“Azərbaycan İncəsənət Festivalı” çərçivəsində regionlarda səyyar sərgi və ustad dərsləri keçiriləcək
   
   Mədəniyyət və Turizm Nazirliyinin və Bakı Yaradıcılıq Mərkəzinin (“Baku Creative Center”) təşkilatçılığı, “Nar-Mobile”-nin baş sponsorluğu, Bakı Biznes Mərkəzinin sponsorluğu ilə "Azərbaycan İncəsənət Festivalı-2013" adlı sərgilərə start verilib.
   
   İyunun 4-də Bakı Biznes Mərkəzində festivalla bağlı mətbuat konfransı keçirildi.
   Mətbuat konfransında festival barədə məlumat verən “Baku Creative Center”in direktoru Emin Yasinov bildirdi ki, başlıca məqsəd Azərbaycan mədəniyyət və incəsənətinin ölkə hüdudlarından kənarda da təbliği, təbliğatın PR strategiyasının hazırlanması, kreativ ideyaların reallaşdırılması və yaradıcı gənclərin inkişafına yardım etməkdir: “Festival paytaxtla yanaşı, regionlarda yerləşən qalereyaları da əhatə edəcək. Əsas məqsədimiz səyyar sərgilər və ustad dərsləri sayəsində ölkənin digər şəhər və rayonlarında sadə insanların incəsənətə dair bilik və marağını artırmaq, yaradıcı potensialı olan gəncləri dəstəkləyib üzə çıxarmaq, onlara stimul verməkdir”.
   Mədəniyyət və Turizm Nazirliyi İncəsənət şöbəsinin Təsviri və dekorativ sənət sektorunun müdiri Qalib Qasımov festivaldan gözləntilərin çox olduğunu vurğuladı. Qeyd olundu ki, nazirliyin "Paytaxtdan bölgələrə" layihəsinin 4-cü mərhələsi olaraq təşkil edilən sərgilər respublikanın bölgələrində fəaliyyət göstərən dövlət rəsm qalereyalarının fəaliyyətində səmərəliliyi artırmaq, bölgələrdə mədəni mühiti zənginləşdirmək, Azərbaycan rəssamlarının irsini təbliğ etmək, gənc nəslin yaradıcılıq ideyalarını reallaşdırmaq məqsədi daşıyır.
   * * *
   İyunun 4-də “Baku Creative Center”də "Azərbaycan İncəsənət Festivalı-2013"ün açılışına həsr olunmuş sərgi keçirildi. Mərasimdə bildirildi ki, sərgidə təqdim edilən əsərlər turne müddətində regionlarda da nümayiş olunacaq.
   Festival çərçivəsində Sumqayıt, Salyan, Saatlı, Şirvan, Kürdəmir, Mingəçevir, Şəki, Qax, İsmayıllı və Xaçmazda səyyar sərgilər və ustad dərsləri təşkil olunacaq.
   Festival iyulun 10-dək davam edəcək və layihənin yekunu olaraq Bakıda yenidən sərgi təşkil olunacaq.
   Sonra layihənin açılması münasibətilə hazırlanmış və plastik rəqslə tematik səhnəciyi sintez edən performans təqdim edildi. Sərgidə Novruz Məmmədov, Məmməd Rəşidov, Erkin Ələkbərli, Fərəc Rəhmanov, Gülnarə Əlixanova, Bəhruz Kəngərli, Anar Hüseynzadə, Ələkbər Məmmədov, Anar İsmayılzadə, Lalə Ağayeva, Mehriban Əfəndi, Günel Ravilova, Aytən Şirzadova, Pərnisə Əsgərova, Aysel Əmirovanın rəngkarlıq, qrafika və heykəltəraşlıq əsərləri nümayiş olunur.
   Festivalın kuratoru Fərəh Ələkbərli, rəsmi informasiya tərəfdaşları Mədəniyyət TV, "Mədəniyyət" qəzeti, Araz FM və "Trend" agentliyidir.
   
   Nigar