Aprelin 15-də Londonda növbəti beynəlxalq kitab sərgisi açılıb. Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı və Böyük Britaniyadakı səfirliyimizin dəstəyi ilə sərgidə Azərbaycan kitabları da nümayiş olunur.
   
   1971-ci ildən başlayaraq mütəmadi şəkildə hər il təşkil olunan sərgidə Avropanın ən böyük ölkələrinin nəşriyyatları ilə yanaşı, ABŞ, Kanada, Yaponiya, Çin, Hindistan, Türkiyə və s. ölkələrdən təşkilatlar iştirak edir. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin nümayəndə heyəti London kitab sərgisinə ilk dəfə 2009-cu ildə qatılıb. Azərbaycan tarixindən, mədəniyyətindən, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlərdən bəhs edən kitablar iştirakçılarda böyük maraq doğurub. Belə mötəbər sərgidə iştirak ölkəmizin zəngin mədəniyyətinin, inkişaf edən nəşriyyat-poliqrafiya sahəsinin, kitab sənətinin təbliği baxımdan, ümumən Azərbaycanda aparılan geniş quruculuq işlərinin dünyaya çatdırılması üçün mühüm vasitədir.
   Bu il də ölkəmiz London kitab sərgisində təmsil olunur. “Azərbaycan artıq beynəlxalq sərgilərin ənənəvi iştirakçısına çevrilmişdir\" - deyə Mədəniyyət və Turizm Nazirliyinin Nəşriyyat, reklamın təşkili və informasiya şöbəsinin Nəşriyyat sektorunun müdiri Çingiz Əlioğlu jurnalistlərə müsahibəsində bildirib. 
   Sektor müdiri qeyd edib ki, Azərbaycan kitabı dünyanın müxtəlif ölkələrində keçirilən beynəlxalq sərgilərdə, tədbirlərdə nümayiş olunur. Xalqımızın bədii, elmi, ictimai-siyasi fikrini özündə ehtiva edən kitabları Azərbaycanın “mədəniyyət elçisi” adlandıran Ç.Əlioğlu vurğulayıb ki, ölkəmizin keçdiyi tarixi inkişaf yolunda qarşılaşdığı çətinliklər, əldə etdiyi bütün nailiyyətlər bu kitablarda öz əksini tapır. Müxtəlif dillərə tərcümə olunaraq beynəlxalq aləmə inteqrasiya edən kitablarımız Azərbaycanın zəngin incəsənətinin, tarixinin və mədəniyyətinin dünyada tanınmasında böyük rol oynayır.
    Milli ekspozisiyamızı təşkil etmək məqsədilə sərgidə 24 kvadratmetrlik sahədə stend avadanlığı quraşdırılıb. Burada ölkəmizin tarixinə, mədəniyyətinə, ədəbiyyatına, turizm imkanlarına, Qarabağa həsr edilmiş 115 adda 200 nüsxədən çox kitab və reklam çap məhsulları nümayiş olunur. Maraqlananlara ölkəmizin mədəniyyəti və tarixi haqqında ətraflı məlumat verilir, kitablar hədiyyə olunur.
   Sərgi aprelin 17-də başa çatacaq.

    * * *

Yeri gəlmişkən   

   Kitablarımız Budapeşt festivalında da nümayiş olunacaq
   
   18-21 aprel tarixində Macarıstanın paytaxtı Budapeştdə XX Beynəlxalq Kitab Festivalı keçiriləcək. Tədbirdə ölkəmizi Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri və "Azərnəşr"in direktoru Azər Mustafazadə təmsil edəcək. Nazirlik tərəfindən icarəyə götürülmüş 12 kv.m.-lik sahədə Azərbaycanın mədəniyyəti, nəşriyyat-poliqrafiya imkanları, turizm potensialı haqqında 200-dən çox adda kitab və reklam çap məhsulları nümayiş olunacaq.
   Sərgi çərçivəsində "Heydər Əliyev: Müstəqilliyimiz əbədidir" çoxcildliyinin təqdimatı keçiriləcək, "Müstəqillik illərində Azərbaycanda kitab sənətinin inkişafı" adlı panel təşkil olunacaq.