Beynəlxalq Muzeylər Günü münasibətilə təşkil olunan aksiya paytaxt sakinləri və qonaqlarda zəngin təəssürat yaratdı
   
   Mayın 18-də Bakının Filarmoniya bağında qələbəlik idi. Tez-tez mədəniyyət tədbirlərinə, kitab bayramlarına, musiqi axşamlarına məkan olan bağda bu dəfə Beynəlxalq Muzeylər Günü münasibətilə izdiham yaşanırdı.
   
   1977-ci ildə UNESCO yanında Beynəlxalq Muzey Şurasının (ICOM) qərarı ilə təsis edilən əlamətdar günün məqsədi dünyanın tarixi-mədəni irsinin qorunmasında muzeylərin rolunu bir daha diqqətə çatdırmaq, bu istiqamətdə beynəlxalq mədəni ictimaiyyətin səylərini birləşdirməkdir. 2001-ci ildən Fransanın Mədəniyyət və Kommunikasiya Nazirliyinin təşəbbüsü ilə bu gün “Muzeylər baharı” (“Muzeylər gecəsi”) aksiyası ilə qeyd olunur. Azərbaycan da 2002-ci ildən bu aksiyaya qoşulub.
   Filarmoniya bağında paytaxtımızın müxtəlif muzeylərinin səyyar ekspozisiyalarını, muzey işçilərini, tarixi-mədəni irsimizə biganə olmayan şəhər sakinlərini, qonaqları bir araya gətirən tədbir rəngli görüntülərlə, maraqlı təqdimatlarla yadda qaldı. 18 mayın şənbə gününə təsadüf etməsi tədbirə gələnlərin sayını daha da artırmışdı. Mədəniyyət və Turizm Nazirliyinin əmri ilə əlamətdar gün münasibətilə ölkənin bütün muzeylərində “açıq qapı” günü (sərbəst giriş) elan edilmiş, muzeylərə baş çəkə bilməyənlər üçün Filarmoniya bağında gözəl fürsət yaradılmışdı. Mədəniyyət və Turizm Nazirliyi, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi, Beynəlxalq Muzeylər Şurasının (İCOM) Azərbaycan Milli Komitəsi və Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin birgə təşkilatçılığı ilə reallaşan “Muzeylər gecəsi”ndə biz də iştirak etdik.
   
   Tarixi-mədəni irsimizlə bir daha tanış olaq
   
   Saat 18-ə nəzərdə tutulan tədbir başlamamışdan müxtəlif muzeylərdən olan eksponatlar stendlərdə öz yerlərini tutmuşdu. Xüsusilə balacaların və xarici qonaqların maraq göstərdiyi tədbirdə qrup halında gələn məktəblilərə, tələbələrə, gənc ailələrə və təqaüdçülərə də rast gəlmək olardı. “Muzeylər gecəsi”ni canlı muğam ifası və musiqi müşayiət edirdi.
   Bağda paytaxtın əksər muzeylərindən nümunələr nümayiş olunurdu. Milli İncəsənət Muzeyi, Cəfər Cabbarlı adına Dövlət Teatr Muzeyi, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi ilə yanaşı, görkəmli ədəbiyyat və incəsənət xadimlərinin - Cəlil Məmmədquluzadənin, Səməd Vurğunun, Üzeyir Hacıbəylinin, Bülbülün, Leopold və Mstislav Rostropoviçlərin ev-muzeylərinin eksponatlarını bir arada görmək çox maraqlı idi.
   Xalça Muzeyi stendinin qarşısında xüsusilə çox ziyarətçi vardı. Burada qədim xalça eskizləri, kiçik ölçülü xalçalar, kilim və palazlar nümayiş etdirilirdi. Kiçik monitorda da xalça nümunələri nümayiş olunurdu. Milli geyimdə gənc xanım xalçalarla daha yaxından tanış olmaq istəyənlərə toxuma qaydalarını öyrədir və nümayiş etdirirdi.
   
   Qiymətli fotoşəkillər, dəyərli əlyazmalar...
   
