2012-ci il tarixin yaddaşında həm də ədəbi irsimizin yubileylər ili kimi qalacaq
Bu il mədəniyyətimiz üçün uğurlu, yaddaqalan il oldu. İl ərzində gerçəkləşən mühüm mədəniyyət tədbirləri sırasında görkəmli mütəfəkkirlərimizin, böyük ədiblərimizin yubileyləri xüsusi yer tutdu. Bu baxımdan 2012-ci ili mədəniyyətimizin, ədəbi irsimizin yubileylər ili adlandıra bilərik. Dünyanın müxtəlif yerlərindən söz-sənət işığına qonaqlar cəlb etmiş bu yubileylərin bir neçəsini xatırlayaq.
Dünya poeziyasının günəşi
Bu il dünya poeziyasının günəşi Nizami Gəncəvinin 870 illik yubileyi təkcə vətəni Azərbaycanda deyil, günbatandan gündoğanacan bir sıra ölkələrdə yüksək səviyyədə qeyd olundu. Nizami Gəncəvinin XII əsrdə yaratdığı, paylandıqca zənginləşən söz xəzinəsi XXI əsr insanını ilahi sehri, hikməti, əzəməti ilə heyrətləndirdi.
Yubileyin zirvəsi, şübhəsiz ki, sentyabrın 29-30-da Nizaminin doğma Gəncə şəhərində keçirilən silsilə tədbirlər oldu. Dünyanın 20-dən artıq ölkəsindən gələn ictimai xadimlər, alimlər, şərqşünaslar və nizamişünaslar əbədiyyət şairinin ünvanına ən xoş sözlər söylədilər, onun dünya poeziyasındakı danılmaz yerindən, əlçatmaz zirvəsindən danışdılar. Gəncə Şəhər İcra Hakimiyyəti binasının böyük iclas zalında dahi mütəfəkkirin 870 illik yubileyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans sübut etdi ki, Nizami Gəncəvinin yaradıcılığı təkcə Şərq tədqiqatçıları üçün deyil, eyni zamanda Avropa şərqşünasları üçün də hər zaman aktual olub. Çünki o, bir tərəfdən Aristoteli, Platonu mənimsəmişdisə, digər yandan Firdovsini, İbn Sinanı öyrənmişdi. Nizami yaradıcılığı Şərqlə Qərbin fəlsəfi, bədii-estetik sintezi, vəhdətidir.
Azad düşüncənin ilk mehi və ya uzun yolun başlanğıcı
Bu il yazıçı, filosof, ictimai xadim, milli dramaturgiyamızın banisi Mizə Fətəli Axundzadənin 200 illik yubileyi yüksək səviyyədə qeyd olundu. TÜRKSOY təşkilatı 2012-ci ili “M.F.Axundzadə ili” elan etdi. Ədibin ölməz komediyaları dövlət teatrlarında tamaşaya qoyuldu, yubileyə həsr olunmuş “Sərgüzəşti-Mirzə Fətəli Axundzadə” Milli Teatr Festivalı keçirildi, Axundzadənin həyat və yaradıcılığını əks etdirən “Sübhün səfiri” ikiseriyalı bədii filmi çəkildi, mütəfəkkirin əsərləri yenidən çap olundu. Mirzə Fətəlinin yubileyi Azərbaycanda və onun hüdudlarından kənarda layiqincə qeyd olundu. TÜRKSOY-un təşkilatçılığı ilə “Mirzə Fətəli Axundzadə ili” çərçivəsində yekun tədbirləri Şimali Kiprdə, Ankarada və İstanbulda keçirildi.
Yenə ya Rəbb, nə qəmgindir mənim bu şad olan könlüm...
Azərbaycanın tanınmış şairəsi, ictimai xadimi Xurşudbanu Natəvanın anadan olmasının 180 illik yubileyi paytaxt Bakıda və bölgələrimizdə şeir-sənət məclisləri ilə qeyd olundu. Vaxtilə Xan qızı da Şuşada "Məclisi-üns" ədəbi məclisini təşkil etmiş, yaradıcılığında yüksək humanizm ideyalarını təbliğ edərək dövrün ədəbi mühitinin formalaşmasında müstəsna xidmətlər göstərmişdir. Parlaq istedada və qabaqcıl ideallara malik şəxsiyyət kimi Azərbaycan mədəniyyətində və ictimai həyatında mühüm rol oynamışdır.
