Torpaq, uğrunda ölən varsa, Vətəndir. 20 Yanvar faciəsindən 23 il keçməsinə baxmayaraq, o günlərin sarsıntısı hələ də hafizələrdədir. Azərbaycanın sənət adamları bu qanlı tarixə biganə qalmayıb, əsərlərində öz vətəndaşlıq mövqelərini ifadə ediblər.
   
   Bəstəkarlarımız da bu ağrılı mövzuya tez-tez müraciət ediblər, xalqımızın qəhrəmanlarına, mübarizəsinə, faciəli olaylarına həsr olunmuş əsərlər, “Qarabağnamə”, “Xocalı”, “Şəhidlər” adlı konkret musiqi əsərləri meydana gəlib (F.Əlizadənin “Qarabağnamə” (“İntizar”) operası, S.İbrahimovanın tar və simfonik orkestr üçün “Qarabağnamə” konserti və s.). Bu mövzu istər iri (simfoniya, konsert, kantata, opera), istərsə də kiçik həcmli (vokal, kamera-instrumental əsəri, poema, süita, ballada, mahnı) kompozisiyalar gələcək nəsillər üçün musiqi ismarışı, daim vətəndaşlıq mövqeyini bildirmək üçün bir çağırışdır.
   Yanvarın 18-də Azərbaycan Bəstəkarlar İttifaqında 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar keçirilən anım tədbirində də bu musiqi əsərlərindən bir qismi səsləndi. Rəssamlar İttifaqı ilə birgə təşkil olunan tədbir çərçivəsində sərgilənən rəsm əsərləri isə vizual olaraq bu faciəni yenidən göz önündə canlandırdı. Rövşən Məmmədovun “Torpağın harayı”, “Xocalı soyqırımı”, Rafael Muradovun “Faciə”, Oqtay Quliyevin “Qətl”, “Matəm”, Bayram Qasımxanlının “Faciələrimiz” (triptix) rəsmləri tariximizin qanlı-qadalı anlarına sənətkar baxışıdır.
   Tədbirdə çıxış edən Bəstəkarlar İttifaqının sədri, Xalq artisti, professor Firəngiz Əlizadə təqdim olunan rəsmlərə görə Rəssamlar İttifaqına minnətdarlığını bildirdi. O, musiqiçilərimizin bu mövzuya mütəmadi müraciət etdiyini, bu sırada yüksək bədii əhəmiyyətə malik olan əsərlərin meydana gəldiyini vurğuladı.
   Çıxışlardan sonra söz musiqiyə verildi. Azərbaycan Bəstəkarlar İttifaqının “Oazis” simli kvarteti (Cavad Tağızadə - I violin, Samir Əsədov - II violin, Elcan Cəbrayılov - viola, Asim Xəlilov - violonçel) Samuel Barber, Dmitri Şostakoviç və Azər Rzayevin əsərlərinə müraciət edərək peşəkar ifa və incə zövq nümayiş etdirdilər.
   S.Barberin “Adajio”su (1936), A.Rzayevin 1 saylı kvartetin III hissəsi (50-ci illər), D.Şostakoviçin 8 saylı kvarteti (1960) müxtəlif dövrlərdə, müxtəlif bəstəkarlıq məktəblərinin nümayəndələri tərəfindən yaranmış əsərlər olsa da, onları ümumi bir obraz birləşdirir. Bu da faciə obrazı, tənha insanın bu faciə ilə bağlı hissləri və duyğularıdır. Vaxtilə A.Moren, S.Barberin “Adajio”su haqqında belə söyləmişdi: “O, pafos və üzücü hisslərlə dolğundur”. Elə ilkin xanələrdən xoral planlı fon əsasında skripkanın tənha melodiyası və sonradan ona cavab verən altın partiyası qeyd olunan obrazı təsvir etməyə müvəffəq oldu. A.Rzayevin 1 saylı kvartetin III hissəsinin ifası da çox böyük marağa səbəb oldu. Milli lad təfəkküründən irəli gələn prinsiplər klassik çərçivəli formada öz əksini taparaq kompozisiyanın gözəlliyini yenidən açıqladı. Sonda D.Şostakoviçin 8 saylı kvartetinin səslənməsi rəmzi bir məna daşıyırdı. Bu əsər rəsmi olaraq “Faşizm və müharibə qurbanlarının xatirəsinə” həsr olunub. 20 Yanvar faciəsinin ildönümünə həsr olunmuş anım tədbirində bu əsərin səslənməsi o dövrlə paralellər yaradaraq xatirələri canlandırdı.
   
   Vəfa Xanbəyova,
   sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar