisələri işini müasir tələblərə uyğun qurmalı, təqdim etməlidir”.
Nazir kitabxana sahəsində görülən işlərdən də danışdı, bu günlərdə Azərbaycan kitabxanaçılarının ümumrespublika müşavirəsinin keçirilməsini müsbət hal kimi dəyərləndirdi. Kitabxana sahəsində beynəlxalq, o cümlədən Baltikyanı ölkələrin təcrübəsinin nəzərə alınacağını bildirdi: “Azərbaycanda kitab işinin təkmilləşdirilməsinə ehtiyac var və biz bunun üçün müəyyən addımlar atmağa qərar vermişik”.
Bu günlərdə yekunlaşan “Milli Net” müsabiqəsində Mədəniyyət və Turizm Nazirliyinin saytı qiymətləndirmədə ikinci yeri tutub. Nazir bu nəticəni müsbət qiymətləndirdi: “Birinci yeri də əldə edə bilərdik. Gündəlik işimizi daha çevik əks etdirməliyik. Biz bu gün işimizi yeni sistemlə qurmalıyıq. İnternetin imkanlarından maksimum yararlanmalıyıq”.
Mədəniyyət və turizm müəssisələrinin vəhdət halında fəaliyyət göstərməsi vacibdir
Əbülfəs Qarayev turizm müəssisələri və mədəniyyət ocaqları arasında hələ də sıx əməkdaşlığın olmadığını diqqətə çatdırdı: “Biz canlı orqanizmin hissələri kimi vəhdət halında fəaliyyət göstərməliyik. Hansı muzeyin turizm şirkətləri ilə müqaviləsi var? Belə müqavilələrin sayı azdır, bəlkə də iki-üçdür. Turizm şirkətləri özəldir, mən onları məcbur edə bilmərəm. Ancaq mədəniyyət ocaqları özləri turizm şirkətləri ilə əməkdaşlığa maraq göstərməlidirlər. Gələn ildən Azərbaycana gələn turistlər üçün elektron vizaların verilməsi ilə bağlı sərəncam imzalanıb. Bu iş turizm şirkətlərinin vasitəçiliyi ilə həyata keçiriləcək. Bəs, turizm şirkətləri turistlərə hansı proqramı təqdim edəcəklər? Turistlər hansı muzeylərə, mədəniyyət ocaqlarına gedəcək, hansı səyahətləri edəcəklər? Bunlar hamısı vahid sistemə bağlı olmalıdır”.
Turizm sektorunda xidmətlərin müxtəlifliyi təmin edilməlidir
Turizm sahəsində görülmüş işlərə də toxunan nazir Əbülfəs Qarayev perspektivdə duran məsələlərdən də ətraflı söz açdı: “Turizm xidmətlərinin müxtəlifliyinin formalaşdırılması da bizim üçün çox önəmlidir. Bilirsiniz ki, bu yaxınlarda Qusar rayonunda Şahdağ Qış-Yay Turizm Kompleksinin tikintisinin birinci mərhələsi üzrə infrastruktur obyektlərinin açılışı oldu. Bu kompleks 2015-ci ilədək tam həcmdə işə düşəcək. Azərbaycana gələn qonaqlar üçün çox cəlbedici bir yer olacaq. Kompleksdə hotel, xizək sürmək üçün imkanlar var. Gələn il böyük axın gözləyirik. Növbəti il 500-ə qədər yerləşdirmə otağı olacaq.
İndi üçulduzlu hotellərin inşasına diqqət yetirməliyik. Hazırda beş və dördulduzlu hotellərin sayı kifayət qədərdir. Onlar hazırda tam gücü ilə işləyirlər. İndi isə biz daha aşağı ulduz kateqoriyası olan hotellərin inşasına başlayacağıq. Gələn ildən artıq beynəlxalq standartlara uyğunlaşmış və Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən təsdiqlənmiş hotellərin yeni ulduz alma qaydalarının tətbiqinə başlanacaq. Bu qaydalar kifayət qədər sərtləşib. Bu da zamanın tələbidir. Çünki biz istəyirik ki, bizim hotellər və turizm şirkətləri tərəfindən təqdim olunan xidmətlər dünya standartlarına uyğun olsun. Yeni hotellərin ulduz kateqoriyalarının müəyyənləşdirilməsi bu qiymətlərin daha sivil şəkildə tənzimlənməsinə imkan verəcək. Biz bu istiqamətdə işlər aparırıq. Hazırda Azərbaycanda lisenziya almış 400-dən artıq hotel fəaliyyət göstərir. Artıq ötən iki il müddətində Azərbaycan hotellərində qiymətlər 15-20 faiz enib. Biz də qanunvericiliyə uyğun olaraq, qiymətlərin tənzimlənməsi istiqamətində müəyyən işlər görürük”.
Yeni ildə bizi yeni vəzifələr gözləyir
Kollegiya iclasına yekun vuran nazir Əbülfəs Qarayev 2013-cü ildə mədəniyyət, incəsənət və turizm sahəsində çalışanları mühüm vəzifələr gözlədiyini bildirdi: “Növbəti il bizim üçün olduqca vacib ildir. 2013-cü ilin əsas tədbiri Bakıda keçiriləcək II Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu olacaq. Bu işə hazırlıq artıq başlanıb. Növbəti ildə ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi ilə bağlı böyük mədəniyyət tədbirləri keçiriləcək. Onun bünövrəsini qoyduğu mədəniyyət siyasəti bu sahədə böyük uğurların qazanılmasına zəmin olub. Biz bu tədbirlərə xüsusilə hazırlaşırıq.
Son olaraq demək istəyirəm ki, mədəniyyət, incəsənət və turizm mövzusu nəinki dövlətin maraq dairəsindədir, artıq geniş ictimaiyyət və ictimai qurumların maraq dairəsinə daxildir. Müxtəlif təşkilatlardan təşəbbüslər daxil olur, müxtəlif layihələr həyata keçirilir. Bu o deməkdir ki, cəmiyyət, hər bir şəxs mədəniyyət, incəsənət və turizm sahələrini özünə doğma bilir”.
Əbülfəs Qarayev çıxışında problem və nöqsanlardan da danışdı: “Bizim problemimiz bəzi işçilərin köhnə təfəkkürlü olmasındadır. Mən ilk gündən bu vəzifəyə gələndə demişəm, mədəniyyət və incəsənət sahəsində işləyən bütün insanlar bu cəmiyyətin qaymaqları olmalıdırlar. Rayonlarda mədəniyyət və turizm şöbəsinin, kitabxanaların, muzeylərin müdirləri cəmiyyətdə sayılan və hörmət edilən insanlar olmalıdır”.
Sonda nazir toplantı iştirakçlarını qarşıdan gələn bayramlar münasibətilə təbrik edərək ən xoş arzularını çatdırdı: “Mən hər birinizi qarşıdan gələn 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edirəm! İnanıram ki, Azərbaycanın mədəniyyət, incəsənət və turizm sahələrində çalışan fədakar insanlar növbəti ildə də qarşıda duran çox məsuliyyətli və böyük vəzifələrin öhdəsindən layiqincə gələ biləcəklər”.
Ceyhun Zərbəliyev