Mayın 29-da Bakı Biznes Mərkəzində II Dünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) tərəfindən Milli Tolerantlıq Mərkəzinin təqdimat mərasimi keçirildi. Mərasimdə forumun yüksək səviyyəli qonaqları, bir sıra beynəlxalq təşkilatların rəhbərləri, dövlət və hökumət nümayəndələri, millət vəkilləri, ölkəmizdə akkreditə olmuş diplomatlar iştirak edirdilər.
İlk olaraq tədbir iştirakçılarına ölkəmizdə müxtəlif dinlərin yaranması və təşəkkülü, tarixən mövcud olmuş tolerantlıq mühitindən bəhs edən “Azərbaycan - tolerantlıq məkanı” adlı qısametrajlı film təqdim olundu.
Dinlərarası dialoqa töhfə
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov mərkəzin yaradılmasının məqsədi və gələcək fəaliyyəti barədə məlumat verdi. Bildirdi ki, Azərbaycandakı tolerantlıq mühiti dinlər arasında qarşılıqlı hörmətin hökm sürdüyünü göstərir: “Mərkəzin əsas məqsədi milli və beynəlxalq səviyyədə tolerantlığın inkişaf etdirilməsidir. İş prosesində dini icmalara dəstək veriləcək, dinlər arasında körpü ola biləcək layihələr icra olunacaq, müxtəlif mədəni layihələr dəstəklənəcək. Gənclərin potensialından da yararlanmağın faydalı ola biləcəyini düşünürük. Beynəlxalq təcrübədən, mədəniyyət və incəsənət faktorundan istifadə etməklə yeni yaradıcı ideyalara diqqət artırılacaq. Azərbaycanda mövcud olan tolerantlıq mühiti digər ölkələr üçün müsbət nümunədir. Mərkəz nəinki ölkə daxilində, həm də qlobal səviyyədə dinlərarası dialoqun qurulmasında rol oynayacaq”.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev iştirakçıları salamlayaraq Azərbaycan paytaxtının müxtəlif mədəniyyətlər, dinlər arasında körpü ola biləcək növbəti mötəbər tədbirə ev sahibliyi etdiyini vurğuladı: “Forumun təşkilində məqsədimiz dünya xalqlarını bir-birinə hörmət etməyə, anlamağa çağırmaqdır. Böyük fəxr hissi ilə deyə bilərik ki, 5 qitədən 96 ölkənin nümayəndələri bu tədbirdə iştirak edir. Forum çərçivəsində müxtəlif mövzularda işçi sessiyalar, təqdimatlar, müzakirələr keçiriləcək. Mən sizlərin hər birini bu forumda fəal olmağa çağırıram”.
Mədəniyyətin dinlərarası dialoqda mühüm amil olduğuna diqqət çəkən nazir Milli Tolerantlıq Mərkəzinin yaradılmasını əlamətdar hadisə adlandırdı: “Belə bir mərkəzin yaradılması çox müsbət təşəbbüsdür və xoş niyyətdən xəbər verir. Bu təqdimatın Azərbaycanda keçirilməsi də təsadüfi deyil. Çünki ölkəmiz tarixən tolerantlığa önəm verib, müxtəlif dinlər arasında qarşılıqlı hörmətə nail olub. İnanıram ki, mərkəzin fəaliyyəti də dinlər və mədəniyyətlərarası dialoqa əvəzsiz töhfə verəcək”.
Tolerantlıq müxtəlifliyə hörmətdir
Tədbirdə çıxış edən BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Nasir Əbdüləziz əl-Naser bildirdi ki, bu təşəbbüs Azərbaycanda dinlərarası münasibətlərin daha da möhkəmlənməsində mühüm rol oynayacaq: “Bu gün dünyanın müxtəlif ölkələrində silahlı münaqişələr var. Bunun əsas səbəbi isə tolerantlığın olmaması, dini və mədəni müxtəlifliyə qarşı dözümsüzlükdür. Yeganə həll yolu isə ortaq səylə tolerantlığı inkişaf etdirmək, birgə yaşamaq ideyasını təbliğ etməkdir. Tolerantlıq müxtəlifliyə hörmətdir, fərqli rəy və davranışları qəbul edə bilmək qabiliyyətidir”.
Qonaq mədəniyyət və din amilinin münaqişələrin həllində əhəmiyyətli vasitə ola biləcəyini xüsusi vurğuladı: “Bütün yaş qrupları, xalqlar, millətlər, icmalar arasında dözümlülük aşılanmalıdır. İnsanları qeyri-tolerantlığın təhlükələri barədə xəbərdar etmək lazımdır. Təhsil və maarifləndirmənin bu prosesdə xüsusi əhəmiyyəti var. Tolerantlığın Azərbaycan modeli artıq mövcuddur. Bu mərkəzi yaratmaqla siz bir daha sübut etdiniz ki, ölkənizdə tolerant cəmiyyət var. BMT-nin Sivilizasiyalar Alyansı müxtəlif mədəniyyətlər arasında daha sıx əlaqələrin yaradılmasına çalışır. Bu iş dörd əsas sahə - təhsil, gənclik, media və miqrasiya üzrə aparılır. Etiraf edək ki, qeyri-tolerantlıq bəzən siyasilər tərəfindən qəsdən həyata keçirilir. Buna görə də birgə təşəbbüslərə, ortaq fəaliyyətə ehtiyac var. İnsanlar dərk etməlidir ki, dünyanın gözəlliyi onun müxtəlifliyindədir”.
Mərkəz ortaq dəyərləri ehtiva edir
İSESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tüveycri çıxışında ölkəmizdə belə bir mərkəzin yaradılmasını “vaxtında atılmış addım” adlandırdı: “Mən dəfələrlə Azərbaycanda olmuşam, mədəni və dini dözümlülük bütün dünya üçün örnək bir modeldir. Milli Tolerantlıq Mərkəzi hamımızın bölüşdüyü ortaq dəyəri ehtiva edir. Bu isə bizim birgə əməkdaşlığımızı gücləndirir. Belə bir mərkəzi yaratmaqla gözəl bir missiyanı həyata keçirmiş oluruq. İSESCO mərkəzlə əməkdaşlıq edəcək, bu sahədə öz köməyini əsirgəməyəcək”.
Sonra UNESCO-nun baş direktoru İrina Bokovanın təbrik məktubu oxundu. Məktubda mərkəzin dinlərarası və mədəniyyətlərarası dialoqa töhfə verəcəyi ifadə olunurdu.
Digər çıxışçılar da mərkəzin fəaliyyətində uğurlar arzuladılar. Bildirildi ki, qurum beynəlxalq təcrübədən yararlanaraq tədricən instituta da çevrilə bilər.
İlk təqdimatlar maraqla qarşılandı
Çıxışlardan sonra mərkəzin “Azərbaycan - tolerantlıq məkanı” adlı ilk layihəsi təqdim olundu. Dünya şöhrətli azərbaycanlı fotoqraf Reza Deqatinin lentə aldığı fotolarda ölkəmizin dini və tarixi abidələri, tolerantlıq mühitini əks etdirən görüntülər yer alıb. “Mən dünyanın əksər dövlətlərində olmuşam, ancaq heç bir ölkədə Azərbaycanda olduğu qədər tolerantlıq görməmişəm”, - deyə müəllif təəssüratını ifadə etdi. Tədbirdə “Hörmət naminə birləş” adlı layihənin də təqdimatı keçirildi.
Sonda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin İSESCO və BMT-nin Azərbaycan nümayəndəliyi ilə əməkdaşlığına dair memorandumlar imzalandı.
Ceyhun Zərbəliyev