II Dünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən növbəti işçi sessiya «Qərb-müsəlman əlaqələri: qarşıdurmadan əməkdaşlığa» mövzusuna həsr olunmuşdu.
   
   Sessiyaya moderatorluq edən BMT-nin Sivilizasiyalar Alyansının strateji inkişaf və əməkdaşlıq üzrə direktoru Jan Kristof Bas bildirdi ki, 2001-ci ilin 11 sentyabr hadisəsindən sonra və son 10 il ərzində Qərb və müsəlman dünyası arasında münasibətlər qarşılıqlı inamsızlığın, qarşıdurmanın, anlaşılmazlığın artması ilə xarakterizə olunur. Hər iki tərəfin hökumətlərinin, siyasətçilərinin, din xadimlərinin, vətəndaş cəmiyyətlərinin üzərinə gərginliyin və dözümsüzlüyün yaranma riskinin azaldılması istiqamətində konstruktiv addımlar atmaq vəzifəsi düşür.
   Bildirildi ki, həm Qərb ölkələrinin, həm də müsəlman dünyasının yeni liderlərinin digər cəmiyyətin reallıqlarını görə bilməsi üçün «İnkişaf etməkdə olan liderlər» təlim proqramının mühüm rolu var: “Bu proqram qarşılıqlı stereotiplərin dağıdılmasına əhəmiyyətli təsir edə bilər. BMT-nin Sivilizasiyalar Alyansı tərəfindən ərəb və digər müsəlman ölkələrində, Avropa və ABŞ-da fəaliyyət göstərən təşkilatların birgə əməkdaşlığı ilə hazırlanmış proqramın məqsədi Qərb və müsəlman dünyasında bir-birini yaxşı tanıyan, eləcə də qarşı tərəfin cəmiyyətini, mədəniyyətini yaxşı öyrənmiş və onlara hörmət edən, qarşılıqlı inam və gələcək əməkdaşlığı inkişaf etdirən yeni nəsil liderləri yetişdirməkdir”.
   Qeyd olundu ki, mayın 31-də Bakı Forumu çərçivəsində «İnkişaf etməkdə olan liderlər» proqramının Birinci Məzunlar Sammiti keçiriləcək. Sammit məzunlara forum iştirakçıları ilə öz təcrübələrini və səfər təəssüratlarını bölüşməyə, Qərb və müsəlman ölkələrindən olan adamlar arasında münasibətlərin genişlənməsinə, qarşıdurmadan əməkdaşlığa keçməyə imkan yaradacaq.
   Avropanın nəhəng «50 hertz» elektrik şəbəkəsi operatorunun enerji siyasəti bölməsinin rəhbəri Annika Kissler 2012-ci ildə qoşulduqları proqramın insanlar arasında qarşılıqlı anlaşmaya xidmət etməsi, müvafiq sahə üzrə təcrübə mübadiləsi baxımından əhəmiyyətini diqqətə çatdırdı.
   «Nomadies» davamlı və beynəlxalq kooperasiya üzrə müstəqil məsləhət agentliyinin həmtəsisçisi və icraçı direktoru Cedric Baecher qloballaşan dünyada belə proqramın insanlar arasında dialoqların uğurlu alınması baxımından əhəmiyyətini qeyd etdi.
   Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov müzakirə olunan mövzunun aktuallığını qeyd etdi. Onun sözlərinə görə, dinlərarası tolerantlıq və regionlararası sülh əsas məsələlərdən biridir: «Qərb islam münasibətləri bir tərəfdən geosiyasi region, digər tərəfdən, din əsasında qurulub. Bir çox təzadlı məqamlar var ki, bu məqamlar bizim üçün müəyyən problemlər yaradır. Məsələn, Türkiyənin Avropa İttifaqına daxil olmaması məsələsi. Bu, bizim əhali üçün müəyyən dini kontekstdə problem olmasını nümayiş etdirir. Azərbaycanda dinlər arasında olan münasibət, tolerantlıq bizim üçün bir həyat tərzidir. Azərbaycan və Türkiyədə olan tolerantlıq nümunəvi xarakter daşıyır. Ölkələr hər zaman belə münasibətləri yaymaq, təcrübələrini dünya ictimaiyyətinə çatdırmaq fikrindədir. Azərbaycan üçün əsas məsələ dinlərarası və regionlararası sülhdür».
   Fərhad Məmmədov bildirdi ki, dünya ölkələrinin bərabər inkişaf etməməsi bir çox məqamlarda qütbləşməyə səbəb olur. Qloballaşan dünyada heç də bütün cəmiyyətlər eyni vəziyyətdə yaşamırlar: «Münasibətlərin formalaşmasında iqtisadi amilin gücü çox olur. İqtisadi cəhətdən inkişaf etmiş ölkələrdə və inkişaf etməkdə olan ölkələrdə dinlərarası münasibətlər normal tənzimlənir. İki böyük din, sivilizasiya arasında dost münasibətlərin formalaşmasında mühüm rol oynayan iqtisadi amilin gücü çox vacibdir. Ən əsası, daim fəaliyyətdə olan platformalar olmalıdır. Hər bir kəsin müasir dövrdə dəyərlər əsasında birləşməsi təklif edilir. Bu dəyərlər dünya nizamının, digər məsələlərə görə məsuliyyətin artırılmasıdır. Hər birimiz öz cəmiyyətimizdə bu dəyəri təbliğ etməliyik. Dünyanın digər bir tərəfində baş verən hadisənin bizə təsirini düzgün qiymətləndirməli və bu məsuliyyəti bölüşməliyik».
   Mərakeşin Rabat İdarəçilik və İqtisadiyyat Məktəbinin ictimaiyyətlə əlaqələr meneceri, Aralıq Dənizi Gənclər Forumunun vitse-prezidenti Vadia ait Hamza ayrı-ayrı ölkələrdə mövzu çərçivəsində maarifləndirmənin aparılmasının əhəmiyyətini qeyd etdi və belə görüşlərin vacibliyini diqqətə çatdırdı.
   Beynəlxalq Valyuta Fondunun keçmiş iqtisadçısı, «Euronext» təşkilatının Avropa idarəetmə məsələləri üzrə icraçı direktoru Rabah Ghezali forumun keçirilməsinə görə Azərbaycan hökumətinə təşəkkür etdi. O bildirdi ki, dünya din federasiyalarından ibarət deyil. İnsanlar arasında 90 faiz oxşar, 10 faiz fərqli xüsusiyyətlər var. İnsanlar onları birləşdirən cəhətlər ətrafında cəmləşməlidir. Dünyanın dinə görə qütbləşməsinin əleyhinə olduqlarını deyən qonaq qeyd etdi ki, təcrübə mübadiləsi mədəniyyətlər haqqında geniş anlayışlar yaradır.
   «Patton Boggs» Beynəlxalq hüquq şirkətinin hüquqşünası Elizabet Ryan, Tunisdən «Fikir və qərar fəaliyyəti» qeyri-hökumət təşkilatının baş katibi Emna Ben Yedder, İordaniyada sosial demokrat baxışların daşıyıcısı olan “Azad Assambleya”nın nümayəndəsi Muaz Abudalo, «Huffington Post»un blogeri Mohsin Mohiddin çıxışlarında qoşulduqları proqramın əhəmiyyətindən danışdılar. Bu istiqamətdə Bakıda fikir mübadiləsinə imkan yaradıldığına görə Azərbaycan tərəfinə təşəkkürlərini bildirdilər.
   Sonda məruzəçilər tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırdılar.
   
   Fəxriyyə