Yanvarın 30-da Mədəniyyət və Turizm Nazirliyinin yaranmasının 7 ili tamam olur
   
   Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 30 yanvar 2006-cı il tarixli fərmanına əsasən mədəniyyət və turizm sahələrinin idarə edilməsinin təkmilləşdirilməsi və müasir tələblərə uyğun qurulması, idarəetmənin səmərəliliyinin daha da artırılmasının zəruriliyi nəzərə alınaraq yeni mərkəzi icra orqanı - Mədəniyyət və Turizm Nazirliyi təşkil edilmişdir. Yeni nazirliyin fəaliyyətə başlaması Azərbaycanın zəngin mədəni irsinin, incəsənətinin inkişaf etdirilməsi və təbliğinə, ölkəmizin turizm imkanlarının dünyada daha geniş tanıdılmasına, turizm sahəsinin sürətli inkişafına əlavə zəmin yaratmışdır.
   
   Mədəniyyət və Turizm Nazirliyinin yaradılması və öz işini daha müasir tələblərə uyğun qurması əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən uğurlu dövlətçilik siyasətinin ayrılmaz tərkib hissəsi idi.
   Ötən müddətdə ölkə həyatının bütün sahələri yüksək inkişaf yolu keçmişdi. Belə bir şəraitdə mədəniyyət və turizm sahəsinin yenidən təşkilatlanmasına və dünya standartlarına uyğun, beynəlxalq təcrübələrə əsaslanaraq idarə olunmasına ehtiyac yaranmışdı. Son illər bu sahədə əldə olunan uğurlar aparılan islahatın nə qədər mütərəqqi olduğuna bariz sübutdur. Respublikamızın sosial-iqtisadi tərəqqisi, regional və beynəlxalq nüfuzunun artması həyata keçirilən genişmiqyaslı mədəniyyət layihələrində, incəsənət tədbirlərində, turizm proqramlarında da özünü göstərmişdir.
   Azərbaycan Respublikası Prezidentinin mədəniyyət və turizmlə bağlı fərman və sərəncamlarını, müvafiq dövlət proqramlarını əldə rəhbər tutan Mədəniyyət və Turizm Nazirliyi hər iki sahənin ahəngdar inkişafını təmin etmək məqsədilə incəsənət, mədəni irs, kinematoqrafiya, nəşriyyat işi, elm və təhsil, turizm, beynəlxalq əlaqələr, eləcə də mədəniyyət və turizm obyektlərinin tikintisi, yenidən qurulması sahəsində mühüm tədbirlər həyata keçirməkdədir. İndiyədək görülən işlər, əldə olunan nəticələr bu sahələrdə perspektiv layihələrə, gələcək inkişafa daha nikbin baxmağa əsas verir.
   
