Mayın 24-də Cəfər Cabbarlının ev-muzeyində Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 95 illiyinə həsr olunmuş tədbir keçirildi. Cəfər Cabbarlının ev-muzeyi və Məmməd Səid Ordubadinin xatirə muzeyinin birgə təşkilatçılığı ilə həyata keçirilən tədbirdə alimlər, mədəniyyət işçiləri, Bakıda fəaliyyət göstərən ev-muzeylərin direktorları, məktəblilər və tələbələr iştirak etdilər.
Tədbiri Cəfər Cabbarlının ev-muzeyinin direktoru Qəmər Seyfəddinqızı açaraq iştirakçıları istiqlal bayramı münasibətilə təbrik etdi, Cəfər Cabbarlının Xalq Cümhuriyyəti dövründə ədəbi fəaliyyəti haqqında ətraflı məlumat verdi.
AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun elmi işçiləri, filologiya elmləri doktoru Məhəmmədəli Mustafayev “Demokratik Respublika və milli ədəbiyyatımız”, filologiya üzrə fəlsəfə doktoru Qürbət Mirzəzadə “C.Cabbarlının istiqlal dövrü yaradıcılığı”, M.S.Ordubadinin xatirə muzeyinin əməkdaşı Laçın Mehdixanlı “Xalq Cümhuriyyəti dönəmində mədəniyyət və incəsənət” mövzularında çıxış etdilər.
Qeyd olundu ki, böyük dramaturq Cəfər Cabbarlı qısa ömründə əsl vətəndaş, ölkəsini, türkçülüyü təbliğ edən vətənpərvər kimi tariximizdə dərin iz qoyub. Ədibin can atdığı azadlıq onun bütün yaradıcılığından aydın, ağ xətlə keçir. Onun istiqlal dövründə yaratdığı əsərlər də ən qiymətli incilərdən sayılır.
Tədbirdə Nizami rayon Uşaq və Gənclər Yaradıcılıq Mərkəzinin dram dərnəyi (bədii rəhbər Xanım İsmayılova) üzvlərinin ifasında Cəfər Cabbarlı, Nəbi Xəzri, Məmməd Araz, Hüseyn Arif və Zəlimxan Yaqubun vətənpərvərlik mövzusunda şeirləri əsasında hazırlanmış ədəbi-bədii kompozisiya təqdim olundu.
Təranə Vahid