Görkəmli ədib və dövlət xadiminin xatirə muzeyində əsaslı təmirdən sonra yeni ekspozisiya açıldı
   
   Mayın 18-də, Beynəlxalq Muzeylər Günündə yazıçı-dramaturq, dövlət xadimi Nəriman Nərimanovun Bakıdakı xatirə muzeyində əsaslı təmir və bədii tərtibat işlərindən sonra yeni ekspozisiyanın açılışı oldu. Ekspozisiyada N.Nərimanovun həyat və fəaliyyətinin bütün dövrləri əhatə olunub, ictimai-siyasi və dövlətçilik fəaliyyətinin işıqlandırılmasına xüsusi diqqət yetirilib.
   
   Tədbiri muzeyin direktoru Kamilə Hüseynova açaraq bildirdi ki, xalqımızın görkəmli dövlət xadimi N.Nərimanovun xatirə muzeyi ümummilli lider Heydər Əliyevin sərəncamı ilə 6 noyabr 1977-ci ildə yaradılıb. Ötən müddətdə muzeyin ekspozisiyası zənginləşib. Eksponatlar üç dildə - Azərbaycan, rus və ingilis dillərində təqdim olunur: “Muzeyə yeni eksponatlar almışıq. Elə bu günlərdə rəssam Oqtay Şıxəliyevin 1975-ci ildə çəkdiyi N.Nərimanovun portreti onun ailəsi tərəfindən muzeyə təhvil verilib. Beynəlxalq Muzeylər Günü münasibətilə muzeyimizdə “Açıq qapı” günü elan edilib, çoxlu ziyarətçilərimiz var”.
   Mərasimdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Beynəlxalq Muzeylər Günü münasibətilə iştirakçılara təbriklərini çatdırdı. Qeyd etdi ki, UNESCO-nun Beynəlxalq Muzeylər Şurasının təşəbbüsü ilə təsis edilən bu əlamətdar gün xalqlar arasında mədəni mübadilə və əməkdaşlığın inkişafına kömək şüarı ilə qeyd olunur: “Muzeylər mənəvi dəyərləri toplayan, qoruyan və təbliğ edən müəssisələrdir. Respublika muzeylərində bu baxımdan böyük iş aparılır. Bununla yanaşı, muzey işinin gücləndirilməsi, yeni muzeylərin yaradılması və onların yeni eksponatlarla zənginləşdirilməsi daim diqqət mərkəzindədir. Bu yeniləşmə ölkəmizin tarixi-mədəni irsinin, bugünkü inkişaf səviyyəsinin təqdimatı baxımından çox vacibdir. Yaxın gələcəkdə yerlərdə yeni tarix-diyarşünaslıq və ev-muzeyləri yaradılacaq. Bu layihələrin həyata keçirilməsində UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban xanım Əliyeva bizə böyük dəstək olur”.
   Nəriman Nərimanovun xatirə muzeyinin əsaslı təmirdən sonra yenilənmiş ekspozisiyalarının açılışını əlamətdar hadisə kimi dəyərləndirən nazir görülən işləri təqdir etdi: “Ekspozisiyalara baxdıqca bir anlıq da olsa, xəyalən keçmiş tariximizə qayıtdıq. Nəriman Nərimanov haqqında ötən əsrdə, elə indi də müxtəlif fikirlər mövcuddur. Ancaq hər şeydən əvvəl biz N.Nərimanovu düşünərkən, o dövrü də yada salmalıyıq. O, nə edibsə, Azərbaycanın xoşbəxt gələcəyi üçün edib. Amma sovet ideologiyası çərçivəsindən kənara çıxa bilməyib. Ona Azərbaycan haqqında düşündüklərini həyata keçirməyə imkan verməyiblər. Son anda vəzifədən uzaqlaşdırılıb. Onun siyasi və ədəbi yaradıcılıq fəaliyyəti bunu bir daha sübut edir. Azərbaycan xalqı öz tarixinə qiymət verir. N.Nərimanov kimi şəxsiyyətlərə, böyük dövlət xadimlərinə hörmətlə yanaşması xalqımızın böyüklüyüdür”.
   Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı muzeyin əməkdaşlarını təbrik edərək gözəl təmir-bərpadan sonra bu tarixi-mədəniyyət ocağının Nəriman Nərimanovun ömür yolunu dolğun əks etdirən məkana çevrildiyini vurğuladı: “Biz gərək N.Nərimanovu olduğu kimi qədirbilən Azərbaycan xalqına tanıdaq. O, əsl azərbaycanlı olub”. N.Nərimanovun gənc vaxtında böyük mesenat Hacı Zeynalabdin Tağıyev tərəfindən diqqət və qayğı gördüyünü xatırladan N.Vəlixanlı Tağıyev haqqında kitabı muzeyə hədiyyə etdi.
   AMEA-nın Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı Yaqub Mahmudov bildirdi ki, bu görkəmli şəxsiyyətin ev-muzeyinin belə gözəl tərtibatı xalqımız üçün böyük bir hədiyyədir: “Bu həm də tariximizə işıq tutmaqdır. Xalq o zaman yaşayır ki, şəxsiyyətlərini qiymətləndirir. Ancaq N.Nərimanov kimi tarixi bir şəxsiyyətimizi gənclərimiz yaxşı tanımır. Bu yolda çox işlər görməliyik. O, 1920-ci illərdə xalqımızın başına gətirilən müsibətlərə cavab olaraq V.İ.Leninə məktub yazıb. Deyib ki, siz Azərbaycanı sarkisyanların, mikoyanların əli ilə idarə etmək istəyirsiniz?! N.Nərimanov Azərbaycan xalqının düşmənləri ilə çox çətin mübarizə aparıb. Səməd bəy Mehmandarov, Əliağa Şıxlınski kimi görkəmli hərbçilərimizi mənfur ermənilərin əlindən alıb və qoruyub. Onun açıq mübarizəsi düşmənləri xoflandırır və qorxuya salır. Çox keçmir, vəzifədən uzaqlaşdırılır. Moskvaya aparılır və orada da məhv edilir. Ulu öndər Heydər Əliyevin hakimiyyəti dövründə ona layiqli qiymət verildi və şəhərimizin çox gözəl bir guşəsində möhtəşəm heykəli ucaldıldı. Nankor ermənilər o vaxt bundan çox narahat oldular. Havadarlarına - Moskvaya məktub yazdılar, xalqımızın bu görkəmli şəxsiyyətini millətçi adlandırmağa cəhd göstərdilər. Amma arzuları gözlərində qaldı. Vaxtilə yaşadığı ev indi onun xatirə muzeyidir. Bu muzeyi də ümummilli liderimiz yaradıb. Bu gün Prezident İlham Əliyev ölkəmizdə muzeylərin inkişafına, yeni muzeylərin yaradılmasına böyük diqqət göstərir. Azərbaycan qədim mədəniyyət və muzeylər ölkəsidir. Bu işdə Mədəniyyət və Turizm Nazirliyinin xidmətləri çox təqdirəlayiqdir”.
   Tədbirdən sonra mədəniyyət və turizm naziri Əbülfəs Qarayev jurnalistlərə müsahibəsində bir daha tariximizin yaşadılmasında muzeylərin roluna toxundu: “18 may Beynəlxalq Muzeylər Günü və Laçının işğal günüdür. Həyat bizə təzadlı günlər də yaşadır. Bu muzey bizə ötən yüzilliyin 20-ci illərini, 18 may isə yaxın tariximizi xatırladır. Biz tariximizi unutmamalıyıq. Burada açılan yeni ekspozisiyalar Nərimanovun yaşadığı çətin dövrü tam olaraq əks etdirir. Artıq biz sovet ideologiyasının formalaşdırdığı obrazdan kənara çıxaraq, Nərimanov kimi böyük şəxsiyyəti azərbaycanlı, ziyalı kimi təqdim edirik. Bu baxımdan belə bir muzeyin fəaliyyəti bizim üçün çox əhəmiyyətlidir”.
   
   S.Fərəcov