Ölkəmizin nəşriyyat məhsulları Macarıstan və Moldovada nümayiş olunub
   
   Aprelin 18-dən 21-dək Macarıstanın paytaxtı Budapeştdə ənənəvi beynəlxalq kitab sərgi-yarmarkası keçirilib. Bu il sayca 20-ci dəfə gerçəkləşən kitab bayramında dünyanın 20-yə yaxın ölkəsinin 100-dən artıq nəşriyyatı öz çap məhsullarını nümayiş etdirib. Macarıstan paytaxtının “Millenium” mədəniyyət mərkəzində təşkil olunan sərgi-yarmarkanın açılışında çıxış edən ölkə Prezidenti Yanoş Ader kitabı müasir mərhələdə xalqları və mədəniyyətləri biri-birinə yaxınlaşdıran, milli, irqi, dini ayrı-seçkilikləri aradan qaldırmağa xidmət edən ən qüdrətli vasitə adlandırıb.
   Sərgi-yarmarkada ölkəmizin müxtəlif nəşriyyatlarında çap olunmuş təxminən 200 adda 500-dən çox kitab nümayiş etdirilib. Onların arasında ümummilli lider Heydər Əliyevə həsr olunmuş kitablar, klassik və müasir Azərbaycan yazıçılarının əsərləri, respublikamızın tarixi yerlərinə, turist marşrutlarına dair kitab, albom və bukletlər, Dağlıq Qarabağ və digər işğal olunmuş ərazilər barəsində Azərbaycan və xarici dillərdə ədəbiyyat yer alıb.
   Azərbaycan guşəsinin açılışında ölkəmizin Macarıstandakı səfiri Vilayət Quliyev, Mədəniyyət və Turizm Nazirliyinin Nəşriyyat, reklamın təşkili və informasiya şöbəsinin müdiri Vaqif Bəhmənli, “Azərnəşr”in direktoru Azər Mustafazadə çıxış edərək ölkəmizin mədəni həyatında kitabın mühüm rolundan söhbət açıblar. Guşədə səfirlik tərəfindən macar dilində çap olunmuş 10-dan çox kitab da nümayiş olunub.
   Azərbaycan guşəsi gözəl tərtibatı, kitabların çeşidi ilə sərgiyə gələnlərin böyük marağına səbəb olub.
   * * *
   Aprelin 18-22-də Moldovanın paytaxtı Kişineu şəhərindəki “MoldExpo” mərkəzində “Uşaq və gənclərin XVII beynəlxalq kitab sərgisi” gerçəkləşib. Sərgidə ölkəmizin Moldovadakı səfirliyi tərəfindən icarəyə götürülmüş sahədə Mədəniyyət və Turizm Nazirliyinin təqdim etdiyi 200-ə yaxın kitab və nəşr məhsulları nümayiş olunub. Tədbirdə nazirliyin Nəşriyyat, reklamın təşkili və informasiya şöbəsinin aparıcı məsləhətçisi Əfsun Əhmədov və F.Köçərli adına Respublika Uşaq Kitabxanasının əməkdaşı Asim Məmmədov iştirak edib.
   Sərginin açılışında Moldova parlamentinin spikeri Marian Lupu, mədəniyyət, təhsil, gənclər və idman nazirləri, beynəlxalq İBBY təşkilatının prezidenti və Moldovanın Milli Uşaq Kitabxanasının direktoru Klaudia Balaban və başqaları çıxış ediblər.
   Moldova parlamentinin sədri Marian Lupu, Azərbaycanın Moldovadakı səfiri Namiq Əliyev ölkəmizin guşəsi ilə tanış olublar. Kişineu şəhərində təhsil alan azərbaycanlı tələbələr, çoxsaylı ziyarətçilər nəşrlərimizə böyük maraq göstəriblər.