“Bir daha gördük ki, bölgələrdə mədəniyyətin, turizmin inkişaf səviyyəsinin artırılması hər kəsin maraq dairəsindədir”
Mayın 17-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Mingəçevir şəhərindəki Heydər Əliyev Mərkəzində Mingəçevir, Şəki, Naftalan şəhərlərindən və Zaqatala, Balakən, Qax, Ağdaş, Goranboy, Xocalı, Bərdə, Tərtər, Ağdam rayonlarından vətəndaşları qəbul etdi. Qəbulda Nazirliyin Aparat rəhbəri Firudin Qurbanov, şöbə müdirləri və məsul işçiləri iştirak edirdilər.
Qeyd edək ki, 50-dək vətəndaş əvvəlcədən Mədəniyyət və Turizm Nazirliyinin mct@mct.gov.az elektron poçt ünvanı, e-services.mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (qaynar xətt - 147) vasitəsilə nazirliyə, eləcə də rayon mədəniyyət və turizm şöbələrinə müraciət etməklə qəbula yazılmışdı.
Müraciətlər, təkliflər...
Qəbul zamanı konfrans zalında növbə gözləyən vətəndaşlarla həmsöhbət olduq. Balakən rayonunun İtitala kəndindən gəlmiş Qürbət Muradov iki məsələ ilə bağlı nazirə müraciət edəcəyini dedi: “Nazirlik klub tipli mədəniyyət müəssisələrinin, uşaq musiqi və incəsənət məktəblərinin musiqi alətləri, rəqs və səhnə geyimləri ilə təmin olunmasına köməklik göstərir. Bu sahədə dəstəyin daha da artırılması üçün cənab nazirə müraciət edəcəyəm. Digər müraciətim tarixi abidələrlə bağlıdır. Rayonumuzda III-VI əsrlərə aid alban məbədlərinin bərpasına ehtiyac var. Balakən turizm bölgəsidir. Yaxşı olardı ki, bu abidələr tezliklə bərpa olunsun və onları gələn turistlərə layiqincə təqdim edə bilək”.
Qax rayonunun Ağyazı kənd Mədəniyyət evinin metodisti Həyat Manafova isə nazirdən rayonlarda çalışan mədəniyyət işçilərinin təcrübə toplamaq üçün xarici ölkələrə festivallara, digər tədbirlərə göndərilməsini xahiş edəcəyini dedi.
Mingəçevir şəhər 16 nömrəli məktəbin müəllimi Dürdanə Mirzəyeva Əlillər Cəmiyyətinin üzvü olan xanımların əl işlərinin satış yarmarkasının təşkilinə köməklik göstərilməsi xahişi ilə qəbula gəlmişdi.
Balakən rayonunun Talalar kənd “Sənətkarlıq evi”nin direktoru Nüşabə Cəyiyeva yerlərdəki klub tipli mədəniyyət müəssisələrinin mədəniyyət mərkəzlərinə çevrilməsini müsbət qiymətləndirir: “Bu mərkəzlərin nəzdində dərnəklər yaradılır. Hesab edirəm ki, dərnək və birliklərin hansı qaydada fəaliyyət göstərməsi, klub tipli mədəniyyət müəssisələrində hansı dərnəklərin yaradılması ilə bağlı konkret tədris planı və proqramların hazırlanmasına ehtiyac var. Bu barədə fikirlərimi nazirə bildirəcəyəm”.
Ümumilikdə müraciətlər yerlərdə tarix-mədəniyyət abidələrinin bərpasına köməklik göstərilməsi, mədəniyyət müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılması, turizm-peşə və uşaq musiqi məktəblərinin açılması, muzeylərdə yeni ekspozisiyaların qurulması, mədəniyyət evlərinin, xalq teatrlarının, folklor kollektivlərinin, musiqi və incəsənət məktəblərinin musiqi alətləri, rəqs və səhnə geyimləri ilə təminatı, işlə təmin olunma, sosial problemlərin həlli və digər məsələlərlə bağlı idi. Təkliflərdə regionlarda turizmin inkişafı ilə bağlı da fikirlər səsləndi, bəzi layihələrin icrasına köməklik göstərilməsi xahiş olundu.
Bütün məsələlər nəzərdən keçiriləcək
Nazir Əbülfəs Qarayev qeyd etdi ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən vətəndaşlarla keçirilən bu görüşlər yerlərdə olan problemlərin, əhalinin şikayət və təkliflərinin öyrənilməsi, onların həlli ilə bağlı müvafiq tədbirlərin görülməsi məqsədi daşıyır. Qəbula gəlmiş hər bir vətəndaşı diqqətlə dinləyən nazir səslənən bütün məsələlərin nəzərdən keçiriləcəyini vurğuladı. Bəzi vətəndaşların sosial məsələlər, mənzil təminatına dair xahişləri ilə bağlı nazir bildirdi ki, bu müraciətlər də müvafiq qurumlara təqdim ediləcək və diqqətdə saxlanılacaq. Görüşdə bir sıra məsələlərin həlli üçün konkret tapşırıqlar verildi.
* * *
Sonda jurnalistlərə açıqlama verən nazir vətəndaşların müxtəlif mövzu və sahələri əhatə edən xahiş, şikayət və təkliflərinin həlli üçün müvafiq addımların atılacağını dedi. Yerlərdə mədəniyyət siyasətinin uğurla həyata keçirildiyini və əhali ilə birbaşa təmasın əhəmiyyətini vurğulayan Əbülfəs Qarayev müraciətlərdə dəyərli fikirlərin səsləndirildiyini qeyd etdi: “Biz bir daha gördük ki, bölgələrdə mədəniyyətin, turizmin inkişaf səviyyəsinin artırılması hər kəsin maraq dairəsindədir. Səslənən fikirlər arasında bizi çox ciddi düşünməyə vadar edən mövzular var. Tarixi abidələrin bərpası, konservasiyası, gələcək aqibəti, qorunması, onların təqdimatı və s. məsələlərlə bağlı təkliflər edildi. Yerlərdən gələn fikirlər, təkliflər bizə bu məsələyə yenidən baxmağa, təhlil etməyə əsas verir. Görüş zamanı müşahidə etdim ki, bölgələrdə aparılan islahatlar insanları qane edir. Ümumi ab-hava onu göstərdi ki, regionların inkişafı üçün ölkə rəhbərliyi tərəfindən görülən işlər müsbət qarşılanır. Ortaya çıxan məsələlərin də həlli üçün tədbirlər görülür. Hesab edirəm ki, ölkə başçısının tapşırığı əsasında hökumət nümayəndələrinin yerlərdə bu cür görüşlər keçirməsi yaxşı təcrübədir və bu, ümumi işimizə müsbət təsir edəcək”.
Xatırladaq ki, ötən ay mədəniyyət və turizm naziri Saatlıda ətraf bölgələrin əhalisini qəbul etmişdi. Vətəndaşlarla görüşlər növbəti aylarda da davam edəcək.
Ceyhun Zərbəliyev