Mədəniyyət günləri çərçivəsində fotosərgi açılıb
   
   İyunun 5-də Azərbaycanda Belarus Mədəniyyəti Günləri çərçivəsində paytaxtdakı “1969” qalereyasında “Belarus bu gün” mövzusunda fotosərginin açılışı oldu.
   
   Tədbirdə Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, Belarus mədəniyyət nazirinin müavini Vasili Çernik, iki ölkənin incəsənət xadimləri, sənətsevərlər iştirak edirdi.
   Sərginin açılışında çıxış edən Ədalət Vəliyev Belarus Mədəniyyəti Günləri çərçivəsində keçirilən tədbirlərdən danışdı. Qeyd etdi ki, iki ölkə arasında qarşılıqlı münasibətlər bütün sahələrdə, o cümlədən mədəniyyət sahəsində uğurla inkişaf edir.
   Tədbir iştirakçılarını salamlayan Belarus mədəniyyət nazirinin müavini Azərbaycan xalqının ünvanına xoş sözlərini çatdırdı, ölkəmizin qədim və böyük mədəniyyətə sahib olduğunu bildirdi. Bakıda belə bir tədbirin keçirilməsindən məmnunluğunu dilə gətirən Vasili Çernikin sözlərinə görə, qarşılıqlı mədəniyyət günləri iki ölkə arasında əməkdaşlığın yüksək səviyyədə olduğunu göstərir: “Mən ilk dəfədir ki, Bakıdayam. Paytaxtınız və qonaqpərvər insanlarınız məni valeh etdi. Şəhəriniz və ümumilikdə ölkəniz haqqında xoş təəssüratlarımı dilə gətirməkdən məmnunam”.
   Qonaq vurğuladı ki, Prezident İlham Əliyev və belaruslu həmkarı Aleksandr Lukaşenkonun şəxsi dostluğu sayəsində ölkələrimiz arasında əlaqələr möhkəmlənir və inkişaf edir.
   Daha sonra Belarus musiqisinin melodiyası altında sərgiyə baxış keçirildi. Ekspozisiyada iki ölkə prezidentlərinin birgə şəkilləri, Belarus xalqının həyat tərzini, mədəniyyətini, musiqisini, bu ölkənin təbiətini, turizm potensialını əks etdirən fotoşəkillər və rəsm əsərləri nümayiş olunurdu.
   
   Sadiq Musa