Bakı Forumunun iştirakçıları Qobustanda professor Fərəc Qarayevin “Qobustan kölgələri” baletinə və "Yanardağ"da yaponiyalı ifaçı Ko Murobuşinin "Atəş" rəqsinə tamaşa ediblər
Bakıda keçirilən II Dünya Mədəniyyətlərarası Dialoq Forumunun proqramı maraqlı mədəniyyət tədbirləri ilə də zəngin idi. Mayın 31-də Forum iştirakçıları Qobustan Milli Tarix-Bədii Qoruğunda olublar. Burada açıq havada möhtəşəm musiqi layihəsi - Əməkdar incəsənət xadimi, professor, bəstəkar Fərəc Qarayevin “Qobustan kölgələri” baletinin premyerası təqdim edilib.
Azərbaycanın qədim tarixinin yadigarlarından olan məkanda, minilliklərə şahid qaya rəsmlərinin fonunda, təbii “dekorasiya”da nümayiş olunan baletin musiqisi keçmişlə bu günün sintezi baxımından çox mənalıdır. Əsərdə folklor musiqisindən yaradıcı şəkildə istifadə olunub. “Qobustan kölgələri”nin orijinal quruluşu, məşhur Britaniya xoreoqrafı Maksim Brahmana məxsusdur. Balet tamaşası alqışlarla qarşılanıb.
Forum iştirakçılarına Qobustan Milli Tarix-Bədii Qoruğu barədə də məlumat verilib. Bildirilib ki, bu tarixi məkan UNESCO-nun Dünya İrsi siyahısına daxil edilib. Qoruqda yaradılmış yeni muzey kompleksi 2013-cü il üzrə “Avropada ilin muzeyi” müsabiqəsinin qalibi olub.
* * *
Forum iştirakçıları üçün daha bir maraqlı mədəniyyət layihəsi "Yanardağ" Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunda təqdim olunub. Azərbaycanı əbədi “Odlar diyarı" kimi tanıdan bu əsrarəngiz məkanda dünya şöhrətli yaponiyalı rəqs ustası Ko Murobuşinin "Atəş" rəqsinə tamaşa ediblər. Ko Murobuşi dünya səhnələrindəki çıxışları kimi, bu dəfə də "Atəş" rəqsinin möhtəşəm nümunələrini tamaşaçılara təqdim edib.
Qeyd edək ki, butoh rəqqas Ko Murobuşinin "Atəş" rəqsinin uzun bir tarixi var. Ko Murobuşi rəqs sahəsində ilk addımlarını 1960-cı ilin sonunda Yaponiyada atıb, daha sonra özünün rəqs şirkəti olan "SEBI"ni (əksyanma) qurub.
Beynəlxalq musiqi arenasının misilsiz incisi hesab edilən dünya şöhrətli rəqqas indiyədək bir sıra mükafatların laureatı olub və çoxsaylı uğurlara imza atıb.
Ko uzun müddət zərdüştlüklə maraqlanıb, bu qədim dinin rəqəmlərinin cazibəsini öyrənməyə can atıb və bu niyyətlə Azərbaycandakı “Yanardağ”a səfər edib. Bakıda olmağından məmnunluğunu bildirən Ko Murobuşi Azərbaycanda mədəniyyət və incəsənət sahəsinə dövlət qayğısını yüksək qiymətləndirib.