“Yenə düşür yadıma ömrün ötən günləri...”
   
   Əhməd Cəmil təbiət etibarı ilə çox sakit, təmkinli, həm də son dərəcə mədəni bir insan olub. Hətta dövrün ədəbi mübahisələrinə qoşulmayıb. Vaxtının çox hissəsini yaradıcılığa həsr edib. Rəsmi dairələr tərəfindən onun bu insani keyfiyyətləri çox bəyənilib, yaradıcılığı yüksək qiymətləndirilib, ona etimad göstərilib. Bir müddət Azərbaycan Yazıçılar İttifaqının məsul katibi (1944-1948) vəzifəsində çalışıb. Sonra “Azərbaycan” və “Ulduz” jurnallarının baş redaktoru olub...
   
   Əhməd Səttar oğlu Cəmilzadə 1913-cü il oktyabrın 20-də İrəvan şəhərində sənətkar ailəsində anadan olub. Dörd yaşında ikən atasını itirir və anasının himayəsində böyüyür. Sonra Gəncəyə köçürlər, Əhmədin uşaqlıq və gənclik illəri bu şəhərdə keçir.
   Hələ orta məktəb illərində “Gözəl Qafqaz” adlı ilk şeiri “Qızıl Gəncə” jurnalında dərc olunur. Daha sonra “Dünyanın gözəlliyi”, “Şübhə”, “Xatirə”, “Yadigar”, “Qoca aşıq”, “Xoşbəxt uşaqlar” adlı şeirləri mətbuatda dərc olunur. Zamanın nəbzini tutmağı bacarır, yeni quruluşu vəsf edən şeirlər yazır. Çox keçmir, gənc proletar şairlərin cərgəsinə qoşulur, Gəncədə və Bakıda nəşr olunan qəzet və jurnallarda mütəmadi çıxış edir.
   Bakıda Pedaqoji İnstitutda təhsilini başa vurduqdan sonra yeddi il Şəmkir və Gəncədə müəllim işləyir. Fəal yaradıcılıq axtarışları onu ədəbi prosesin fəal iştirakçısı edir. 1940-cı ildə Bakıya köçür. Taleyini əbədi olaraq bu şəhərlə bağlayır. Müharibə illərində Əhməd Cəmil şair kimi daha da məşhurlaşır. Səməd Vurğun onun müharibə dövrü yaradıcılığını yüksək dəyərləndirir: “Mən şair Əhməd Cəmilin çaldığı şeir rübabını dinləyirəm. Bu rübabın tellərindən qopan zərif və mənalı nəğmələr nə qədər dadlı və təbiidir. Bunlar saf dağ çeşmələri kimi şırıl-şırıl axır və ilk baharın gülləri kimi ətir saçır. Bu nəğmələrdə bir qəlbin, həm də həqiqi bir şair qəlbinin çırpıntıları səslənir! Mən həqiqi şair dedim. Bu, həqiqi ilham deməkdir. Əsl ilham könüllər yolçusu, könüllər aşiqi olan bir şairin hünəridir”.
   Bu dövrdə Əhməd Cəmilin yaradıcılığında daha çox diqqətçəkən “Can nənə, bir nağıl de!” şeiri olub. Əsər XX əsr Azərbaycan poeziyasında süjetli lirikanın ən gözəl nümunələrindən biridir.
   
   - Ay nənə, bir nağıl de!
   - Ömrüm-günüm, yat daha,
   Hamısını indi desəm, nağıl qalmaz sabaha.
   - Can nənə, de birini də.
   - Ağrın alım, sözə bax.
   Evimizdə səndən savay,
    gör, heç varmı bir oyaq?
   