   Milli incəsənətimiz dünya sənət aləmində

   
   2006-2012-ci illərdə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən mədəniyyət və incəsənət sahəsində 1000-dən çox beynəlxalq və respublika əhəmiyyətli tədbir keçirilmiş, ölkəmiz beynəlxalq festival və müsabiqələrə ev sahibliyi etmişdir. Onların sırasında Beynəlxalq Rostropoviç festivalları (2007-2012), I və II Beynəlxalq muğam festivalı və müsabiqələri (2009, 2011), Bakı beynəlxalq caz festivalları (2009-2012), Ü.Hacıbəyliyə həsr olunmuş beynəlxalq musiqi festivalları (2009-2012), Vokalçıların Bülbül adına Beynəlxalq Müsabiqəsi (2007, 2010, 2012), Qəbələ Beynəlxalq Musiqi Festivalı (2009-2012), Bakı Beynəlxalq Teatr Konfransı (2010, 2012), Qara Qarayev adına IV Beynəlxalq Müasir Musiqi Festivalı (2011), I Bakı Beynəlxalq Kukla Teatrları Festivalı (2011), I Beynəlxalq Kukla Biennalesi (2011), Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası (2009, 2011) kimi tədbirləri xüsusi qeyd etmək lazımdır.
   Bu layihələrin önəmli qismi mədəniyyətimizin hamisi, Azərbaycanın birinci xanımı, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu ilə birlikdə həyata keçirilmişdir. Heydər Əliyev Fondunun dəstək verdiyi, təşəbbüsçüsü və təşkilatçısı olduğu layihələr milli incəsənətimizin dünyada, dünya incəsənətinin isə Azərbaycanda təbliğinə, bu sahədə ayrı-ayrı ölkələrlə müştərək tədbirlərin təşkilinə böyük töhfədir.
   Nazirlik tərəfindən müxtəlif ölkələrdə keçirilən Azərbaycan mədəniyyəti günləri incəsənətimizin, tarixi-mədəni irsimizin, ölkəmizin nailiyyətlərinin dünyada tanıdılmasına, eləcə də qarşılıqlı mədəni təmasların genişlənməsinə, əməkdaşlığa yeni təkan verir. Nazirliyin yarandığı vaxtdan ötən müddətdə Almaniya, Misir, Səudiyyə Ərəbistanı, Tacikistan, Türkmənistan, Rusiya, Qətər, Mərakeş, Küveyt, Çin, İordaniya, Gürcüstan, Kuba, Meksika, İran və s. ölkələrdə Azərbaycan mədəniyyət günləri keçirilmişdir. 2012-ci ildə Ukrayna, Qazaxıstan və Türkiyədə (iyun), Belarusda (oktyabr), Moldovada gerçəkləşən mədəniyyət günlərində Azərbaycanın musiqisi, teatr və balet tamaşaları, kino nümunələri, habelə foto və turizm sərgiləri vasitəsilə ölkəmizin ənənə və müasirlik qovşağında bugünkü inkişafı təqdim edilmişdir. 2012-ci ilin aprelində Heydər Əliyev Fondunun, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi və ölkəmizin Romadakı səfirliyinin köməyi ilə ilk dəfə İtaliyada keçirilən Azərbaycan mədəniyyəti günləri xüsusilə əlamətdar olmuşdur. Tədbir çərçivəsində Romanın “Villa Borghese” parkında dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin abidəsi açılmışdır.
   Bununla yanaşı, ötən dövrdə Azərbaycanda “Rusiya ili” (2006), “Alman mədəniyyət ili” (2009), həmçinin Türkmənistan, Gürcüstan, Qətər, Tacikistan, Mərakeş, İordaniya, Küveyt, Qazaxıstan, Çin və s. ölkələrin mədəniyyət günləri gerçəkləşmişdir.
   Ötən dövr teatr sənəti üçün də mühüm hadisələrlə yadda qalmışdır. Son 7 ildə dövlət teatrlarında 600-dək yeni tamaşa hazırlanmış, “Azərbaycan Teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramı təsdiq edilmiş, 2009-cu ildə Gəncədə, 2011-ci ildə Lənkəranda “Yeni Teatr” respublika festivalları gerçəkləşmişdir. Teatrlarımız hər il beynəlxalq festivallarda uğurla çıxış edir, müxtəlif ölkələrə qastrol səfərlərinə gedir. 2012-ci ildə Akademik Milli Dram Teatrı Belqrad (Serbiya), Kişineu (Moldova) və Tbilisidə, Gənc Tamaşaçılar Teatrı Əl-Füceyrada (BƏƏ), İranda, Belarusda, Sumqayıt Musiqili Dram Teatrı Türkmənistanda, Şəki Dram Teatrı Türkiyənin Konya şəhərində, Naxçıvan Kukla Teatrı Düşənbədə, “Yuğ” Teatrı Finlandiyada, Gəncə Dram Teatrı Türkiyənin Girəsun, Başqırdıstanın Ufa şəhərlərində, Dövlət Kukla Teatrı Həştərxanda (Rusiya) festivallarda iştirak etmişdir.
   2012-ci ilin 1-25 iyun tarixində milli dramaturgiyamızın banisi Mirzə Fətəli Axundzadənin 200 illiyi münasibətilə «Sərgüzəşti-Mirzə Fətəli Axundzadə» Milli Teatr Festivalı keçirilmişdir. Nazirliyin repertuar planına əsasən, 2012-ci ildə respublika teatrlarında Axundzadənin komediyaları əsasında 18 tamaşa hazırlanmışdır.
   «Azərbaycan teatrı 2009-2019-cu illərdə» Dövlət Proqramına əsasən, 2012-ci ilin 5-6 noyabr tarixində Bakıda keçirilən II Beynəlxalq Teatr Konfransı bu sahədə təcrübə mübadiləsinə, beynəlxalq əlaqələrin inkişafına əlavə təkan vermişdir. Tədbirdə MDB, Avropa, Afrika, Amerika və Asiya ölkələrindən 70-dək qonaq iştirak etmişdir.
   Azərbaycan təsviri sənətinin inkişafı, təbliği, gənc rəssamların yaradıcılığının dəstəklənməsi istiqamətində xeyli işlər görülmüşdür. Ötən 7 ildə bu sahədə 300-dək respublika və beynəlxalq əhəmiyyətli tədbir keçirilmişdir. 2007, 2009 və 2011-ci illərdə İtaliyada keçirilən Dünya Təsviri Sənət Sərgisində (Venesiya Biennalesi) Azərbaycan pavilyonu təşkil edilmişdir. 2012-ci ilin 9-16 dekabr tarixində nazirliyin Rəssamlar İttifaqı və “Yarat!” Müasir İncəsənət Məkanı ilə birlikdə Bakıda keçirdiyi “Alüminium” V Beynəlxalq Müasir İncəsənət Biennalesinə 15-dək ölkədən rəssam, sənətşünas və kurator qatılmış, biennale çərçivəsində paytaxtdakı 15 qalereya və muzeydə sərgilər təşkil olunmuşdur. 2012-ci ildə keçirilən II Respublika dekorativ-tətbiqi sənət festivalı bu sahənin inkişafına, yeni sənətkarlar nəslinin üzə çıxmasına töhfə olmuşdur.
   Ötən il bir çox incəsənət xadimlərinin - fırça ustası Bəhruz Kəngərlinin 120, maestro Niyazinin və ilk peşəkar qadın bəstəkarımız Ağabacı Rzayevanın 100, böyük bəstəkarlar Fikrət Əmirov və Rauf Hacıyevin, unudulmaz müğənnilər Sara Qədimova və Şövkət Ələkbərovanın 90, görkəmli kamança ifaçısı Habil Əliyevin 85, dünya şöhrətli müğənni Müslüm Maqomayevin 70 illiyi və s. yubileylər qeyd edilmişdir.
   İncəsənət sahəsində əldə olunan nailiyyətlər dövlət tərəfindən hər zaman yüksək qiymətləndirilir. Eyni zamanda, 2008-ci ildən nazirlik tərəfindən teatr, musiqi, təsviri sənət, kino sahəsi üzrə «Zirvə» mükafatı təqdim olunur.
   
