“Tofiq Kazımov hazırladığı səhnə əsərlərində, sözün əsl mənasında, tamaşanın müəllifi səviyyəsinə yüksəlirdi”
Aprelin 25-də Məmməd Səid Ordubadinin ev-muzeyində görkəmli rejissor, Xalq artisti Tofiq Kazımovun 90 illik yubileyi qeyd olundu. Cəfər Cabbarlının ev-muzeyi ilə birgə təşkil olunan tədbirdə rejissorlar, aktyorlar, muzey işçiləri iştirak edirdilər.
M.S.Ordubadinin ev-muzeyinin direktoru Lalə Abaszadə tədbiri açaraq sənətkarın həyat və yaradıcılığından söz açdı. Bildirdi ki, Azərbaycanda lirik-psixoloji teatr məktəbinin yaranması, inkişafı və formalaşması rejissor Tofiq Kazımovun adı ilə bağlıdır. O, Akademik Milli Dram, Musiqili Komediya, Rus Dram teatrlarında bir-birindən maraqlı tamaşalar səhnələşdirib. Bu səhnə əsərləri başqa rejissorların tamaşalarından fərqlənir, yaradıcı üstünlükləri ilə tamaşaçıları özünə bağlaya bilirdi.
Muzeyin direktoru yazıçı-dramaturq M.S.Ordubadinin “Qılınc və qələm” tarixi romanının məhz Tofiq Kazımov tərəfindən səhnəyə qoyulduğunu xatırlatdı, uzun illər teatrların repertuarında sevə-sevə izlənildiyini bildirdi.
Əməkdar incəsənət xadimi, sənətşünaslıq doktoru, professor Məryəm Əlizadə görkəmli rejissorun fəaliyyəti barədə ətraflı danışaraq, onunla bağlı xatirələrini bölüşdü.
Qeyd olundu ki, Tofiq Kazımov görkəmli teatr xadimi, şair Səməd Mənsurun oğludur. Səməd Mənsur Bakıda mövcud olan bir sıra mədəni-maarif cəmiyyətləri teatr truppalarının rəhbərlərindən idi. Atasının təcrübəsindən bəhrələnən Tofiq Kazımov isə baş rejissorluğu dövründə teatra çoxlu istedadlı gənc cəlb etdi, yeni teatr poetikası yaratmaqla, onun estetik səciyyələrini müəyyənləşdirdi. Tofiq Kazımov hazırladığı səhnə əsərlərində, sözün əsl mənasında, tamaşanın müəllifi səviyyəsinə yüksəlirdi. O, səhnəni maksimum dərəcədə boşaltmağa çalışır və bununla fəza-məkan genişliyinə nail olurdu. Səhnə tərtibatında əsas diqqəti aktyora yönəldirdi.
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru, professor İsrafil İsrafilov, Xalq artisti Rafiq Əzimov, aktrisa Əminə Babayeva, yazıçı-ssenarist Firudin Qurbansoy və başqaları Tofiq Kazımovla bağlı fikirlərini bildirdilər.
Vurğulandı ki, rejissorun tamaşalarında həm fikir, həm də estetik forma baxımından təzəlik, təravət vardı. Tofiq Kazımovun quruluş verdiyi tamaşalarda XX əsrin hərəkət və təfəkkür sürəti, qlobal ictimai və siyasi proseslərin ritmi, insanların həyat tərzinin dinamikası müxtəlif bədii, estetik, fəlsəfi, psixoloji formalarda parlaq təcəssümünü tapırdı. Onun səhnələşdirdiyi əsərlərin finalı özü-özlüyündə bir tamaşa idi. Rejissorun əsər üçün seçib qurduğu bədii, estetik, fəlsəfi konsepsiya finalda zahirən həlim, lirik, enerji nüvəsində coşqunluq, əzəmət, hayqırtı ilə tamaşaçılara çatdırılırdı.
Ceyhun