Hindistanın Nyu-Dehli şəhərində UNESCO-nun Dünya İrs Komitəsinin 46-cı sessiyası keçirilir. Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini Səadət Yusifovanın rəhbərlik etdiyi nümayəndə heyəti iyulun 21-də öz işinə başlayan sessiyada iştirak edir.

Sessiyanın rəsmi açılış mərasimində UNESCO-nun baş direktoru Odre Azule, Hindistanın Baş naziri Narendra Modi və digər rəsmilər çıxış ediblər.

İyulun 22-də iclasın gündəliyi təsdiq edilib. Gündəlik üzrə katibliyin hesabatı, məşvərətçi orqanlar olan ICOMOS, IUCN, ICCROM və regional mərkəzlərin hesabatları dinlənilib. Həmçinin komitənin büdcəsi və mədəni irs üzrə potensialın gücləndirilməsinə dair strategiya müzakirə edilib. Müzakirələr çərçivəsində milli bəyanatla çıxış edən Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi, səfir Elman Abdullayev ölkəmizdə mədəni irsə dəstək, Ermənistan işğalı dönəmində düşmən tərəfindən qəsdən tamamilə dağıdılmış şəhərlərin və tarixi abidələrin bərpası, eləcə də mədəni irsin iqlim dəyişikliklərinin təsirindən qorunması üçün bu ilin noyabrında Bakıda keçiriləcək COP29 çərçivəsində planlaşdırılan tədbirlər haqda məlumat verib.

Səfər çərçivəsində iyulun 22-də nazir müavini Səadət Yusifova Birləşmiş Ərəb Əmirlikləri mədəniyyət nazirinin müavini Mübarək əl-Nakhi ilə görüşüb. Görüşdə iki ölkə arasında mədəniyyət sahəsində əməkdaşlığın uğurla inkişaf etdiyi, son illərdə təmasların daha da intensivləşdiyi vurğulanıb. Mübarək əl-Nakhi bu ilin mayında “Şuşa – İslam dünyasının mədəniyyət paytaxtı” ilinin açılışında, “Xarıbülbül” musiqi festivalında iştirak etdiyini və qala-şəhərimizin tarixi-mədəni zənginliklərinə və əsrarəngiz təbiətinə heyran olduğunu bildirib.

Görüşdə həmçinin ötən il Dubayda keçirilən COP28 çərçivəsində başladılan mədəni təşəbbüslərin COP29-da davam etdirilməsi üçün birgə fəaliyyət istiqamətləri ətrafında müzakirə aparılıb.

Həmin gün nazir müavini avstraliyalı həmkarı xanım Reyçel Perri ilə də görüşüb. Görüşdə mədəni irsin qorunması üçün beynəlxalq platformalar çərçivəsində əməkdaşlıq, ən yaxşı təcrübələrin mübadiləsi və təbliği, eləcə də iqlim dəyişikliyinin mədəni irsə təsirlərindən qorunmaq üçün effektiv mexanizmlər ətrafında müzakirə aparılıb. Söhbət zamanı COP29 çərçivəsində ölkəmizdə reallaşacaq mədəni tədbirlər və yeni təşəbbüslər barədə məlumat verilib.

Qeyd edək ki, ölkəmizin Dünya İrs Komitəsinin 46-cı sessiyasında iştirak edən nümayəndə heyətində Mədəniyyət Nazirliyi ilə yanaşı, Azərbaycanın UNESCO yanında Daimi Nümayəndəliyi, UNESCO üzrə Azərbaycan Milli Komissiyası, ICOMOS Azərbaycan və İçərişəhər Dövlət Tarix-Mədəniyyət Qoruğu İdarəsinin nümayəndələri yer alıb.

Dünya İrs Komitəsinin 46-cı sessiyası iyulun 31-dək davam edəcək.

Onu da əlavə edək ki, UNESCO-nun Dünya İrs Komitəsi 21 üzv-ölkədən ibarətdir. İki ildən bir tərkibin bir hissəsi yenilənir. Azərbaycan 2015–2019-cu illərdə komitənin üzvü olub. 2019-cu ildə (30 iyun – 12 iyul) UNESCO-nun Dünya İrs Komitəsinin 43-cü sessiyası Bakıda keçirilib.