Forumun beşinci işçi sessiyası “XXI əsrdə müxtəliflik üçün urbanizasiya siyasəti: mədəniyyətlərarası şəhər paradiqması” mövzusuna həsr olunmuşdu.
   
   Sessiyada əvvəlcə Avropa Şurasının şəhərlərə kömək məqsədilə həyata keçirdiyi “Mədəniyyətlərarası şəhərlər” (ICC) proqramı barədə məlumat verildi. Avropa Şurasının nümayəndəsi Cristina Bağlai bildirdi ki, 2008-ci ildən icrasına başlanılan proqram Avropanın 60-a yaxın şəhərində qəbul edilib. Layihəyə ABŞ və Yaponiya şəhərləri də qoşulub. “Mədəniyyətlərarası şəhərlər” proqramı üzrə hazırda 5 milli şəbəkə fəaliyyət göstərir.
   Proqramın İspaniyadan olan eksperti Daniel de Torres Barderi şəhərlərdə mədəniyyətlərarası siyasətin düzgün qurulmasında qeyri-hökumət təşkilatları və sıravi vətəndaşların rolunu vurğuladı. Qeyd etdi ki, şəhərlərdə əhalinin artması cəmiyyətdə sürətli təşkilatlanma, əmək bölgüsü və ixtisaslaşma yaratmaqla, insanların davranış və münasibətlərində şəhərə xas olan dəyişikliklərə yol açır. Urbanizasiya prosesi nəticəsində torpaq çatışmazlığı və işsizlik yaranır. Bununla yanaşı, urbanizasiya kənd və şəhər arasındakı gəlir müxtəlifliyini aradan qaldırır, daha yaxşı və mütərəqqi təhsil, iş və nəqliyyat imkanları yaradır. Bu baxımdan mədəniyyətlərarası siyasət elə aparılmalıdır ki, insanlar bir şəhərdən başqasına köçərkən problemlərlə üzləşməsinlər, yeni yaşayış yerinə uyğunlaşa bilsinlər.
   Sonra sessiyadaxili qruplarda əhalinin kəndlərdən şəhərlərə axını zamanı, o cümlədən bir şəhərdən başqasına köçəndə qarşıya çıxan problemlər və onların həlli yolları ilə bağlı müzakirələr aparıldı.
   Birinci qrupda urbanizasiya prosesi nəticəsində müxtəlif mədəniyyətləri təmsil edən insanların birlikdə yaşamaları, mətbəxləri, təmas qurmaları zamanı ortaya çıxan problemlər müzakirə edildi. Müzakirələrin nəticəsi olaraq italiyalı ekspert Bruno Cianco problemin həlli üçün şəhərlərdə mədəniyyət və kulinariya festivallarının keçirilməsini vacib saydığını bildirdi.
   İkinci qrupda isə əhalinin kəndlərdən şəhərlərə axını zamanı yaranan problemlərdən bəhs olundu. Qeyd edildi ki, Ermənistanın Azərbaycana təcavüzü nəticəsində Bakı şəhəri də bu problemlə üzləşib. Torpaqlarının 20 faizi erməni silahlı qüvvələri tərəfindən işğal edilən Azərbaycanın qaçqın və məcburi köçkünlərinin əksəriyyəti paytaxt Bakıda məskunlaşıb. Bu problemin həlli üçün şəhər rəhbərliyinin üzərinə böyük vəzifələr düşdüyü diqqətə çatdırıldı.
   İsveçrəli ekspert Oliver Freeman bildirdi ki, belə bir şəraitdə gənclərin də qüvvəsindən istifadə olunmalıdır. Çünki gənclər yaşlılara nisbətən yeni mühitə daha tez alışa bilirlər.
   
   Təranə Vahid