   Mədəniyyət siyasətinin geniş üfüqləri
   
   Son 7 il ərzində muzey işi, qeyri-maddi mədəni irs, o cümlədən aşıq sənəti, xalq yaradıcılığı sahəsində bir sıra tədbirlər həyata keçirilmişdir. Nazirliyin “2010-2014-cü illər üçün Xalq Yaradıcılığı Paytaxtları” proqramı çərçivəsində folklor, sənətkarlıq, əfsanələr paytaxtları (2010-cu ildə Qazax, Şəki, Gəncə, 2011-ci il üzrə Lənkəran, İsmayıllı, Şabran, 2012-ci ildə Masallı, Quba, Gədəbəy) elan edilmiş, müvafiq tədbirlər planı icra olunmuşdur. 2012-ci ilin “Folklor paytaxtı” Masallıda beynəlxalq folklor festivalı (6-10 sentyabr), “Sənətkarlıq paytaxtı” Qubada “Alma bayramı” (6 oktyabr) keçirilmişdir.
   2006-cı ildən ənənəvi olaraq keçirilən Prezident Kuboku uğrunda çövkən milli oyunları qədim xalq ənənələrinin, zəngin qeyri-maddi mədəni irsimizin qorunması və təbliğinə xidmət edir. 2010-cu ilin oktyabrında Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət və Turizm Nazirliyi və Aşıqlar Birliyinin təşkilatçılığı ilə keçirilən I Beynəlxalq Aşıq Festivalı qədim el sənətimizin təbliğinə böyük töhfə oldu. 2006, 2008 və 2011-ci illərdə “Azərbaycan doğma diyar” devizi altında gerçəkləşən festivallarda ölkəmizin milli-mədəni zənginliyi, milli azlıqların rəngarəng incəsənəti təqdim olunmuşdur.
   Ölkə Prezidentinin müvafiq sərəncamlarına uyğun olaraq muzey işinin müasir tələblər səviyyəsində qurulması, yeni muzey binalarının tikintisi və əsaslı təmir-bərpası, muzeylərdə informasiya-kommunikasiya texnologiyalarının tətbiqi, fondların komplektləşdirilməsi daim diqqət mərkəzindədir. Mədəniyyət və Turizm Nazirliyi sistemində muzeylərin sayı 212-yə çatdırılmışdır. Nazirlik sistemində incəsənət profilli 13, ədəbiyyat profilli 7, tarix profilli 13, tarix-diyarşünaslıq profilli 68, döyüş şöhrəti profilli 6, ev muzeyi profilli 46 muzey vardır. Heydər Əliyev mərkəzlərinin sayı isə 59-dur.
   Muzey işi sahəsində beynəlxalq əməkdaşlıq genişlənir, birgə layihələr həyata keçirilir. 2012-ci ilin mart-may aylarında Heydər Əliyev Fondunun dəstəyi, Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi və Fransanın Mədəniyyət və Kommunikasiya Nazirliyinin birgə təşkilatçılığı ilə Azərbaycan Milli İncəsənət Muzeyində keçirilən “Fransanın inciləri - Renessansdan XX əsrədək” sərgisi,
   fevral-may aylarında Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Roma Sivilizasiyası Muzeyində gerçəkləşən “Azərbaycan - Odlar Yurdu İpək Yolunda” sərgisi geniş maraq doğurmuşdur.
   
   Mədəni irs - xalqımızın tarixi yaddaşı
   
   Bəhs olunan dövrdə Azərbaycanın mədəni irsinin özünəməxsusluğunun qorunub saxlanılması, tarix-mədəniyyət abidələrinin öyrənilməsi və mühafizəsi ilə bağlı ardıcıl tədbirlər görülmüşdür. Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli qərarı ilə təsdiq edilmiş Dövlət Siyahısına 6308 dünya, ölkə və yerli əhəmiyyətli daşınmaz abidə daxil edilmişdir. Ölkə başçısı son illər ərzində Azərbaycanın tarixi və mədəni irsin qorunub saxlanması, istifadəsi və gələcək nəsillərə çatdırılması sahəsində mühüm qərarlar qəbul etmişdir. Prezidentin sərəncamları ilə son illərdə 4 yeni tarix-mədəniyyət qoruğu: Bakı şəhəri, Suraxanı qəsəbəsində «Atəşgah məbədi», Abşeron rayonunda «Yanar dağ», Ağstafa rayonunda «Keşikçidağ» və Quba rayonunda «Xınalıq» qoruqları yaradılmışdır. Mədəniyyət və Turizm Nazirliyinin nəzdində 26 tarix-mədəniyyət qoruğu fəaliyyət göstərir.
   2007-ci ilin 29 iyun tarixində Qobustan Milli Tarix-Bədii Qoruğu UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilmişdir. 2012-ci ilin martında Qobustan qoruğunun yeni inzibati binası və müasir texnologiyalarla təchiz edilmiş ekspozisiyasının rəsmi açılış mərasimi olmuşdur. ABŞ Dövlət Departamenti Qobustan Qoruğunu “Museum connect 2012” layihəsinə tərəfdaş seçmişdir.
   Tarix və mədəniyyət abidələrində bərpa işləri daim diqqət mərkəzindədir, ötən müddətdə 50-dək abidədə bərpa işləri, 40-dan çox abidənin bərpa və konservasiya layihələri başa çatdırılmışdır. "Atəşgah məbədi" Dövlət Tarix-Memarlıq Qoruğunda müasir standartlara uyğun təmir-bərpa işləri aparılır. 4 iyul 2012-ci il tarixində Azərbaycan memarlığı, təsviri və tətbiqi sənətinin incilərindən olan Şəki Xan Sarayının 250 illiyi xarici qonaqların iştirakı ilə təntənəli şəkildə qeyd edilmişdir.
   Mədəni irs sahəsində beynəlxalq əməkdaşlığa xüsusi önəm verilir. 2012-ci ilin aprel ayında UNESCO-nun müvafiq qurumları, İtaliyanın Romualdo del Bianko fondu ilə birlikdə Bakıda keçirilən "Təzyiq altında irs - şəhərlərin tarixi landşaftlarının perspektivləri” adlı konfrans, “Miras” İctimai Birliyi, Türkiyənin Doqquz Eylül Universiteti ilə birgə Ağsu rayonunda təşkil edilən IV Beynəlxalq Avrasiya Arxeologiyası Konfransı (oktyabr) bu sahədə elmi və təcrübə mübadiləsi baxımından əhəmiyyətli tədbirlər olmuşdur.
   