Natəvanın yaradıcılığı təkcə poeziya ilə məhdudlaşmayıb. O həm də mahir rəssam idi, həmçinin onun nəfis əl işləri, müxtəlif janrda tikmələr bacarığı da olub.
Yaradıcılıqla bərabər xeyriyyəçiliyi ilə də tarixə düşüb. Bu gün əlimiz çatmayan Şuşaya su kəmərini çəkdirib, imkansızlara əl tutub.
Bütün zamanların diri şairi
Böyük satirik şair Mirzə Ələkbər Sabirin 150 illiyi il boyu qeyd edildi. Mayın 30-da şairin doğulub boya-başa çatdığı Şamaxıda müxtəlif ölkələrdən şair və yazıçıların, ədəbiyyat adamlarının qatıldığı “Sabir Poeziya Günü” böyük uğurla keçdi, ertəsi gün isə Bakıda geniş yubiley tədbirləri gerçəkləşdi. Klassik Şərq, o cümlədən Azərbaycanın möhtəşəm poeziya ənənələrinə əsaslanaraq milli şeirimizin tamamilə yeni örnəklərini yaradan Sabir sözün mütləq anlamında özü ilə başlayıb, özü ilə də bitir. Şübhəsiz ki, bu fikir Sabir novatorluğunun Azərbaycan şeirinin sonrakı mərhələsinə təsirini qətiyyən inkar etmir. Onun yaratdığı əsərlər forma bənzərsizliyi, çoxqatlı bədii obrazlar sistemi, vətəndaş yanğısı, humanist ruhu ilə onunla tanış olan hər kəsi heyrətə salır. Sabir nadir şairlərdəndir ki, onun yaradıcılığı milli ədəbiyyatımızda, hətta qüdrətli Şərq-İslam ədəbiyyatında yeni məktəb, yeni mərhələ, yeni hadisə məzmununa malikdir.
Yubiley ili çərçivəsində “Hophopnamə”nin yeni nəşri, həmçinin “Sabir təsviri sənətdə”, “Sabirin satira sənətkarlığı”, “Sabir Bakıda” kitabları nəfis tərtibatla işıq üzü gördü.
Qılınc, yoxsa qələm?
Azərbaycan ədəbiyyatında tarixi roman janrının banisi, görkəmli nasir, şair, dramaturq, jurnalist, tərcüməçi Məmməd Səid Ordubadinin 140 illik yubileyi də geniş qeyd olundu. İyunun 27-də Azərbaycan Dövlət Filarmoniyasında Ordubadinin 140 illik yubileyinə həsr edilmiş təntənəli tədbir keçirildi. "Qılınc və qələm", "Döyüşən şəhər", "Gizli Bakı”, “Dumanlı Təbriz” və digər əsərləri ilə Azərbaycan ədəbiyyatında tarixi roman janrının əsasını qoyan ədibin həyat və yaradıcılığı geniş təhlil olundu. Yubiley ili çərçivəsində yazıçının ikicildlik “Dumanlı Təbriz” əsəri nəşr olundu.
“Mənim tanrım gözəllikdir, sevgidir”
Səma şairi Hüseyn Cavidin 130 illiyi yubileylər ilinin daha bir yaddaqalan səhifəsi oldu. Oktyabrın 24-də Akademik Milli Dram Teatrında təntənəli yubiley mərasimi keçirildi. “Şeyx Sənan”, “İblis”, “Topal Teymur”, “Peyğəmbər”, “Xəyyam”, “Səyavuş” kimi dramları, “Azər” poeması, eyni zamanda lirik-fəlsəfi şeirləri Cavidin adını milli mədəniyyət tarixinə əbədi olaraq həkk etmişdir. Bu əsərlərin hər birində böyük sənətkar bəşəriyyəti düşündürən ən vacib məsələlərə toxunmuş, insanın dəyərindən, onun böyük xariqələr yaratmaq imkanı varkən hansı həyat ziddiyyətləri ilə üz-üzə qaldığından ustalıqla bəhs etmişdir. Hüseyn Cavid müsəlman Şərqində yazıb-yaradan bir çox şairlərdən fərqli olaraq insanı dininə, milliyyətinə və mənsub olduğu zümrəyə görə deyil, düşüncəsinə, əməllərinə, elminə və qabiliyyətinə görə dəyərləndirirdi. O, obrazlı desək, məhəbbət dininə sitayiş edir, mədəniyyət məbədinə tapınırdı.
