Hacıqabul şəhərində seminar
   
   Aprelin 24-də Hacıqabul şəhərində “Milli mədəniyyət və müasir mədəniyyət siyasəti” mövzusunda seminar keçirilib.
   Tədbir mədəniyyət siyasətinin həyata keçirilməsində elmin iştirakının təmin edilməsi, habelə, mədəniyyət müəssisələrinin əməkdaşlarının yeni peşəkarlıq keyfiyyətlərinə yiyələnməsi məqsədilə təşkil olunub.
   Hacıqabul Rayon Mədəniyyət və Turizm Şöbəsinin təşkilatçılığı ilə baş tutan seminarda natiqlər qismində Mədəniyyət və Turizm Nazirliyi Elmi-metodiki sektorunun müdiri Asif Usubəliyev, Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin statistika və sosioloji tədqiqatlar üzrə baş mütəxəssisi Əbülfəz Babazadə çıxış edib. Tədbirdə Azərbaycanda həyata keçirilən məqsədyönlü mədəniyyət siyasətinin uğurları, onun praktik və nəzəri aspektləri və bu sahədə bölgələrdə mövcud problemlər haqqında müzakirələr aparıblar.
   Qeyd edək ki, Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü və xüsusi layihəsi çərçivəsində gerçəkləşən seminar artıq 17 rayonda keçirilib.