   Milli kinonun inkişafı diqqət mərkəzindədir
   
   “Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı”nın icrasına uyğun olaraq bu sahədə müxtəlif layihələr həyata keçirilir, gənc kinematoqrafçıların yaradıcılıq fəaliyyətinə xüsusi diqqət yetirilir. Ənənəvi olaraq keçirilən “Bu meydan, bu ekran” kino layihəsi kinematoqrafiya sahəsində çalışan gənc mütəxəssislərə özlərini sınamaq üçün imkan yaradır.
   Dövlət Proqramı çərçivəsində tikilərək istifadəyə verilən Azərbaycan Dövlət Film Fondunun yeni binası ən müasir dünya standartlarına cavab verir. Əsaslı təmir-bərpadan sonra 2012-ci ildə qapılarını kinosevərlərin üzünə açan Nizami Kino Mərkəzi bu gün müxtəlif tədbirlərin, festivalların gerçəkləşdiyi məkandır. Ötən il burada Qazaxıstan və Rusiya kinosu günləri (mart-aprel), “Gənclərin qısa filmləri” (may), eləcə də MDB ölkələri Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu ilə birgə “Kinoşok” festivalının qalib filmlərinə baxış təşkil edilmişdir. Mədəniyyət və Turizm, Gənclər və İdman nazirliklərinin təşkilatçılığı ilə keçirilən I Bakı Beynəlxalq İdman Filmləri Festivalında (oktyabr) 19 ölkədən 50 bədii və sənədli film nümayiş olunmuşdur.
   2006-2012-ci illərdə dövlət sifarişi ilə 80-dən çox sənədli, 30-dan çox tammetrajlı film çəkilmişdir. 2012-ci ildə “Azərbaycanfilm” kinostudiyasında lentə alınan “Çölçü”, “Dolu”, “Sübhün səfiri” bədii filmləri təhvil verilmiş, “Qisas almadan ölmə” bədii filminin səsləndirilməsi, “Dərvişin ölümü” filminin çəkilişləri başa çatmışdır. Azərbaycan (“Salnamə” studiyası) və Türkiyə kinematoqrafçılarının birgə çəkdikləri “Mahmud və Məryəm” bədii filmi mart ayında böyük ekranlara çıxacaq. “Qorxma, mən səninləyəm-2” (Azərbaycan-Rusiya) bədii filmi üzrə montaj-səsləndirmə işləri davam etdirilməkdədir.
   2006-2012-ci illərdə ekran əsərlərimiz 40-dan çox ölkədə 100-dən artıq festivalda uğurla iştirak etmişdir. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə istehsal olunmuş “Sahə” bədii filmində rol almış Timur Oduşev 2011-ci ildə ABŞ-da 32-ci “Gənc Hollivud Ulduzları” müsabiqəsinin qalibi elan edilmiş, 2012-ci ildə isə bu ekran əsəri "California Film Awards" müsabiqəsində “Ən yaxşı bədii film” nominasiyasında qızıl mükafata layiq görülmüşdür. “Buta” filmi Avstraliyanın Kvinslend şəhərində V Asiya-Sakit Okean Kino Akademiyasının “Ən yaxşı uşaq filmi” nominasiyasında qalib elan olunmuş (2011), “Mayak” qısametrajlı bədii, “Top həm düşər, həm qalxar” sənədli filmləri bir sıra müsabiqə və festivallarda mükafat qazanmışdır. 2011-ci ildən Kann kinofestivalında Azərbaycan pavilyonu təşkil edilir, milli filmlərimiz nümayiş olunur, müxtəlif ölkələrin kino sənətçiləri ilə yaradıcılıq ünsiyyəti qurulur.
   