   Bu şeir haqqında vaxtilə çox fikirlər söylənib. Görkəmli yazıçı, tənqidçi Mehdi Hüseynin fikirləri isə çox maraqlıdır: “Bu əsərin gözəlliyini duymaq üçün onu başdan-ayağa diqqətlə oxumaq lazımdır. Bu şeirdə hər şey yenidir: məzmun da, ideya da, forma da, sözlər də. “Can nənə, bir nağıl de!” hər şeydən əvvəl həyatımızın ən tipik bir hadisəsindən bəhs edir. Şair bu hadisəni bəzəmir, “romantikləşdirmir”, amma əsər gözəl rayihəli bir romantika ilə nəfəs alır. Burada lirika da vardır, xəfif bir kədər də, bahar ətri verən bir sevinc də”.
   Əhməd Cəmil sözün həqiqi mənasında lirik şair olub. Müharibə illərində yazdığı şeirlərində əsgər qəlbinin döyüntülərini qələmə alır. Bu ülvi yaradıcılıq bir daha Səməd Vurğunun diqqətindən yayınmır: “O öz incə rübabında çaldığı nəğmələrlə həyat və səadət ordumuzun qəlbinə ilham və qüvvət verir. Qəhrəman əsgərlərimizin mərd əllərini alqışlayır...”.
   O, həqiqətən hisslər, duyğular şairi olub. Bəzən tənqidçilər sovet dövrünün poeziyasını zərif hisslərdən, duyğulardan uzaq düşdüyünü bildirirlər. Ancaq Əhməd Cəmil yaradıcılığı belə deyil.
   
   Ocaq sönür, yel əsir, yağış döyür səngəri.
   Yenə düşür yadıma ömrün ötən günləri.
   Hanı, hanı deyirəm, o dilimin əzbəri,
   İlk görüş, son ayrılıq xatirində qalırmı,
   Görəsən, o gözəl qız məni yada salırmı?

   Onun “Kənd xatirələri” silsiləsindən olan “Əmrahın anası” şeirindəki Hicran xala müharibədə həlak olan bir igidin anasıdır. Nəvəsi ilə bir yerdə yaşayır. Əsərdə göstərilir ki, yolçular su üçün onun evinə dönürlər. Qadın yolçularla söhbətində çox mehribanlıq göstərir. Əri haqda bir kiçik hekayət danışır:
   
   - Hər gün çöldən gələr yorulmuş, xəstə,
   Ləklərə su açar, fikrə gedərdi.
   Oturub həyətdə bu taxtın üstdə
   Gecə çubuğunu tüstülədərdi.
   
   Kiçik nəvəsindən də söz salır:
   
   - Əmrahdan nişanə odur, bilirsən,
   Adı Nüşabədir, noğul deyirəm.
   Oğul əvəzidir! Hərdən görürsən,
   Huşum dağılanda oğul deyirəm...
   
   Əhməd Cəmil yaradıcılığı ilə tanış olarkən hiss edirsən ki, şair dövrünün “ənənəvi” mövzularından da yan keçə bilməyib. Onun yaradıcılığında çeşidli mövzulara rast gəlinir. “Bu gecə Nəsimi gəlmişdi bizə”, “Təbrizdə”, “Səməd Behrəngi”, “Ancela Devisə”, “Zəncilər məhəlləsi”, “Kuba vətənpərvərləri”, “Konqo” və s. şeirlər buna misal ola bilər.
   O, ədəbi yaradıcılıqla bərabər tərcüməyə də vaxt ayırıb. Müxtəlif illərdə Viktor Hüqo, Nikolay Nekrasov, İvan Franko və Konstantin Simonovdan tərcümələr edib. Ən maraqlı tərcümələrindən biri dahi alman şairi Hötenin “Faust” əsəridir. Belə deyirlər ki, bu tərcüməyə səbəb, Hötenin Şərq xalqlarının ədəbiyyatına vurğunluğu olub. Məlumdur ki, Höte Şərq ədəbiyyatını yüksək qiymətləndirib, “Qərb-Şərq divanı” adlı şeirlər məcmuəsini yaradıb. Əhməd Cəmil ona ehtiram əlaməti olaraq “Faust”dan tərcümələr edib.
   Görkəmli sənətkar bütün ömrü boyu xalqının mənəvi həyatı ilə sıx bağlı olub. Zamanın, dövrünün mütərəqqi ideyalarını tərənnüm edib. Yaradıcılığının coşqun çağında, ömrünün müdrik vaxtında - 1977-ci ildə Bakıda vəfat edib.
   
   Savalan Fərəcov







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar