Mədəniyyət və turizm sahələrində layihələrin həyata keçirilməsi barədə fikir mübadiləsi aparılıb
   
   Yunanıstan Respublikasının xarici işlər naziri Dimitris Avramopoulosun başçılıq etdiyi nümayəndə heyəti ölkəmizə səfər edib. Aprelin 30-da nümayəndə heyətini Prezident İlham Əliyev qəbul edib. Görüşdə iki ölkənin siyasi, iqtisadi, enerji, ticarət, turizm sahələrində əməkdaşlıq məsələləri nəzərdən keçirilib.
   
   Aprelin 29-da mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ölkəmizdə səfərdə olan Yunanıstanın xarici işlər naziri Dimitris Avramopoulosla görüşüb.
   Görüşdə iki ölkə arasında mədəniyyət və turizm sahələrində əlaqələr, inkişaf və perspektivlər müzakirə olunub. Qonaq 2004-cü ildə Afina Olimpiya oyunları keçirilərkən, habelə 2005-ci ildə turizm naziri kimi Azərbaycana səfəri zamanı həmkarı Əbülfəs Qarayevlə görüşlərini xatırladıb, həmin vaxtdan formalaşan səmimi dostluq münasibətlərinin iki ölkə arasında əməkdaşlığın inkişafında mühüm rol oynadığını qeyd edib.
   Nazir Əbülfəs Qarayev öz növbəsində səmimi sözlərə görə təşəkkürünü bildirərək qarşılıqlı münasibətlərin daha da genişlənməsinin, davamlı inkişafın təmin edilməsinin vacibliyini vurğulayıb.
   Söhbət əsnasında mədəniyyət və turizm sahələrində ikitərəfli əlaqələrin intensivləşməsi və bu sahələr üzrə konkret layihələrin həyata keçirilməsi barədə fikir mübadiləsi aparılıb.