   Nəşriyyat və kitabxana işi
   
   2006-2012-ci illərdə nazirlik tərəfindən 300-dən çox adda kitab nəşr edilərək ölkə kitabxanalarına paylanmışdır. Nazirliyin 2012-ci il planına uyğun olaraq 70 adda kitab nəşr olunmuşdur. Bu sırada ötən il yubileyləri dövlət səviyyəsində qeyd edilən ədiblərimizə, o cümlədən M.Ə.Sabir və M.F.Axundzadəyə həsr olunan nəşrlər xüsusi yer tutur. Ötən il mədəniyyət tariximizə bir sıra görkəmli şair, yazıçı və mütəfəkkirlərimizin yubiley ili kimi düşmüşdür. Prezidentin müvafiq sərəncamlarına uyğun olaraq Nizami Gəncəvinin 870, Mirzə Fətəli Axundzadənin 200, Xurşudbanu Natəvanın 180, Mirzə Ələkbər Sabirin 150, Məmməd Səid Ordubadinin 140, Hüseyn Cavidin 130, Əhməd Cavadın 120, Mirvarid Dilbazinin 100, Xəlil Rza Ulutürkün 80 illik yubileyləri geniş tədbirlərlə qeyd olunmuşdur. Dahi Azərbaycan şairi Nizami Gəncəvinin 870 illik yubileyi xüsusilə genişmiqyaslı olmuşdur. 2012-ci ilin sentyabr ayında şairin vətəni Gəncədə, oktyabrda Bakıda 14 ölkədən 150-dən çox qonağın iştirakı ilə keçirilən tədbirlər beynəlxalq miqyaslı ədəbiyyat bayramına çevrilmişdir.
   M.F.Axundzadənin 200 illik yubileyi dramaturqun vətəni Şəkidə və Bakıda təntənəli şəkildə qeyd edilmiş, ədibin xatirəsinə həsr edilmiş «Deyilən söz yadigardır» VI Ümumrespublika bədii-qiraət müsabiqəsi geniş ictimai maraq doğurmuşdur. 2012-ci il TÜRKSOY tərəfindən “Mirzə Fətəli Axundzadə ili” elan edilmişdir. 2012-ci ilin may ayında Şamaxıda və Bakıda M.Ə.Sabirin 150 illik yubileyinə həsr olunmuş təntənəli mərasimlərdə və ənənəvi “Sabir poeziya günləri”ndə 10 ölkədən qonaqlar iştirak etmişdir.
   2006-cı ildən başlayaraq Azərbaycan kitabı Frankfurt (Almaniya), Varşava (Polşa), Pekin (Çin), İstanbul (Türkiyə), Moskva (Rusiya), London (Böyük Britaniya), Tehran (İran), Paris (Fransa) və s. şəhərlərdə keçirilən beynəlxalq kitab sərgi-yarmarkalarında ziyarətçilərin böyük marağına səbəb olur, eləcə də müxtəlif beynəlxalq müsabiqələrin qalibi olur. 2012-ci ilin mayında Astanada keçirilən IX beynəlxalq kitab müsabiqəsində nazirliyin dəstəyi ilə “Təhsil” nəşriyyatında nəfis tərtibatda çap olunmuş “Novruz” kitabı “Mənim ölkəm” nominasiyasında qalib gəlmişdir, eyni zamanda “Nobel” kitabı ilə birlikdə “Qran pri” nominasiyasında xüsusi diploma layiq görülmüşdür.
   2009-cu və 2011-ci illərdə Bakıda keçirilən I və II beynəlxalq kitab sərgi-yarmarkaları Azərbaycan kitab mədəniyyətinin, nəşriyyat-poliqrafiya sahəsində nailiyyətlərimizin təbliği və tanıdılması baxımdan mühüm hadisələr olmuşdur. 2009-cu ildə nazirlik tərəfindən təsis edilən “Qızıl Kəlmə” Ədəbi Mükafatı ədəbi ictimaiyyətdə böyük maraqla qarşılanmışdır. İki ildən bir keçirilən müsabiqənin üçüncüsü bu il gerçəkləşəcək.
   Ötən müddətdə Mədəniyyət və Turizm Nazirliyinin ən geniş sahələrindən olan kitabxana-informasiya sahəsinin inkişafı və modernləşdirilməsi prioritet istiqamətlərdən biri olaraq qalmışdır. Prezidentin 6 oktyabr 2008-ci il tarixli sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı”na uyğun olaraq kitabxanalar vahid informasiya sahəsinə daxil olmuş, şəhər, rayon mərkəzi kitabxanalarının veb-saytları yaradılmış, elektron kataloq və elektron kitabxanalar təşkil olunmağa başlanmışdır. Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq respublikanın bütün şəhər və rayon MKS-lərinin strukturunun təkmilləşdirilməsi və kitabxana filiallarının birləşdirilməsi işi həyata keçirilmişdir. Kitabxanaların beynəlxalq əlaqələri genişlənmişdir.
   2012-ci il respublikanın 1 şəhər və 11 rayonunda “Kitabxanalar ili” elan edilmişdir. Görülmüş işlərin və kitabxana-informasiya sahəsində mövcud olan bir sıra problemlərin dövlət qurumları nümayəndələri, elmi və yaradıcı ziyalılar, mütəxəssislər tərəfindən müzakirəsinin təşkili məqsədilə 2012-ci il dekabrın 21-də Bakıda Azərbaycan kitabxanaçılarının respublika müşavirəsi keçirilmişdir.
   
