Qobustan Milli Tarix-Bədii Qoruğu Avropa Muzey Forumunun keçirdiyi müsabiqənin qalibləri sırasında
   
   Qobustan Milli Tarix-Bədii Qoruğu 2013-cü il üzrə “Avropada İlin Muzeyi” müsabiqəsində qalib olub. Avropanın 41 tanınmış muzeyinin iştirak etdiyi müsabiqədə Qobustan qoruğu mürəkkəb seçim mərhələlərindən keçərək xüsusi mükafata layiq görülüb.
   
   Avropa Muzey Forumu (European Museum Forum) tərəfindən keçirilən “Avropada İlin Muzeyi” müsabiqəsi (EMYA - European Museum of the Year Award) dünyada muzey işi sahəsində ən nüfuzlu və böyük tarixi olan müsabiqələrindəndir. 1977-ci ildən bəri hər il onlarla muzey bu yarışmada iştirak edərək, nailiyyətlərini və qabaqcıl təcrübəsini həmkarları arasında paylaşmaq imkanı qazanır. Müsabiqə eyni zamanda geniş ictimaiyyətin diqqətini muzeylərdə keyfiyyət səviyyəsinin artmasına və innovasiyalara cəlb etmək məqsədi güdür.
   Mövcud şərtlərə görə, müsabiqədə son iki ildə açılmış, yaxud eyni dövrdə əsaslı rekonstruksiya keçmiş, yeni bölüm yaratmış “köhnə” muzeylər iştirak edə bilər. Əsas seçim meyarları muzeyin ictimaiyyətlə sıx əlaqə qura bilməsi, muzey mövzularının və əşyaların təqdimatında yeni və eksperimental üsullardan istifadə, ümumiyyətlə, əhaliyə yüksək mədəni xidmət təqdim etməsidir.
   Qobustan Milli Tarix-Bədii Qoruğunun yeni muzeyi 2011-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə açılmışdır. Muzey “tarixin təqdim olunmasında və qabaqcıl texnologiyaların istifadəsində yeni yanaşma vasitəsilə regional, milli və beynəlxalq səviyyədə ictimaiyyətin maarifləndirilməsində ibtidai dövrün incəsənətinə marağın və biliyin artırılmasına görə” “Avropada İlin Muzeyi” müsabiqəsinin xüsusi mükafatı ilə təltif edilib.
   Artıq illərlə təsdiq edilmiş faktdır ki, bu nüfuzlu müsabiqədə uğur qazanan muzeylərə ziyarətçi axını xeyli artır. Məsələn, bu il EMYA-nın təqdimat mərasiminə ev sahibliyi edən Belçikanın Tongeren şəhərindəki Qallo-Roman arxeoloji muzeyi 2011-ci ilin əsas mükafatını aldıqdan sonra onu ziyarət edənlərin sayı ildə 150 minə (bu, kiçik əyalət şəhərinin əhalisindən üç dəfə çoxdur) çatıb.
   Qısa zamanda ölkəmizdə və onun hüdudlarından kənarda tanınan Qobustan muzeyinin də EMYA-nın münsiflər heyəti tərəfindən mükafata layiq görülməsi onun dünyada daha geniş tanıdılmasına töhfə olacaq.