Forumun ikinci plenar sessiyasında dəyişən dünyada mədəni hibridləşmə müzakirə edildi
   
   II Dünya Mədəniyyətlərarası Dialoq Forumunun ikinci plenar sessiyası da maraqlı mövzunu əhatə edirdi: “Qloballaşmanın yeni erası: dəyişən dünyada mədəniyyətdə hibridləşmə”.
   
   Sessiyada çıxış edən Dünya Dialoq Konsulluğunun baş direktoru, kilsə xadimi Alistair MAcdonald-Radcliff qloballaşan dünyada kimliyindən, mənsubiyyətindən asılı olmayaraq insanların bir-birilərinə hörmət ruhunda yaşamalarının vacibliyini vurğuladı: “Bu gün cəmiyyətimizdə ikili vətəndaşlığa malik insanlar, müxtəlif ənənələrə söykənərək yaşayan, müxtəlif dinlərə, mədəniyyətlərə malik xalqlar var. Onlar bir-birləri ilə qarşılıqlı anlaşma şəraitində yaşamalıdırlar. Bu forum müxtəlif dinlərin nümayəndələrini bir araya gətirir, düşündürür, problemlərin həlli yollarını axtarır. Əlbəttə ki, bu təşəbbüslər müsbət qiymətləndirilir”.
   Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy çıxışına belə bir sualla başladı: “Burada mənə sual verildi ki, belə konfranslar həqiqətən də hansısa problemi çözə bilərmi? Dostoyevski vaxtilə deyirdi ki, bütün problemlər küçədə həll olunur. Burada intellektual təbəqə toplanıb. Belə görünür ki, bizdən asılı olan bir sıra məqamlar var. Amma əslində bütün problemləri insanlar özləri həll edirlər. Kütlə həll edir. Anlaşılması üçün də mən kütləyə hörmətlə yanaşıram. Mədəniyyət təsisat olaraq elə bir məfhumdur ki, kütləni xalqa çevirir. Əslində biz diqqət yetirsək görərik ki, xalqlar arasında ciddi münaqişələr yoxdur, kütlələr arasında problemlər var. Bu gün biz kütlə əvəzinə istehlakçılarla məşğul oluruq. Xalqlar mədəni dəyərləri ön plana çəkməlidirlər, tolerantlığa, mədəni müxtəlifliyə hörmət etməlidirlər. Dünyanı olduğu kimi görməli və sevməlidirlər”.
   Sussex Universitetinin siyasi elmlər üzrə professoru Şamit Saggar da qloballaşmanın yeni erasında insanlar arasında dialoqun genişlənməsinə xidmət edən forumun əhəmiyyətinə diqqət çəkdi, tolerantlığı, birgə məsuliyyətlə anlaşmanın zəruriliyini vurğuladı.
   Digər məruzələrdə də sülh və inkişafa nail olmaq məqsədilə mədəniyyətlərarası anlaşma, mədəni müxtəliflik, mədəniyyətdə hibridləşmə, dini tolerantlıq və digər məsələlər geniş müzakirə olundu.
   
   Ceyhun Zərbəliyev