   Ölkəmizin sabahını yaradıcı və savadlı gənclərə həvalə etməliyik
   
   Mədəniyyət və Turizm Nazirliyi sistemində 243 təhsil müəssisəsi - Azərbaycan Turizm İnstitutu, Mingəçevir Turizm Kolleci, Bakı Turizm Peşə Məktəbi, Bakı Xoreoqrafiya Məktəbi, 185 uşaq musiqi məktəbi, 51 uşaq incəsənət və 2 uşaq rəssamlıq məktəbi, Ağcabədi Rayon Qarabağ Muğam Mərkəzi, 3 elmi mərkəz - Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzi, Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəz, Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi-Bərpa Mərkəzi fəaliyyət göstərir. Ötən müddətdə elm və təhsil sahəsində də çoxsaylı tədbirlər, layihələr həyata keçirilmiş, musiqi, incəsənət, rəssamlıq məktəblərinin yenidən qurulması, maddi-texniki təchizatı diqqət mərkəzində olmuşdur. Nazirlər Kabinetinin sərəncamı ilə təsdiq edilmiş “2009-2013-cü illər üçün uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərinin fəaliyyətinin yaxşılaşdırılması üzrə İnkişaf Proqramı” çərçivəsində paytaxtda və bölgələrdə bir sıra tədris ocaqları ən müasir səviyyədə yenidən qurulmuşdur. Ötən il musiqi təhsili sahəsində respublika miqyaslı tədbirlər - uşaq xor kollektivlərinin III respublika baxışı, gənc pianoçuların II respublika müsabiqəsi, Bakı şəhərində Bülbülün anadan olmasının 115 illik yubileyinə həsr olunmuş müsabiqə keçirilmişdir. Azərbaycanda kulturologiya elminin inkişafına dəstək göstərilməsi məqsədilə Bakı şəhərində Kulturoloqların II Beynəlxalq Bakı Forumu, “Davamlı inkişaf mədəniyyəti: qlobal və regional aspektlər” adlı beynəlxalq konfrans təşkil olunmuşdur.
   Nazirliyin dəstəyi ilə beynəlxalq müsabiqələrə qatılan yeniyetmə istedadların uğurları bir-birini əvəz edir. 2012-ci ildə yeniyetmə musiqiçilərimiz Estoniyanın Narva şəhərində F.Şopen adına gənc pianoçuların X beynəlxalq müsabiqəsində Qran pri, Belqrad (Serbiya) və İstanbulda gerçəkləşən beynəlxalq müsabiqələrdə, Estoniyanın Tallin və Kohtla-Yarve şəhərlərində akademik vokal müsabiqəsində, İsveçrənin Montrö və Veve şəhərlərində P.İ.Çaykovski adına gənc musiqiçilərin beynəlxalq müsabiqəsində 1-ci dərəcəli diplomlara layiq görülmüşlər. Ötən yeddi ildə Bakı Xoreoqrafiya Məktəbinin, uşaq musiqi və incəsənət məktəblərinin 40-dək şagirdi Azərbaycan Respublikası Prezidentinin xüsusi aylıq təqaüdünə layiq görülmüş, onların adı Azərbaycanın gənc istedadlarının «Qızıl kitab»ına yazılmışdır. Hazırda nazirliyin dəstəyi ilə bir neçə Prezident təqaüdçüsü İtaliya, Rusiya, İsveçrədə təhsillərini davam etdirirlər.
   
