Forumun “Mədəniyyətlərarası dialoq: etiqad və elm” mövzusunda səkkizinci işçi sessiyası Fransanın Lion Universitetinin əməkdaşı, astrofizik Bruno Abd-al-Haqq Guiderdoninin moderatorluğu ilə gerçəkləşdi.
   
   Fransalı alim açılış nitqində XXI əsrdə bəşəriyyətin vacib problemlərindən olan etiqad və elmin inteqrasiyası kimi mühüm məsələnin gündəmə gətirilməsini təqdirəlayiq hal kimi qiymətləndirdi: “Etiqad və elm iki əsas qüvvədir. Hazırkı dünyada bunlar aparıcı və həlledici rol oynayır. Dünyanın hər yerində elm və etiqad arasında bir münaqişə yer alır. XXI əsrdə etiqad və elm arasında dialoq labüddür. Bu iki aparıcı qüvvə bir-birinə inteqrasiya etməlidir. Bugünkü zəmanədə etiqadla elm sahələrinin bir arada olması üçün biz mədəniyyətlərarası dialoqda elm xadimləri ilə ilahiyyatçıları bir araya gətirib iki məfhum arasındakı məsafəni azaltmalıyıq”.
   Qeyd olundu ki, ekoloji problemlərin dərinləşdiyi bir dövrdə insanlara elmin və etiqadın birgə dəstəyi lazımdır ki, bəşəriyyətin taleyi uğurlu olsun: “Allah insanı yaratdı, insan da Allahın yaratdığı bağı nizamlı və səliqəli şəkildə qoruyub saxlamalı, onu becərməli idi. Amma günah, o əbədi günah imkan vermədi”.
   Sessiyada çıxış edən İSESCO-nun baş katibi Əbdüləziz bin Osman əl-Tüveycri etiqad və elm arasında bütün dövrlərdə uyğunluğun mövcud olduğunu bildirdi: “Bəziləri etiqadı tamamilə rədd edir və düşünürlər ki, etiqadın elmlə heç bir əlaqəsi yoxdur. Digər tərəfdən, belə deyənlər də var ki, etiqad elmdən daha üstündür, elm üzərində idarəçiliyə malik olan bir məfhumdur. Biz burada ortaq məxrəci tapmalıyıq”.
   İSESCO-nun baş katibi bildirdi ki, İslam dinində etiqad və elm ayrılmazdır.
   İslam dinində göstərilən faktların bir çoxunun elm tərəfindən artıq sübuta yetirildiyini qeyd edən Osman əl-Tüveycri bu iki anlayışdan birinə üstünlük verərək digərinə qarşı haqsızlığın yolverilməz olduğunu vurğuladı.
   Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İsgəndərov etiqad və elmin bütövlüyündən danışdı: “Müasir dünyada etiqadla bilik, din və elm arasında üç yanaşma mövcuddur: siyasi, elmi və ilahi. Bəzi alimlər onların tamamilə fərqli anlayış olduğunu iddia etsələr də, aparılan araşdırmalar etiqad və elmin bir çox sahələrdə üst-üstə düşdüyünü göstərir. Müasir dövrdə Qərb alimlərinin əldə etdikləri elmi biliklərin əsası hələ uzun əsrlər bundan əvvəl Bağdad, Qahirə və Dəməşq kimi müsəlman şəhərlərində qoyulmuşdur”.
   İtaliyanın Şərqşünaslıq İnstitutunun prezidenti Klaudio La Jacono, Fransanın Paris Universitetinin əməkdaşları İnes Safi və Nabila Aghanim, Şarja Amerika Universitetinin astrofiziki Nidhal Guessoum çıxışlarında elm və etiqad arasında əlaqəyə fizika, astronomiya və biologiya aspektlərindən yanaşdılar. Sonda iştirakçıların sualları cavablandırıldı.
   
   Təranə Vahid