Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin II Dünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak edən Türkiyə Böyük Millət Məclisinin sədr müavini Mehmet Sağlam ilə görüşündə iki ölkə arasında münasibətlərin bütün sahələrdə uğurla inkişaf etdiyi vurğulandı.
Ölkələrimiz arasında çox səmimi, dost və qardaş münasibətlərdən söz açan nazir bu səmimiyyətin mədəniyyət sahəsində ikitərəfli əlaqələrdə də özünü göstərdiyini dedi: “Türkiyə ilə Azərbaycanın mədəni əlaqələri həmişə möhkəm olub. Bizim xalqlarımız arasında münasibətlər etibarlı təməl üzərində qurulub. Daima bir-birimizə kömək olmuşuq və bu həmişə də belə olacaq».
Türkiyəli qonaq belə bir mötəbər beynəlxalq tədbirdə iştirakdan məmnun olduğunu bildirdi və dəvətə görə Azərbaycan tərəfinə təşəkkür etdi. Mehmet Sağlam paytaxt Bakı və Azərbaycanın bugünkü inkişafı haqqında yüksək təəssüratlarını da dilə gətirdi. Ötən il ölkəmizdə olduğunu deyən qonaq bu bir il ərzində Bakıda nəzərəçarpacaq dərəcədə inkişaf olduğunu söylədi: «Mənim bildiyim qədəri ilə bu inkişaf təkcə Bakıda deyil, eyni zamanda Azərbaycanın bütün bölgələrində davam edir. Biz bundan böyük məmnunluq hissi keçiririk. Dost və qardaş Azərbaycanın uğurları bizi hər zaman sevindirir. İstərdik ki, Türkiyənin yanında daima Azərbaycan kimi inkişaf etmiş, modern bir qardaş ölkə olsun».
Görüşdə iki ölkə arasında mədəniyyət, təhsil və digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyi bir daha qeyd olundu.
F.Abdullayeva