Respublikanın 41 şəhər və rayonundan 60 şagirdin iştirak etdiyi həlledici turda yeddi nəfər qalib adını qazandı
Xəbər verdiyimiz kimi, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə aprel ayında respublikanın incəsənət və musiqi məktəblərinin şagirdləri arasında ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr edilmiş "Azərbaycan mədəniyyəti" mövzusunda bilik müsabiqəsi keçirilib.
Azərbaycan mədəniyyətinin tarixi və müasir nailiyyətləri barədə gənclərə biliklərin aşılanması, böyüməkdə olan nəslin mənəvi və estetik tərbiyəsinin gücləndirilməsi, ümummilli lider Heydər Əliyevin zəngin irsinin təbliğ edilməsi məqsədilə keçirilən və 3 turdan ibarət olan müsabiqədə 12-16 yaşlı şagirdlər iştirak edib.
Müsabiqənin I turunun keçirilməsi və iştirakçıların biliklərinin qiymətləndirilməsi üçün şəhər (rayon) mədəniyyət və turizm (idarələri) şöbələri tərəfindən komissiya yaradılıb, komissiyanın qərarına əsasən bu mərhələdə ən yüksək bal toplayan beş iştirakçı zona turunda iştirak etmək hüququ qazanıb.
Bilik yarışmasının II (zona) turu 8-10 aprel tarixində Xaçmaz və Şəmkirdə, aprelin 11-13-də İsmayıllı və Mingəçevirdə, 15-17 aprel tarixində Saatlıda, 18-20 apreldə Cəlilabadda - ümumilikdə 63 şəhər (rayon) mədəniyyət və turizm şöbələrinin təmsilçilərinin iştirakı ilə gerçəkləşib. Paytaxt üzrə uşaq musiqi və incəsənət məktəbləri arasında müsabiqənin seçim turu Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi tərəfindən keçirilib, ən yüksək nəticə göstərmiş 10 şagird yekun turda iştirak hüququ qazanıb.
Mayın 2-də Bakı şəhərindəki Qara Qarayev adına 8 nömrəli onbirillik musiqi məktəbində “Azərbaycan mədəniyyəti” respublika bilik müsabiqəsinin yekun turu keçirildi.
Yekun turda respublikanın 41 şəhər və rayonundan 60 şagird iştirak edirdi. Həlledici mərhələdə Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin mütəxəssisləri tərəfindən hazırlanan testləri şagirdlər qapalı otaqlarda bir saata yaxın müddətdə cavablandırdılar. Tərtib edilmiş suallar mədəni irs, folklor, teatr, musiqi, təsviri sənət, ədəbiyyat, kino, Heydər Əliyev və Azərbaycan mədəniyyəti, Prezident İlham Əliyev və müasir Azərbaycanda dövlət mədəniyyət siyasəti, Heydər Əliyev Fondunun həyata keçirdiyi mədəni layihələr haqqında mövzuları əhatə edirdi. İmtahan zamanı məktəbə kənar şəxslərin girişinə qadağa qoyulmuşdu. Elə bu səbəbdən prosesin tam obyektiv və şəffaf keçdiyinə heç bir şübhə yeri qalmırdı. İmtahan bitdikdən sonra Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təyin olunmuş mütəxəssislərdən ibarət qiymətləndirmə komissiyası nəticələri təhlil edərək yekun turun qaliblərini müəyyən etdi.
Mükafatlandırma mərasimi ulu öndərin həyat və fəaliyyətini əks etdirən filmin nümayişi ilə başlandı. Mədəniyyət və Turizm Nazirliyinin Regionlarla iş sektorunun müdiri Pərviz İsgəndərli çıxış edərək müsabiqənin yekunları barədə məlumat verdi. Mərasimdə çıxış edən mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev müsabiqənin iştirakçılarını təbrik etdi: “Müsabiqə tarixi bir zamanda keçirilir. Həm ölkəmizdə, həm də respublikamızın hüdudlarından kənarda ulu öndər Heydər Əliyevin 90 illik yubileyi qeyd edilir, bu münasibətlə silsilə tədbirlər təşkil olunur. Respublikamızın şəhər və rayonlarında gerçəkləşən tədbirlərdə hər bir Azərbaycan vətəndaşı qürurla iştirak edir. Hər bir gənc Heydər Əliyevin zəngin irsini öyrənməli, onun mədəniyyətimizə, mədəni irsimizə göstərdiyi diqqət və qayğıdan xəbərdar olmalıdır. Bu səbəbdən də belə bir müsabiqədə iştirak etmək gənclərimiz üçün çox önəmlidir. On ilə yaxındır ki, ulu öndər dünyasını dəyişib, amma buna baxmayaraq müstəqil Azərbaycanın qurucusu və memarı həmişə bizim qəlbimizdədir. O, rəhbərliyə gəldiyi ilk gündən Azərbaycanın rifahı, onun güclü və qüdrətli bir dövlət olması üçün çalışmışdır. Dahi rəhbər, ölkə həyatının bütün sahələri kimi, mədəniyyət sahəsinə də çox böyük diqqət və qayğı göstərirdi.
Heydər Əliyev daim çalışırdı ki, mədəniyyətimiz, incəsənətimiz inkişaf etsin, daha geniş tanınsın. Onun hakimiyyəti dövründə Azərbaycan incəsənət ustaları SSRİ-nin ən yüksək fəxri adlarına layiq görülür, dünyada ölkəmizin mədəniyyətini təbliğ edirdilər. Azərbaycanın dünya miqyasında mövqeyini möhkəmlətmək üçün Heydər Əliyev məhz mədəniyyət siyasətinə üstünlük verirdi. Bu gün də mədəniyyət xadimlərimiz, aktyorlar, musiqiçilər dahi lideri səmimi və xoş xatirələrlə yad edirlər. Müsabiqənin əhatə dairəsinin genişliyi də sübut edir ki, yeniyetmə və gənclərimizin bu yarışmaya böyük marağı olub. Hər kəs öz sahəsində bu zəngin irsi öyrənməlidir”.
Sonra Vaqif Əliyev müsabiqənin yekun turunda ən çox bal toplamış yeddi şagirdi təltif etdi. Cəmil Aslanov (Zəngilan), Mahir Tağızadə (Bakı), Şəhla Məhərrəmova (Lənkəran), Məhəmmədəli Muradxanov (Qusar), Göyçək Həsənova (Goranboy), Nəsibə Əzimova və Fidan Qasımova (Bərdə) nazirliyin fəxri fərmanı və qiymətli hədiyyələri ilə mükafatlandırıldılar.
Mədəniyyət və Turizm Nazirliyinin Elm və təhsil şöbəsinin müdiri Yaşar Əliyev, İnvestisiya və texniki proqramlar şöbəsinin müdiri Ruslan Abduləlimov, Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin direktoru Vilayət İsmayılov, Turizm İnstitutunun rektoru Cəfər Cəfərov müsabiqənin yekun turunun bütün iştirakçılarına nazirliyin diplom və xatirə hədiyyələrini təqdim etdilər.
Lalə Azəri