   Diqqətimizi cəlb edən digər stendlərə də yaxınlaşdıq. Milli İncəsənət Muzeyinin stendində Azərbaycan rəssamlarının əsərlərindən ibarət kataloqlar təqdim olunurdu. Muzeyin bələdçilərindən Aytən xanım bu sənət məbədinin qiymətli ekspozisiyası ilə daha yaxından tanış olmaq istəyənləri muzeyə dəvət edirdi: “İncəsənət Muzeyində çox qiymətli sənət əsərləri, əsrlərlə yaşı olan nadir nümunələr saxlanılır. Bu üzdən onları açıq havada nümayişə çıxarmaq mümkün deyil. Ancaq arzu edənlər muzeyimizə gedib ekspozisiyalarla orada tanış ola bilərlər”.
   Cəfər Cabbarlı adına Dövlət Teatr Muzeyinin stendində teatr tariximizin dəyərli nümunələrinin fotoşəkilləri sərgilənirdi. Bələdçilər muzeydə xüsusi şəraitdə qorunan nümunələrin açıq havada nümayişinin eksponatlar üçün zərərli ola biləcəyini qeyd edərək teatr tariximizlə maraqlananları bu sənət ocağında məmnuniyyətlə qarşılayacaqlarını bildirdilər.
   Unudulmaz dahi şəxsiyyətlərimizin mənzil-muzeyləri isə tədbirə, az da olsa, orijinal eksponatlar gətirmişdilər. Ədiblərimizin kəşməkəşli həyat və yaradıcılıq yolunu əks etdirən fotoşəkillər, əlyazmalar, müəllifi olduqları kitablar, əsərlərindəki qəhrəmanların maketləri nümayiş etdirilirdi. Bülbülün Şuşada erməni gülləsinə tuş gəlmiş büstünün fotoşəkilləri də tədbirdə diqqətçəkən nümunələrdən idi.
   Bakı Milli Geyim Evinin “Gözəllik ondur, doqquzu dondur” mövzusunda milli geyimləri də maraqla qarşılandı.
   “Muzeylər gecəsi”ndə maraqlı məqamlardan biri isə Tofiq İsmayılov adına Uşaq-Gənclər Yaradıcılıq Sarayının “Uşaq dünyası” qalereyasının balaca rəssamlarının göstərdiyi canfəşanlıq idi. Beynəlxalq Muzeylər Günündə onlar da öz əl işlərini nümayişə çıxarmışdılar.
   
   “Qədim tarixə malik olduğumuzu sübut etmək üçün...”
   
   Zəngin muzey nümunələrini izləyənlərin məmnunluğu üzlərindən oxunurdu. Orta məktəbdə ədəbiyyat fənnindən dərs deyən Süleyman Hadıyev Bakıda da belə bir ənənənin təməlinin qoyulmasına sevindiyini bildirdi. Deyir ki, hər addımında bir tarixi nümunə ilə qarşılaşmaq insana zövq verir: “Şəhərimizə gələn xarici qonaqlara nə qədər qədim bir tarixə malik olduğumuzu sübut etmək üçün belə tədbirləri tez-tez keçirməliyik. Qoy hər kəs bilsin ki, Bakı həm tarixi, həm də muzeylər şəhəridir”.
   Həmsöhbət olduğumuz bir qrup gənc isə tədbirə Xırdalandan gəldiklərini bildirdi. Onlar həmin gün şəhərin mərkəzində yerləşən əksər muzeyə baş çəkdiklərini dedilər.
   Muzeylər gecəsində tanış olduğumuz Şəfiqə Əliyeva isə uzun illərdir mühacirətdə yaşayan soydaşımızdır. O, 70 ildən sonra ilk dəfə Bakıya gəldiyini deyir. Ailəsi ilə birgə Londonda yaşayan Şəfiqə xanım sonuncu dəfə 4 yaşı olanda Bakıda olduğunu bildirdi: “İllər sonra yenidən Bakıda olmaq mənim üçün xoşdur. Fürsətdən istifadə edib bu gün bütün muzeylərdə olub, uşaqlığımı az da olsa xatırlamışam. Bakı nə qədər müasirləşsə də, özündə qədimliyi qoruyan şəhərdir. Muzeylərinin sayı, belə gözəl tədbirlərə həssaslıqla yanaşması da bunu sübut edir”.
   
   Muzeylərdə qələbəlik
   
   Əlamətdar gün münasibətilə muzeylərdə “açıq qapı” gününün elan edilməsi vətəndaşların da ürəyincə olmuşdu. Şəhər mərkəzinə yaxın yerdə yerləşən muzeylərdəki qələbəlik bunu deməyə əsas verirdi. Baş çəkdiyimiz bir çox muzey və tarixi məkanlarda çoxlu ziyarətçi vardı.
   Şirvanşahlar Sarayına gələnlər isə daha çox idi. Bakının müxtəlif rayonları ilə yanaşı, Sumqayıt şəhərinin məktəbliləri də buraya axın etmişdi. Sarayın xanım bələdçisi səhər açılandan gələnlərin ard-arasının kəsilmədiyini dedi: “Tələbələr, məktəblilər çox gəlirlər. Gələnlər arasında turistlərin də sayı çoxdur”.
   Abdulla Şaiqin mənzil-muzeyinin də qonaqları çox oldu. Həmin gün üçün nəzərdə tutulan kukla tamaşası gələnlərin çox olması səbəbindən bir neçə dəfə təkrar olaraq nümayiş etdirildi.
   İstiqlaliyyət küçəsində yerləşən Hüseyn Cavidin ev-muzeyinin də qapısında ziyarətçi çoxluğundan növbə yaranmışdı. Buraya gələnlərin əksəriyyəti Mədəniyyət və İncəsənət Universitetinin tələbələri idi. Milli İncəsənət Muzeyinə də bu gün əsl ziyarətçi axını vardı.
   Qeyd edək ki, Beynəlxalq Muzeylər Şurasının tövsiyəsi ilə bu il “Muzeylər Gecəsi” “Muzeylər (yaddaş+yaradıcılıq)=sosial dəyişikliklər” devizi altında keçirilirdi. Filarmoniya bağındakı tədbir də xalqımızın zəngin yaradıcı irsini, tarixi-mədəni zənginliyini bir daha yaddaşlara yazdı.
   
   Nigar İxtiyarqızı