   Turizmin inkişaf perspektivləri

   
   Son 7 ildə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ölkəmizin mövcud turizm potensialının beynəlxalq aləmdə tanınması, turizmin müxtəlif növlərinin inkişafı, müasir turizm infrastrukturunun yaradılması istiqamətində məqsədyönlü işlər görülmüşdür. Ölkə Prezidentinin 6 aprel 2010-cu il tarixli sərəncamı ilə “Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı” təsdiq edilmiş, ötən dövrdə Proqram çərçivəsində müvafiq tədbirlər həyata keçirilmişdir.
   Prezidentin sərəncamı ilə 2011-ci ilin Azərbaycan Respublikasında “Turizm ili” elan edilməsi bu sahəyə dövlət qayğısının bariz nümunəsi olmaqla yanaşı, turizmin inkişafında yeni mərhələ açmışdır. 2011-2012-ci illərdə respublikada yeni hotellər (o cümlədən Bakıda dünya brendli beş beşulduzlu hotel), istirahət mərkəzləri, turizm müəssisələri istifadəyə verilmişdir. Azərbaycana gələn xarici ölkə vətəndaşlarının sayı 2012-ci ildə 2 milyon nəfəri ötmüşdür. Ümumilikdə 2006-cı ildən ötən müddətdə ölkəmizə gələn əcnəbilərin sayı 60 faizədək artmışdır.
   Ölkəmizin turizm imkanlarını təbliğ etmək məqsədilə bir sıra tədbirlər həyata keçirilir. Nazirlik hər il 20-dək beynəlxalq turizm sərgisində (London, Nyu-York, Moskva, Berlin, Pekin, Milan, Madrid, Vyana, İstanbul və s.) iştirak edir. 2006-cı ildən başlayaraq dünyanın məşhur televiziya kanallarında (CNN, Euronews, National Geographic, Travel Channel, BBC və s.) respublikanın turizm imkanlarını əks etdirən reklam çarxları yayımlanır. Turistlər üçün geniş informasiya bazasına və xidmətlərə malik olan GoMap.az naviqatoru istifadəyə verilmişdir.
   2012-ci ildə İtaliya, Cənubi Koreya, Almaniya, Rusiya, Yaponiya və Polşanın turizm şirkətləri və media nümayəndələrinin ölkəmizə press-turları təşkil edilmişdir. Fransanın “TV5 MONDE” və Türkiyənin “Kanaltürk” telekanallarında Azərbaycan haqqında tanıtım filmləri yayımlanmışdır.
   2012-ci ilin sentyabr ayında Bakı şəhərində Mədəniyyət və Turizm Nazirliyi, Dünya Turizm Təşkilatı və Azərbaycan Turizm Assosiasiyasının birgə təşkilatçılığı ilə "İpək Yolunun tamı: kulinariya, mədəniyyət və turizm" adlı beynəlxalq konfrans keçirilmişdir. Ənənəvi “AİTF” - Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisinə hər il daha çox xarici şirkət qatılır. Eyni zamanda 2010-cu ildən keçirilən Ümumrespublika Daxili Turizm Sərgisi ölkəmizin turizm imkanlarını, regionlarda turizmin inkişafı ilə bağlı görülən işləri nümayiş etdirir.
   Daxili turizmin inkişafı ilə bağlı yeni marşrutlar tərtib edilir. 2012-ci ildə “Azərbaycanda palçıq vulkanları", Şəki rayonunda atçılıq turizmi, Quba rayonuna “Kulinariya turu” marşrutları üzrə infoturlar təşkil edilib. “Kulinariya turu”nun digər bölgələrdə də yaradılması planlaşdırılır. 2012-ci ildə 57 hüquqi və fiziki şəxsə turizm fəaliyyəti, 77 hüquqi və fiziki şəxsə mehmanxana fəaliyyəti ilə məşğul olmaq üçün icazə (lisenziya) verilmişdir. Hazırda respublikada müvafiq lisenziya ilə 218 turizm şirkəti, 253 mehmanxana və mehmanxana tipli obyekt fəaliyyət göstərir.

   Beynəlxalq əlaqələr və mədəniyyət proqramları
   
   2006-2012-ci illərdə Azərbaycan ilə xarici ölkələr arasında mədəniyyət və turizm sahələrində 100-dən çox ikitərəfli əməkdaşlıq sazişi və ya digər sənədlər imzalanmışdır. Dünyanın 70-dən çox ölkəsi, habelə BMT, MDB, İslam Konfransı Təşkilatı, Avropa Şurası, Avropa İttifaqı, UNESCO, Dünya Turizm Təşkilatı, İSESCO, TÜRKSOY, GUAM və s. təşkilatlarla mədəniyyət və turizm sahəsində əməkdaşlıq əlaqələri qurulmuşdur. Beynəlxalq əlaqələr çərçivəsində keçirilən tədbirlər ölkəmizin dünyada təbliğinə mühüm töhfədir.
   2006-cı ilin oktyabrında Parisdə UNESCO-nun baş qərargahında təşkilatın 60 illiyinə həsr olunmuş həftə çərçivəsində “Azərbaycan: sivilizasiyalar və mədəniyyətlərin kəsişməsində” mövzusuna həsr olunmuş tədbir təşkil edilmişdir. 2007-ci ildə UNESCO-da görkəmli xalçaçı-rəssam Lətif Kərimovun, 2008-ci ildə Mir Cəlal Paşayevin və “Leyli və Məcnun” operasının 100 illik yubileyləri qeyd olunmuşdur.
   Azərbaycanın təşəbbüsü ilə 2008-ci ilin 2-3 dekabr tarixində Bakıda Avropa və İSESCO-ya üzv bir sıra dövlətlərin iştirakı ilə mədəniyyət nazirlərinin konfransı keçirilmişdir. Tədbirdə “Mədəniyyətlərarası dialoqun təşviqinə dair Bakı Bəyannaməsi” qəbul olunmuş və Prezident İlham Əliyev tərəfindən beynəlxalq miqyasda mədəniyyətlərarası dialoqun inkişafına dair “Bakı prosesi”nin əsası qoyulmuşdur. Bu prosesin davamı olaraq Azərbaycan Prezidentinin təşəbbüsü və himayəsi ilə 7-9 aprel 2011-ci il tarixində Bakıda Dünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilmiş, 100-dən çox ölkə nümayəndəsinin qatıldığı tədbir geniş beynəlxalq rezonans doğurmuşdur. Foruma UNESCO, BMT Sivilizasiyalar Alyansı, Dünya Turizm Təşkilatı, Avropa Şurası, İSESCO, Avropa Şurasının Şimal-Cənub Mərkəzi kimi nüfuzlu qurumlar dəstək verir. Ölkə başçısının 27 may 2011-ci il tarixli sərəncamı ilə Dünya Forumunun iki ildən bir Bakıda keçirilməsi qərara alınmışdır və bu il 29 may - 1 iyun tarixində paytaxtımız növbəti dəfə bu mötəbər tədbirə ev sahibliyi edəcəkdir.
   2009-cu ildə Bakı şəhəri İslam Mədəniyyətinin Paytaxtı elan olunmuş, il ərzində 100-dən çox milli və beynəlxalq tədbir təşkil edilmişdir. 2009-cu ildə Azərbaycan aşıq sənəti və Novruz bayramı, 2010-cu ildə Azərbaycan xalça sənəti, 2012-ci ilin dekabrında isə tar ifaçılıq sənətimiz UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilmişdir. Təşkilatın Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 8-ci sessiyasının və Qeyri-maddi mədəni irsin qorunması haqqında Konvensiyanın 10 illik yubileyinin 2013-cü ilin 2-8 dekabr tarixində Bakıda keçirilməsi ilə bağlı qərar qəbul olunmuşdur.
   
