Ötən həftəsonu Azərbaycan mədəniyyətinə ağır itki üz verdi. Teatr və kino sənətimizin tanınmış nümayəndəsi, görkəmli aktyor, Azərbaycanın və Rusiyanın Xalq artisti, Prezident təqaüdçüsü, “Şöhrət” ordenli Nodar Şaşıqoğlu aprelin 12-də ömrünün 87-ci ilində dünyasını dəyişdi.
   
   Aktyorlar Evində təşkil olunan vida mərasimində hökumət rəsmiləri, ictimaiyyət nümayəndələri, tanınmış mədəniyyət xadimləri, sənətkarın ailə üzvləri, yaxınları, həmkarları, dostları iştirak edirdi. Mərasimdə çıxış edən mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev görkəmli sənətkar Nodar Şaşıqoğlunun həyat və yaradıcılığından söz açdı, aktyorun Azərbaycan kino və teatr sənətində böyük iz qoyduğunu vurğuladı.
   Qeyd olundu ki, sənətkar 1927-ci ildə Batumi şəhərində anadan olub, Tbilisidə orta məktəbi bitirdikdən sonra Şukin adına Moskva Teatr Məktəbində kino və teatr aktyorluğu fakültəsində təhsil alıb. Sənət fəaliyyətinə Moskvada aktyor kimi başlayıb, 1957-1962-ci illərdə “Azərbaycanfilm”, “Mosfilm” və digər kinostudiyalarda çalışıb, 1962-1973-cü illərdə Puşkin adına Leninqrad Akademik Dram Teatrının aktyoru olub. 1973-cü ildən kino fəaliyyəti ilə yanaşı, Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında işləyib. 1981-1991-ci illərdə yenidən Puşkin adına Leninqrad Dram Teatrında çalışan tanınmış aktyor, 2004-cü ildən ömrünün sonunadək sənət taleyini Azərbaycan Dövlət Rus Dram Teatrı ilə bağlayıb.
   Azərbaycan kinosunda və teatr səhnəsində maraqlı rollar oynayan aktyor “Uzaq sahillərdə” filminin çəkilişindən sonra xalqın yaddaşında “Mixaylo” kimi qalıb: “Uzaq sahillərdə” filmində Azərbaycan xalqının igid oğlu, Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin obrazı sənətkarın yaradıcılığının parlaq hadisələrindəndir. Misilsiz ustalıqla yaradılan həmin obrazlar sənətşünaslar tərəfindən həmişə yüksək qiymətə layiq görülüb. Nodar Şaşıqoğlunun yarım əsrdən artıq bir dövrü əhatə edən bu dolğun və zəngin fəaliyyəti gənc aktyorlar nəsli üçün sənət məktəbi olub. Onun sənəti dövlətimiz tərəfindən yüksək qiymətləndirilib, daim qayğı ilə əhatə olunub, “Şöhrət” ordeninə layiq görülüb, Prezident təqaüdü alıb”.
   Azərbaycan Dövlət Rus Dram Teatrının baş rejissoru, Xalq artisti Aleksandr Şarovski aktyorla bağlı xatirələrini bölüşdü, onun böyük sənətkar kimi həmişə yaddaşlarda qalacağını bildirdi: “Bir gün Nodar kabinetimə gəlib dedi: “Mənə şərait yarat bu dünyanın qapısını çırpıb gedim. Təəccüblə baxdığımı görüb: “Kral Liri oynamaq istəyirəm”, - dedi. Bu obraz onun səhnədə son rolu oldu. “Mehdi” kimi gəldi, sənətdən Kral Lir kimi getdi”.
   Dövlət Film Fondunun direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev Nodar Şaşıqoğlu kimi əfsanəvi aktyorun vəfatının Azərbaycan mədəniyyəti və kinomuz üçün böyük itki olduğunu vurğuladı. Qeyd olundu ki, Azərbaycan tamaşaçılarına “Mixaylo” obrazı ilə əziz olan Nodar Şaşıqoğlu “Onun böyük ürəyi”, “Əsl dost”, “Matteo Falkone”, “Səhər”, “Bizim küçə”, “Leyli və Məcnun”, “Telefonçu qız” və s. filmlərdə çəkilib: “Nodar Şaşıqoğlu ekranda romantik, cəsur bir sovet kəşfiyyatçısının obrazını yaratdı. Bu digər qəhrəman kəşfiyyatçı obrazlarından fərqlənirdi. Çünki o, öz qəhrəmanına insani keyfiyyətlər verə bilirdi. Bu obrazda onun özünəməxsus dəst-xətti var idi. Hansı filmdə çəkilirsə çəkilsin, olduqca professional idi. Kinematoqrafiyanın xüsusiyyətlərini, zənginliyini düşünən, onunla yaşayan aktyor idi”.
   Xalq artisti Məbud Məhərrəmov bildirdi ki, Nodar Şaşıqoğlu sənət aləminə qədəm qoyduğu ilk günlərdən böyük peşəkarlığı və yüksək səhnə mədəniyyəti ilə sənətsevərlərin qəlbinə yol tapıb. Teatr və kino aktyoru olaraq oynadığı müxtəlif rolları ilə tamaşaçıların hüsn-rəğbətini qazanıb. Onun dünya dramaturji irsinə müraciət etməklə səhnə həyatı verdiyi qəhrəmanlar teatrsevərlərin yaddaşına həkk olunub.
   Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin ailə üzvləri adından çıxış edən Gülarə Əlizadə aktyorun vəfatını onların ailəsi üçün də böyük itki olduğunu dedi: “Biz bu gün sanki Mehdi Hüseynzadəni ikinci dəfə itirmişik. O, “Uzaq sahillərdə” filmi çəkilərkən tez-tez bizim ailənin qonağı olur, Mehdi ilə bağlı ailə üzvlərinin təəssüratlarını öyrənirdi. Filmin təqdimatında son səhnə Mehdinin anasına çox təsir etmişdi. Film bitər-bitməz aktyor onun yanına gəlib, “Ana, mən buradayam”,- demişdi. O, bizim ailənin ikinci övladı idi”.
   Mərhumun ailə üzvləri istedadlı sənətkarın xatirəsinə göstərilən hörmət və ehtirama görə dərin minnətdarlıqlarını bildirdilər.
   Sonra görkəmli aktyorun cənazəsi son mənzilə yola salındı. Xalq artisti II Fəxri xiyabanda torpağa tapşırıldı. Allah rəhmət eləsin.
   
   Ceyhun