Xəbər verildiyi kimi, Prezident İlham Əliyevin “Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsi tədbirləri haqqında” 22 iyul 2010-cu il tarixli sərəncamına əsasən Bakıda jurnalistlər üçün yaşayış binası inşa edilib. Azərbaycan Mətbuat Şurası binada mənzillə təmin olunmaq üçün media təmsilçilərinin müəyyənləşdirilməsinə dair meyarları tərtib edərək namizədlərin seçilməsi ilə bağlı redaksiyalara müvafiq məktub göndərib.
   İyunun 5-də “Mədəniyyət” qəzeti redaksiyasının ümumi iclası keçirilib. İclasda iştirak edən Azərbaycan Mətbuat Şurasının icraçı katibi Rəhim Hüseynov qurumun idarə heyətinin 23 may 2013-cü il tarixli iclasının qərarı barədə məlumat verib. Bildirilib ki, qərara görə, Şuraya üzv olan, son 3 ildə mütəmadi olaraq yayımlanan KİV-lər (qəzet, jurnal, informasiya agentliyi və internet xəbər portalı) həmin redaksiyada 3 il fəaliyyət göstərən və ümumilikdə jurnalistika sahəsində 10 illik iş stajına malik əməkdaşı namizəd kimi irəli sürə bilərlər. Gündəlik qəzetlər və informasiya agentlikləri 3-dək, həftəlik qəzetlər, jurnallar və xəbər portalları 1 namizəd müəyyənləşdirmək hüququna malikdir. Bu meyarlara əsasən, “Mədəniyyət” qəzeti bir namizəd müəyyənləşdirməlidir.
   Qəzetin redaktoru Vüqar Əliyevin sədrliyi ilə keçən iclasda çıxış edən redaksiya əməkdaşları məsələ ilə bağlı fikirlərini bildirib, təkliflər irəli sürüblər. Baş redaktor İntiqam Hümbətov çıxışında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə mətbuat işçilərinə göstərdiyi diqqət və qayğıya görə təşəkkürünü ifadə edib. Dövlət başçısının sərəncamına əsasən jurnalistlər üçün yaşayış binasının inşa edilməsi milli mətbuatımızın yaranmasının 138-ci ildönümü ərəfəsində əlamətdar hadisə kimi yüksək qiymətləndirilib.
   Sonda səsvermə əsasında jurnalistlər üçün inşa edilmiş yaşayış binasında mənzillə təmin olunmaq üçün “Mədəniyyət” qəzeti redaksiyasının namizədi müəyyənləşdirilib, müvafiq qərar qəbul olunub. Bununla bağlı zəruri sənədlər hazırlanaraq iyunun 15-dək Azərbaycan Mətbuat Şurasına təqdim olunacaq.