   Regionlarla iş
   
   Bəhs olunan dövrdə Mədəniyyət və Turizm Nazirliyinin prioritet fəaliyyət istiqamətlərindən biri də bölgələrlə bağlı olmuşdur. Bu müddətdə regionlarda mədəniyyət və turizmin inkişafına xüsusi diqqət yetirilmiş, bir çox maraqlı layihələr həyata keçirilmişdir. Gənc nəslin mədəni tərbiyəsi sahəsində görülən işləri, uşaq və yeniyetmə ifaçıların iştirakı ilə müxtəlif müsabiqələrin təşkilini ayrıca qeyd etmək lazımdır.
   2006, 2008, 2010-cu illərdə Astarada, 2012-ci ildə Masallıda uşaq muğam ifaçılarının, eləcə də gənc aşıqların Aşıq Şəmşir adına respublika müsabiqələrinin keçirilməsi bu qəbildəndir. Bölgələrdə milli musiqi alətləri ifaçılarının respublika müsabiqəsi, rəssamların səyyar yaradıcılıq emalatxanalarının təşkili, yaradıcılıq görüşlərinin keçirilməsi mədəni həyatın canlanmasına zəmin yaradır.
   2012-ci ildə regionlarda təşkil edilən «İstedadlı uşaqlar» müsabiqəsi geniş maraq doğurmuş, dekabrda Yevlax şəhərində müsabiqə qaliblərinin iştirakı ilə yekun tədbir keçirilmişdir. Noyabr ayında Ağdaş və Mingəçevirdə rəssamların yaradıcılıq emalatxanası təşkil olunmuşdur.
   
   İnvestisiya və texniki proqramlar
   
   2006-2012-ci illərdə Mədəniyyət və Turizm Nazirliyi üzrə tikinti, təmir-bərpa və yenidənqurmadan sonra istifadəyə verilmiş obyektlərin siyahısı bu sahədə görülən işlərin bariz nümunəsidir. 2006-cı ildə Bakıda Azərbaycan Dövlət Uşaq Filarmoniyası, L. və M.Rastropoviçlərin ev-muzeyi, 2007-ci ildə Üzeyir Hacıbəylinin ev-muzeyi, A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı, Bakı şəhər 13 nömrəli uşaq musiqi məktəbi, 2008-ci ildə Heydər Əliyev Sarayı, Azərbaycan Dövlət Rus Dram Teatrı, 2009-cu ildə Dövlət Film Fondunun yeni binası, 2010-cu ildə Akademik Milli Dram Teatrının binası, 2011-ci ildə Nizami Kino Mərkəzi, Qara Qarayev adına 8 nömrəli musiqi məktəbi, Dövlət Mahnı Teatrı, eləcə də bölgələrdə bir sıra mədəniyyət ocaqları, tarixi-mədəni irs obyektləri əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verilmişdir.
   2012-ci ilin dekabrında Şahdağ Qış-Yay Turizm Kompleksinin 1.1 mərhələsi üzrə tikinti-quraşdırma işləri başa çatdırılmış və ölkə başçısının iştirakı ilə rəsmi açılışı keçirilmişdir. Kompleksin 1.2 mərhələsi üzrə tikinti davam edir. Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin yeni binasının tikintisi, Dövlət Musiqili Komediya Teatrının binasında təmir və bərpa işləri başa çatmaq üzrədir.
   
   Fədakar əməyə verilən qiymət

   
   Mədəniyyət və turizmin inkişafından danışarkən bu sahədə çalışan insanların rolunu, onların fəaliyyətini, fədakar əməyini də qeyd etmək lazımdır. Ötən müddətdə mədəniyyət və turizm sahəsində kadr siyasətinin həyata keçirilməsi istiqamətində «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikası Qanunu, «Dövlət Qulluqçularının Reyestrinin aparılması Qaydaları»nın və bu məsələyə aid digər normativ-hüquqi aktların icrası ilə bağlı zəruri işlər görülmüşdür. Bu sahədə çalışan insanların, mədəniyyətimizi tanıdan, təbliğ edən, onun inkişafına töhfələrini əsirgəməyən şəxslərin əməyi dövlətimiz tərəfindən daim yüksək qiymətləndirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə 2006-2012-ci illərdə Mədəniyyət və Turizm Nazirliyi sistemində fəaliyyət göstərən 1200-dən çox insan fəxri adlara və dövlət təltiflərinə layiq görülmüşdür.

    * * *
   Qarşıda böyük işlər, geniş layihələr var. Bu işləri layiqincə davam etdirmək ölkəmizin mədəni həyatının, turizm sektorunun önündə yeni üfüqlər açmaq deməkdir. Azərbaycanda mədəniyyət və turizmin bundan sonra da ahəngdar inkişafının təmin edilməsi xalqımızın rifahına, dövlətimizin tərəqqisinə, dünyada nüfuzunun daha da möhkəmlənməsinə xidmət edir.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar