Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində ulu öndərin 90 illik yubileyinə həsr olunmuş “Azərbaycan mədəniyyəti və incəsənəti Heydər Əliyevin azərbaycançılıq ideologiyasının ideya-fəlsəfi əsası kimi” adlı elmi-nəzəri konfrans keçirilib.
   
   Konfransı giriş sözü ilə açan rektor, professor Timuçin Əfəndiyev ADMİU-da keçirilən silsilə tədbirlərdən, müstəqil Azərbaycanın qurucusu Heydər Əliyevin siyasi fəaliyyətindən və mədəniyyət sahəsindəki misilsiz xidmətlərindən danışaraq deyib: “Tarix uzaqlaşdıqca biz Heydər Əliyev dühasının əzəmətini, onun şəxsiyyətinin böyüklüyünü daha aydın dərk edirik. Əslində bu qeyri-adi şəxsiyyət hər zaman bizim əhatəmizdədir. Çünki ulu öndərin layiqli davamçısı - prezidentimiz İlham Əliyev Heydər Əliyevin şah əsəri olan müstəqil Azərbaycanı məhz onun miras qoyduğu dövlətçilik prinsipləri ilə idarə edir, onun imkan tapıb həyata keçirə bilmədiyi idealları tarixə çevirir. Heydər Əliyevin miras qoyduğu sərvətlər içərisində onun zəngin nəzəri irsi xüsusi yer tutur. Onun irsi bizim milli sərvətimizdir. Bu qiymətli irsin mühüm bir hissəsini onun mədəniyyət, ədəbiyyat və incəsənətin müxtəlif növ və janrları haqqında nəzəri konsepsiyaları müəyyənləşdirir”.
   Xalq artisti, professor Eldar Quliyev çıxışında ulu öndərin mədəniyyətə qayğısından söz açıb: “Heydər Əliyev həm bir dövlət rəhbəri, həm də Azərbaycanı qəlbən sevən, öz vətəni ilə qürur duyan vətəndaş kimi xalqımızın əsrlərlə yaradıb-yaşatdığı mənəvi-əxlaqi dəyərlərə yüksək önəm verirdi”.
   Filologiya üzrə elmlər doktoru, professor Aqşin Babayev “Mədəniyyət və incəsənətimizin Heydər Əliyev zirvəsi” adlı məruzəsində ulu öndərin fenomenal yaddaşından, mədəniyyət və incəsənətimizə göstərdiyi böyük xidmətlərdən bəhs edib: “Heydər Əliyev Azərbaycanın mədəniyyət və incəsənətini hər bir azərbaycanlı üçün iftixar mənbəyi hesab edirdi. Ona görə də bu sahədə qazanılmış uğurları dünya ictimai fikrinə çatdırmaq üçün böyük səy göstərirdi. Onun ədəbiyyat və incəsənət xadimlərinə, müqtədir sənətkarlara göstərdiyi qayğı ulu öndərimizin gündəlik fəaliyyətinin ayrılmaz hissəsi idi”.
   Filologiya üzrə elmlər doktoru, professor Nizaməddin Şəmsizadə ümummilli liderin azərbaycançılıq ideologiyasından danışıb, bu məfkurənin məxəzində mədəniyyət və incəsənətin xüsusi yeri olduğunu diqqətə çatdırıb: “Ümummilli liderin dövlətçilik konsepsiyasında, milli mədəniyyət təlimində xalqın misilsiz milli-bədii sərvəti olan ədəbiyyata diqqət və qayğı önəmli yer tutur”.
   Konfransda professorlar Qərinə Kərimova, Zamik Əliyev və digər natiqlər böyük öndərin mədəniyyət konsepsiyasından söz açıblar. Çıxışlarda qeyd olunub ki, Heydər Əliyev ədəbiyyata bütöv Azərbaycan və ümumtürk kontekstində yanaşırdı.
   Mədəniyyət və incəsənət problemi onun üçün ümumdövlət işinin ayrılmaz tərkib hissəsi idi. Ulu öndərin bu sahələrə münasibəti təsadüfi olmayıb, konseptual metodoloji əsaslara malik bir nəzəriyyə idi.
   Plenar iclasdan sonra konfrans işini bölmə iclasları ilə davam etdirib, üç bölmədə 60-dan artıq məruzə dinlənilib.