Mayın 30-da II Dünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində “JW Marriott Absheron” hotelində “XXI əsr üçün mədəniyyətlərarası bacarıqların qurulması” mövzusunda işçi sessiya keçirildi.
   
   Tədbiri UNESCO-nun Sülh Mədəniyyəti və Zorakılıq Əleyhinə Platformunun direktoru və əlaqələndiricisi Katerina Stenou açaraq bu mövzunun istər siyasi, istərsə də mədəni baxımdan mürəkkəb olduğunu bildirdi. Xanım Stenou tarixən ilk müharibələrin başladığı gündən insanların birgəyaşayış üçün sülh yolu aradığını qeyd etdi. Mədəniyyətlərarası bacarıqların qurulmasında incə siyasətdən - elm, təhsil və mədəniyyətdən bəhrələnməyin ən doğru yol olduğunu deyən məruzəçi XXI əsrdə kommunikasiya vasitələrinin köməyi ilə bu bacarıqların mübadiləsinin daha asan olduğunu vurğuladı: “Təhsil bizim üçün maraqlı bir binadır. Cəmiyyət bu strukturun - təməlin üzərində dayanır. UNESCO-nun məqsədi təhsildə, mədəniyyətdə, tarixi dəyərlərdə müxtəlifliyi, fərqli düşüncəni nəzərə alaraq mədəniyyətlərarası bacarıqları bir araya gətirmək, bir-birinə ötürmək, transformasiya etməkdir. Mədəniyyətlərarası bacarıqların qurulmasında hər xalqın, hər şəxsin öz payı var. Hər hansı bir kitab başqa dilə tərcümə olunursa, onun sayəsində bir xalqın özünəməxsus mədəniyyəti, xüsusiyyətləri, dəyərləri başqa bir xalqa ötürülür. Mədəniyyətin müxtəlifliyi xalqlar arasında körpü rolunu oynayır. Bu bağlar nə qədər möhkəm olarsa, münasibətlər də bir o qədər şəffaf və davamlı olar”.
   “Hər bir mədəniyyət insan haqlarına hörmət bəsləyir”, - deyən xanım Stenou müxtəlif dinlərə məxsus insanların mədəniyyətlərarası dialoq vasitəsilə bir platformada birləşməsini məqsədəuyğun, yeganə yol hesab etdi və bu baxımdan Bakıda keçirilən II Dünya Mədəniyyətlərarası Dialoq Forumunu yüksək qiymətləndirdi.
   Mövzunu UNESCO-nun proqram mütəxəssisi Konstantinos Tararas davam etdirərək mədəniyyətlərarası bacarıqların qurulması işində insan haqlarının önəmli yer tutduğunu vurğuladı. Digər məruzəçilər - İnsan Hüquqlarının Tədrisi Assosiasiyasının təsisçisi və baş məsləhətçisi Felisa Linn Tibbits, UNESCO-nun məsləhətçisi Feriel Ait-Ouyahia Herlot, UNESCO-nun proqram mütəxəssisi Souria Saad Zoy, UNESCO-nun proqram mütəxəssisinin köməkçisi Amina Həmşari, İnsan Hüquqları üzrə Ərəb İnstitutunun direktoru Abdelbaset bin Həsən, UNESCO-nun Rabat nümayəndəliyinin məsləhətçisi Əhməd Zaouche mövzu ilə bağlı maraqlı çıxışlar etdilər. Bildirildi ki, mədəniyyətlərarası bacarıqların qurulmasında elm, təhsil, mədəniyyət, insan haqlarının qorunması sahəsində əməkdaşlıq və yüksək demokratik dəyərlərə keçid vacibdir.
   
   Təranə Vahid