Böyük şair, böyük dramaturq, böyük filosof və böyük müəllim olan Hüseyn Cavid parlaq şəxsiyyəti, yüksək ziyalı əxlaqı və kəşməkəşli taleyi ilə bütün dövrlər üçün örnəkdir. Hüseyn Cavid 30-cu illər repressiyasının qurbanı olmuş, əsərləri qadağan edilmiş, kitabları kitabxana rəflərindən qaldırılmışdır. Ancaq sovet dövrünün bütün qadağalarına baxmayaraq, Azərbaycan xalqı Cavidi, onun əsərlərini qəlbində yaşatmışdır. Ölümündən sonra bəraət alan şair ölməz əsərləri ilə yenidən öz xalqının görüşünə gəlmişdir.
Şair, ölüm dalğası və azadlıq
Nə qədər ki, hakimlik var, məhkumluq var, mən varam.
Zülmə qarşı üsyankaram, əzilsəm də, susmaram!
- deyən böyük istiqlal şairi, azərbaycançılıq, türkçülük ideyalarının yorulmaz təbliğatçısı, həyatı boyunca bir an olsun belə ideallarından əl çəkməyən, həm ictimai fəaliyyəti, həm də bədii yaradıcılığı ilə tarix səhifəsindən üzüağ çıxan vətən oğlu, mübarizlik nümunəsi Əhməd Cavadın 120 illik yubileyi qeyd olundu.
Şairin 1919-cu ildə yazdığı “Azərbaycan marşı” Üzeyir Hacıbəylinin bəstəsi ilə müstəqil dövlətimizin himninə çevrildi. Üzeyir bəy Əhməd Cavadın “Çırpınırdın, Qara dəniz” şeirinə də musiqi yazır və bu mahnı bu gün türk dünyasının azadlıq və mübarizə himnidir.
Əhməd Cavad da qara repressiya yellərinin qurbanı olur, 1937-ci il oktyabrın 13-də güllələnir. Azərbaycan xalqının azadlığı və istiqlaliyyəti uğrunda mübarizə aparan, bu yolda canını fəda edən şair, zaman gəldi ki, xalqının qəhrəmanı kimi yenidən tarixin səhnəsində öz yerini, layiq olduğu zirvəni tutdu. Azərbaycan var olduqca bu yer onun olacaq!
XX əsr poeziyamızın mirvarisi
Oktyabrın 10-da Dövlət Mahnı Teatrında Xalq şairi Mirvarid Dilbazinin 100 illik yubileyinə həsr olunmuş təntənəli mərasim keçirildi. Əsərlərində sülhü, humanizmi, məhəbbəti, təbiəti tərənnüm edən Mirvarid Dilbazi zəngin yaradıcılığı ilə poeziyamızın, ədəbiyyatımızın və mədəniyyətimizin nəhəng bir hadisəsinə çevrilmişdir. Bu gün o yalnız Azərbaycan ədəbiyyatının deyil, bütünlükdə milli mənəviyyatımızın obrazı kimi qəbul olunur.
Mirvarid Dilbazi uzun ömür yaşadı, yeni əsrin ilk ilini də gördü. Ağlı-qaralı, enişli-yoxuşlu, daşlı-kəsəkli... Ancaq o, ömrünün bir gününü də ümidsiz, arzusuz, işıqsız yaşamadı. Bu işıq indi şeirlərindən oxucuların qəlbinə süzülür, könülləri sevindirir, ruhları oxşayır, onu unudulmağa, bizdən uzaqlaşmağa qoymur.
* * *
Bu il həmçinin böyük maarifçi Həsən bəy Zərdabinin 170, azadlıq şairi Xəlil Rza Ulutürkün 70 illiyi qeyd olundu, digər ədiblərimiz də yada salındı. Qarşıdan Yeni il, yeni yubileylər gəlir. Bayramınız mübarək, yeni yubileylərdə görüşənədək...
Təranə Vahid